“Gərgin hallarda yanlış informasiya insanları ruhdan salır”

Zeynal Məmmədli: “Media yalnız doğru və pozitiv xəbər çatdırmaqla insanlarda ruh yüksəkliyi yarada bilər”



Son günlər cəbhədə baş verən hadisələr Azərbaycan mediasında fərqli və ziddiyyətli yanaşmaların meydana çıxmasına səbəb oldu. Əksər mətbuat orqanının 3-4 günlük müharibə xəbərləri göstərdi ki, bu tip hadisələrə bir sıra media qurumları ya ümumiyyətlə hazır deyil, ya da "peşəkarlıqlarının” səviyyəsi müharibə olaylarını düzgün işıqlandırmağa imkan vermir.

Çünki cəbhədəki gərginlikdən cəmiyyətə təqdim olunan çoxlu sayda dezinformasiya və təxribat xarakterli məlumatlar, ordumuzun canlı qüvvəsinin, hərbi texnikasının hansı tərəfə hərəkət etməsi barədə xəbərlər, fotolar düşmən üçün göydəndüşmə kəşfiyyat bilgisi sayılır. Görəsən, bu arzuolunmaz və təhlükəli prosesin günahı kimdədir? Vaxtaşırı səhih məlumat verməyən Müdafiə Nazirliyində, yoxsa hərbi sirrin nə olduğunu bilməyən və reytinq xətrinə bütün peşəkarlıq prinsiplərini gözardı edən xəbər portallarında?

Xatırladaq ki, ötən gün Müdafiə Nazirliyi bəyanat yayaraq, bəzi saytlarda hərbi hissələrin nömrəsinin və ünvanının dəqiqliklə göstərilməsini hərbi sirrin qorunması baxımından yolverilməz sayıb. Bu barədə suallarımızı cavablandıran Bakı Dövlət Universitetinin professoru, media eksperti Zeynal Məmmədli mətbuatdakı dezinformasiyaların və hərbi sirlərin yayılmasında birbaşa Müdafiə Nazirliyini günahlandırsa da, jurnalistlərin üzərinə düşən həssas öhdəlikləri xatırladıb.

- Bəzi media qurumlarının hərbi sirlərin yayılması məsələsinə həssaslıqla yanaşmamasının səbəbi nədir?

- Cəmiyyətdə yanlış fikir yaratmamaq və düzgün informasiya ötürmək üçün hər dövrdə Müdafiə Nazirliyi ilə media birlikdə işləməli və ortaya birgə mövqe qoymalıdır. Xüsusən, bu cür gərgin vəziyyətlərdə şayiələrin və dezinformasiyanın qarşısını almaq üçün media ilə dövlət qurumları daha sıx əməkdaşlıq etməlidir. Müdafiə Nazirliyi şayiələrin və düşmən tərəfin yanlış məlumatının qarşısını almaq üçün vaxtaşırı məlumat verməlidir. Ancaq təəssüflər olsun ki, nazirlik ən kritik məqamda sadəcə öz saytında yarımçıq məlumat yerləşdirməklə kifayətlənir. Bu çox yanlış taktikadır. Nazirlik media ilə işləməyi bacarmır. Qurumun yanlış informasiya siyasəti jurnalistləri məlumat almaq və yaymaq məsələsində ciddi problemlə üz-üzə qoyur. Mən anlayıram ki, hərbi münaqişəni əks etdirən məlumatlar son dərəcə ölçülüb-biçilməli və bunun üçün müəyyən vaxt verilməlidir. Ancaq şayiələrə yol açacaq qədər yox. Təsəvvür edin, cəbhə bölgəsində nə baş verdiyini TRT-dən öyrənirik. Axı indiki zamanda heç nəyi gizli saxlamaq olmaz.  Ona görə də, məsələni çox ciddi şəkildə qoymalı və Müdafiə Nazirliyinin işini yenidən qurmaq üçün nələrsə etməliyik.

- Bütün günahı nazirliyin üzərinə atmaq nə dərəcədə düzgündür? Axı bəzi media qurumları "havadan-sudan” əldə etdikləri məlumatları dəqiqləşdirmədən yayırlar.

- Əslində KİV-lər rəy bildirməkdənsə, "nə baş verir” sualına cavab axtarmalıdır. Medianın öhdəliyi baş verənlər barədə sadəcə məlumat verməkdir. Təəssüflər olsun ki, bizdə bu sahədə ciddi boşluq var. Əlbəttə, bu cür gərgin hallarda yanlış informasiya insanları ruhdan salır. Media yalnız doğru və pozitiv xəbər çatdırmaqla insanlarda ruh yüksəkliyi yarada bilər. Eyni zamanda hər ağızdan bir avaz gəlir və nəticədə yersiz təşviş və həyəcan yaranır. İnsanlar nə etmək lazım olduğunu bilmirlər. Bunun qarşısını almaq isə medianın ən ümdə vəzifəsidir. Təbii ki, bu şəkildə deyil.

- Hərbi əməliyyatlar zamanı mediaya hansısa məhdudiyyət qoyula bilərmi? Yoxsa mətbuat istənilən xəbəri sərbəst yaya bilər.

- Medianın borcu doğrunu xəbərləməkdir. Jurnalistlər informasiyanı axtarmalı, araşdırmalı və yalnız həqiqəti əks etdirən xəbərləri yaymalıdır. Yəni reytinq xətrinə qeyri-dəqiq məlumatları verməməlidir. Təəssüf ki, bu gün media məkanında müxtəlif ziddiyyətli xəbərlər yer alır. Biri itkilər haqqında yanlış informasiya verir, digəri müharibənin olacağını deyir və s. Bunlara son qoymaq lazımdır. Bütün media birgə mövqe tutmalıdır. Çünki əks-informasiyalar bizim, cəmiyyətin ziyanına olur. Ümumiyyətlə, media rəy verməməlidir və yalnız təsdiqlənmiş faktları göstərməlidir. Əgər informasiyanın təsdiqini ala bilmirsə, mütləq bunu qeyd etməlidir.

- Bəzi jurnalistlərin patriotluq nümayiş etdirərək hər gün müharibə anonsu vermələrinə və insanları savaşa səsləmələrinə münasibətiniz necədir?

- Jurnalistlərin vətənpərvərlik çağırışları yolverilməzdir. Hər kəs öz işini görməlidir. Harada olmamızdan asılı olmayaraq, heç bir halda müharibə təbliğatı aparmamalıyıq. Çünki bəzən vətənpərvərlik adı altında müharibə təbliğatı aparılır. Jurnalist tərəf olmamalıdır, hərbçini əvəz etməməlidir. Konkret müharibə zamanı ola bilər, ancaq indiki şəraitdə hərbi vətənpərvərlik, təbliğat bizim işimiz deyil. Sadəcə doğru-düzgün xəbər verməyə çalışmalıyıq.

- Ümumiyyətlə, jurnalistlərimiz müharibə dövrünün ekstremal vəziyyətlərinə hazırdırmı?

- Təəssüf hissi ilə deyirəm ki, yox. Jurnalistikamız bu tip vəziyyətlərə hazır deyil. Əslində Müdafiə Nazirliyi ilə jurnalistlər arasında baş tutan görüş sevindirici hal idi. Amma bu görüşdə ortaq nəticə olmadı. Hər hansı yaddaş kitabçası hazırlanıb jurnalistlərə paylanmadı. Yəni bu bir növ sınaq oldu və bir daha gördük ki, nazirlik də köhnə işindədir, media da.

- Telekanalların şəhid xəbərlərinə vaxtında reaksiya verməməsi, şou proqramlarını təxirə salmaması da ictimaiyyət tərəfindən ciddi tənqid olundu...

- Bu iradlar gündəmi dəyişmək üçün yaradılan yalançı hay-küydür. Medianın ənənəvi səs-küyü, diqqət yayındırması, "orada insanlar ölür, TV-lər niyə yas saxlamır?” kimi məsələlərin müzakirəsi mənasızdır və mövzu qıtlığından irəli gəlir. Televiziyaların öz proqram cədvəli var və ona uyğun olaraq gündəmi başa vururlar. Matəm verilişləri deyə bir şey yoxdur ki?”.

İsmayıl