"Qız atası olmamısansa, o zaman atalıq hissinin nə olduğunu anlamış deyilsən"
Hər evin çiçəyi...
"Bir kişinin 1 qızı varsa, xoşbəxtdir. 2 qızı varsa, dünyanın hamısı elə onundur"
"Qız atası olmamısansa, o zaman atalıq hissinin nə olduğunu anlamış deyilsən"
"Qız atası olmamısansa, o zaman atalıq hissinin nə olduğunu anlamış deyilsən"
"Mən uşaqlıqdan ona ağlamağı qadağan etmişəm. Onu heç vaxt ürəkdən ağlayan görməzsiz"
El arasında belə bir deyim var: "ana-ataya qalan qız olur”. Bu sözlərdən qız valideyni olmağın fərqləndirildiyini görürük. Əslində övladları arasında cinsəl ayrı-seçkilik qoymaq valideynə yaraşmayan haldır. Amma qızı olduğu üçün üzülən, bunu faciə olaraq qarşılayan validyenlər, xüsusilə atalar var təəssüf ki. Bu səbəbdən dolayı qızlarını erkən yaşda ərə verən, onların təhsil almasına imkan verməyən validyenlər var. Düzdür, əvvəlki illərlə müqayisədə belə hallar azalıb. Lakin yenə də qız uşaqlarına qarşı ayrı-seçkiliyi hər addımbaşı görürük.
Dünən BMT Baş Assambleyasının qərarı ilə Beynəlxalq Qız övladları günü kimi qeyd edildi. Bu günün qeyd olunmasında əsas məqsəd diqqəti qızların hüquqlarının müdafiəsinə, oğlan və qızlar arasında gender bərabərliyinin təmin olunmasına, müxtəlif növ ayrı-seçkilikdən və baxımsızlıqdan əziyyət çəkən qızlara yönəltməkdir.
"Şərq” qəzeti olaraq qız övladı olan və ictimaiyyətdə tanınan validyenlərlə əlaqə saxladıq və qız uşağının onlar üçün nə anlam daşıdığını öyrənməyə çalışdıq.
"Yeni Müsavat” qəzetinin redaktoru Elşad Məmmədli bildirib ki, bir kişinin 1 qızı varsa, xoşbəxtdir. 2 qızı varsa, dünyanın hamısı elə onundur:
"Mən yaxınlarıma, ərkim çatan insanlara daim qızlarına daha çox diqqət etməyi, qayğı göstərməyi tövsiyə edirəm. Savadlı, düşüncəli, məğrur qız övladı böyütmək cəmiyyətə ikiqat fayda verməkdir. Qız gələcəyin anasıdır. Ailədə övladları böyük faizlə ana tərbiyə edir. Ana savadlıdırsa, düşüncəlidirsə, deməli, o cəmiyyətə gözəl övlad bəxş edəcək. Bu baxımdan cəmiyyətin inkişafı qızlarımızı savadlı, sevgi, qayğı ilə böyütməkdən asılıdır. Kişilər bunu dərk etməlidirlər. Məsələyə ailə kontekstindən yanaşanda isə yenə də qız övladı ata-anaya daha diqqətli, daha lazımlıdır. Əgər bir kişi qızını sevməzsə, onun qızını kimsə sevməz. Əgər bir kişi qızını əzərsə, onu hər kəs əzə bilər. Odur ki, hər bir kişi qızına baş tacı kimi yanaşmalıdır”.
"Faktor.az" saytının baş redaktoru Əziz Əlibəyli isə düşünür ki, qız atası olmamısansa, o zaman atalıq hissinin nə olduğunu anlamış deyilsən:
"Bu mənim konkret çıxartdığım nəticədir. Çünki qız atası olmaq heç bir hisslə müqayisə edilə bilməz, özüm həmişə sərbəst, rahat, necə deyərlər ayağımı yorğanımdan da bayıra uzadan olmuşam. Amma bu gün həmin oyunu başıma mənim qızım açır. Evə gedirəm, üzümdən öpür, yaxamdan tutub sallanır, evdən bayıra çıxanda, görüşə gedəndə buraxmır, arxamca da ağlayır. Yayda rayona yola salırdım, avtovağzalda maşın tərpənməmiş yanında oturdum ki, doya-doya baxım, oynayım. Avtobus tərpənəndə ikiəlli yaxamdan tutdu, gözümdə dünya dəyişdi, hər şeyi buraxıb onunla düz kəndə kimi getmişəm, hər dəfə yarıyuxulu gözünü açırdı ki, görsün, yanındayam, yoxsa deyiləm. Qız uşağı, mənim yaxud başqasının uşağıdır düşüncəsindən də çox uzağam. Amma bildiyim bir nüans var: Bizim cəmiyyətin qurtuluşu məhz qız uşaqlarına bağlıdır. Onların mükəmməl təhsili, dünyagörüşünün tam olması, bir ailənin xilası, o isə bir cəmiyyətin, bir dövlətin yüksəlişi deməkdir. Arzum bundan ötədir, qızım əla təhsil almalıdır, bütün qızlar cəmiyyətin vacib sütunu olaraq savadsızlığın, geriliyin, cəmiyyətdəki deqredasiyanın öhdəsindən gələ bilərlər, elmin, sənətin, ölkənin inkişafının işığı ola bilərlər. Bunlar yoxdursa, bizim gələcəyimiz qaranlıq və cəhalətə doğrudur”.
Yazar Aysel Əlizadə validyenin övladı arasında cinsəl ayrı-seçkilik etməsinin düzgün olmadığını vurğulayıb:
"Qız uşaqları ilə bağlı xalqımızın bir deyimi var - adama qalan qız olur. Baxmayaraq ki, validyenlər varis kimi oğullarını görürlər, evlərini oğlanlarına verirlər. Halbuki kişinin işləyib özünə ev alması ehtimal olaraq daha çoxdur, nəinki qadının ev sahibi olması. Çünki iş həyatında qadın daha çox zorluqlar yaşayır. Bu ənənə hələ də davam etdirilir.
Amma son illərdə qız övladları ilə bağlı çağırışlar aktivləşib deyə müəyyən dəyişim var. Artıq atalar qızları ilə oğulları arasında fərq qoymurlar, əksinə qızı olan kişilər bununla fəxr edir və bunu ictimailləşdirir ki, başqaları üçün də mesaj olsun.
Düşünmürəm ki, qızımın yerinə oğlum olsaydı valideyn kimi indiki düşüncəmdə və münasibətimdə dəyişiklik olardı. Mənim üçün insan faktoru daha önəmlidir. Təbii ki, qız uşağı daha şıltaq və sevimli olur. Kişilərin təbiətindən gələn isə qəribə bir quruluğu var. Məsələn, bu gün çox qəribə bir hadisə ilə rastlaşdım. Qızımı məktəbdən gətirəndə bir ata oğlu ilə gəlirdi və uşaq ağlayırdı. Sanki həmin göz yaşlarını oğlan uşağına yaraşdırmadım. Baxmayaraq ki, mən həmişə kişilərin ağlamasına çox müsbət yanaşmışam. Anidən fikirləşdim ki, mənim oğlum ağlamazdı, amma eyni anda düşündüm ki, mənim qızım da ağlamır. Mən uşaqlıqdan ona ağlamağı qadağan etmişəm. Onu heç vaxt ürəkdən ağlayan görməzsiz. Uşaqlıqda o ağlayan kimi tez güzgünü tutub deyərdim ki, "gör necə çirkin görünürsən?”(gülür).
Məncə validyenlər nikbin, qürurlu, möhkəm övladlar böyütməyə köklənsələr, bu bizim hamımız üçün yaxşı olardı. Əsasən də cəmiyyətin duruşu sağlam insanın olması çox vacibdir və bu da uşaqlıqdan başlayır”.
Yeganə Bayramova