Mehriban Zeynalova: "Hüquqi cəzalar tətbiq edilsə, mollalar, axundlar da məsuliyyəti dərk edər"
18 yaşına qədər nikaha girmək mümkün deyil
Ülkər Abdullayeva: "Məktəbdən ayrılaraq erkən evlənən uşaqların valideynləri məsuliyyətə cəlb edilməlidir"
Mehriban Zeynalova: "Hüquqi cəzalar tətbiq edilsə, mollalar, axundlar da məsuliyyəti dərk edər"
Mehriban Zeynalova: "Hüquqi cəzalar tətbiq edilsə, mollalar, axundlar da məsuliyyəti dərk edər"
Şərq ölkələrinin bu günə qədər də çözülməz probleminə çevrilən erkən nikahlar Azərbaycan cəmiyyətində də müzakirələrə səbəb olur. Bəzən ötəri yanaşdığımız məsələ sonradan fəsadları ilə digər problemlərin yaranmasına yol açır. Erkən nikahlar qadınların psixoloji durumlarına, onların sosial həyatda özlərini tapmasına və təsdiqləməsinə, eyni zamanda tibbi baxımdan ciddi fəsadların yol açmasına da səbəb olan amillərdəndir. Yetkinlik yaşına çatmayan qızların valideynləri tərəfindən ərə verilməsi hələ uşaqlığını yaşamayan, ancaq əlinə uşaq alıb ana olmağa məcbur edilən qızlarımızın sonrakı taleyi isə bəzən faciələrə gətirib çıxarır. Nikahların pozulması statisikasına diqqət yetirsək görərik ki, pozulan nikahların əksəriyyəti erkən yaşlarında ailə quran xanımların üstünlüyü ilə seçilir. Çünki onlar ailə başçısı, ana olmağa, ən azı psixoloji baxımdan hazır deyillər.
Mövcud problemlə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova SOS siqnalı çalaraq erkən nikahlara qarşı sosial mesajlar ünvanlayıb. Bununla bağlı bölgələrdə təbliğat kampaniyasına start verilib. Komitə eyni zamanda bölgələrdə maarifləndirici və təbliğat xarakterli sosial layihənin həyata keçirilməsi istiqamətində ciddi bir addım atıb. Artıq Azərbaycanın bütün rayonlarının rəhbərliyinə rəsmi müraciət edilib, monitorinq qrupları yaradılıb. "Bu nə deməkdir? Monitorinq qrupu, bir tərəfdən bütün belə halların və zorakılığın profilaktikasını aparır, digər tərəfdən belə hallara operativ müdaxilə edir. Toy olacağı barədə xəbəri rayonda təbii ki, hamı eşidir. Rayonda artıq bilirlər ki, gəlib o adamı həbs edəcəklər, çünki həmin şəxs qanunu pozur və buna imkan verilməyəcək. Artıq rəsmi müraciət etməyə başlayıblar, çünki cəzalandırıla biləcəklərindən qorxurlar".
Son vaxtların müzakirə mövzusuna çevrilən erkən nikahlarla bağlı ekspertlərə müraciət etdik. "Qadın Liderliyi" Uğrunda İctimai Birliyin sədri Ülkər Abdullayeva "Şərq"ə bildirib ki, Azərbaycan qanunvericiliyinə görə, 18 yaş nikah yaşıdı:
- Kəbinə gəlincə isə, o, rəsmi sayıla bilməz. Kəbin insanların dini inanclarına görə vacib hesab olunur. Bu sırf mənəvi məsələdir. İslam dininin daşıyıcıları olan millətlərə, qardaş Türkiyəyə baxsaq görərik ki, orada dindarlar kəbin kəsirlər, amma heç bir kağızda hansısa qeydiyyat aparmırlar. Deyirlər ki, bu, ruhani bir evlilikdir. Allahın qarşısında müəyyən sözləri deməklə, evlənən cütlüyü ər-arvad elan edirlər. Kəbini kağızla rəsmiləşdirmə İran İslam Respublikasında var. İran da şəriətlə, dini qaydalarla idarə olunan, yönləndirilən bir dövlətdir. Bəlkə də İranda belə olması normaldır, doğrudur. Amma Azərbaycan dini dövlət deyil. Azərbaycan dünyəvi, sekulyar dövlətdir. Burada bütün məsələlər, eləcə də rəsmi nikahlar qanunlar çərçivəsində həllini tapır. Evlilik yaşına çatan insanlar ailə qurarkən öz nikahlarını rəsmi dövlət qurumu qarşısında rəsmiləşdirirlər. Burada artıq hansısa dini kəbindən, mollanın bu evliliyi kağızda rəsmiləşdirməsindən söhbət gedə bilməz. Kəbinin kağızda rəsmiləşdirilməsi absurddur. Allah qarşısında ailə ilə bağlı andlaşma hansı məntiqlə mollanın yazdığı kağızla rəsmiləşdirilə bilər ki?! Qanunvericilikdə yaş həddi qoyulub. Bu həddi müəyyənləşdirən insanlar müvafiq olaraq fiziki, cinsi, əqli yetişkənliyi, ailə quran tərəflərin evlilik prosesinə nə dərəcədə hazır ola biləcəyini və s. nəzərə alıblar. Üstəlik, Azərbaycan insanların 100 faiz savadlanmasını qarşıya məqsəd qoyan dövlətdir. Ona görə nəzərə alırıq ki, əgər bir gənc 17 yaşında orta təhsilini başa vurursa, demək ki, o, bundan aşağı yaşda evlənə bilməz. Çünki bu, onların təhsil prosesinə, gələcəkdə ali təhsil, peşə təhsili və sair almasına maneçilik törədə bilər. Yəni söhbət bundan gedir ki, dini nöqteyi-nəzərdən baxırıqsa, islam dininə görə, 9 yaşa, cinsi yetişkənlik dövrünə çatan qız ərə gedə bilər. Amma axı bura dünyəvi dövlətdir. Ona görə də biz məsələlərə islam nöqteyi-nəzərindən yanaşmamalıyıq. Molla kəbini qanundan kənar olduğu üçün, sırf dinə aid olduğu üçün belə bir qadağanın qoyulması da heç bir məntiqi əsasa söykənə bilməz ki, 18 yaşı bitməmiş iki gəncin kəbinini molla kəsməsin. Bu düzgün deyil, belə yanaşmanı kökündən səhv hesab edirəm. Sadəcə rəsmi dövlət qurumları, elə Hicran xanımın özünün də başında durduğu qurum bu məsələni nəzarətində saxlamalıdır. Erkən evliliyin qarşısını almaq üçün ciddi tədbirlər görülməlidir. Özü də təkcə maariflənməklə, müəyyən layihələr həyata keçirməklə yekunlaşmamalıdır bu proses. Sırf hüquqi məsələlərdən, qanunvericiliyin tələblərindən çıxış edərək bu məsələnin üzərinə gedilməlidir. Qanun necə tələb edir? Əgər 18 yaşına çatmamış gənclər öz istəkləri və yaxud valideynlərinin istəkləri ilə evlənirlərsə, onlar qanunlar qarşısında cavab verməlidirlər. Yenə də təkrar edirəm ki, bizdə din dövlətdən ayrıdır. Ona görə də evlilik məsələsini dini yolla həll etmək qanunsuzluqdur. Erkən evliliyin qarşısını almaq üçün təkcə din adamlarını məsuliyyətə cəlb etməklə kifayətlənməməliyik. Qanunvericilikdə hər bir uşağın dövlət hesabına 9 illik icbari təhsil almaq hüququ var. Dövlət hər bir Azərbaycan vətəndaşını keyfiyyətli təhsillə təmin etməyə borcludur. Müvafiq dövlət qurumları yuxarı siniflərdə məktəbə getməyən uşaqların valideynlərindən soruşmalıdır ki, onların uşaqları niyə məktəbdə deyil? Məktəbdən ayrılaraq erkən evlənən uşaqların valideynləri məsuliyyətə cəlb edilməlidir. Çünki müəyyən yaş həddinə qədər uşaqların taleyinə valideynləri məsuldur.
"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova da son vaxtlar erkən nikahların törətdiyi fəsadlara münasibət bildirərkən məsələnin ciddiliyinə önəm verilməsinin vacibliyindən danışıb:
- Maraqlı budur ki, qanunda bu maddə konkret şəkildə öz əksini tapıb və 18 yaşına qədər nikaha girmək mümkün deyil. Qanun buna icazə vermir. Əvvəllər 16-17 yaşda nikaha girmək mümkün idi. Milli Məclisdə nikahla bağlı maddədə dəyişikliklər oldu. Dəyişikliklərdən sonra qanun çərçivəsində nikah yalnız 18 yaş tamam olduqdan sonra reallaşa bilər. Təbii ki, qanunda istisna hallar da öz əksini tapır. Bəzən qeyd etdiyimiz kimi, müstəsna hallar və hadisələr məcbur edir ki, nikah 17 yaşında da qeydə alınsın. Bunun üçün mütləq şəkildə icra hakimiyyətlərinə müraciət olunur və 17 yaşında nikahın kəsilməsi üçün rəsmi şəkildə icazə alınmalıdır. Digər bir məqam da var, nikahlar dindarlar, axundlar tərəfindən reallaşdırılır. Dini nikah rəsm nikah sayılmasa da, ailə qurularkən dini nikaha da önəm verənlər var. Bəzən məscidlər onlara verilən səlahiyyətləri aşaraq nikah yaşına çatmayan gənclərin kəbinini kəsir. Bu, qanunun pozulması deməkdir. Məlumdur ki, dində 9 yaşından sonra nikahın kəsilməsi doğru sayılır, amma biz islami dövlətdə yaşamadığımız üçün demokratik respublikanın tələb etdiyi qanunlar çərçivəsində konstitusiyanın maddələrinə əməl etməyə borcluyuq. Bu addım eyni zamanda qanunu pozan dindarlara yönəlmiş bir mesajdır. Eyni zamanda düşünürəm ki, çox yerində olan bir mesajdır. Fikrimcə, hüquqi müstəvidə bu problemə nəzarət çoxalsa və hüquqi cəzalar tətbiq edilsə, mollalar, axundlar da məsuliyyəti dərk edər və 18 yaşına çatmayan gənclərin nikahını kəsməyə cəsarət tapmazlar.
İlahə Əhmədqızı