Dönərxanaların hamısını bağlamaq düzgün deyil

Çünki Azərbaycanda qanuni yolla fəaliyyət göstərən dönərxanalar da var



Paytaxt dönərxanalarının əksəriyyətində heç elementar gigiyenik qaydalara belə riayət edilmir. Ölmüş heyvan ətindən hazırlanan dönərlər sağlamlığımız üçün nə qədər təhlükəli olsa da, buna məhəl qoymayanlar var.

Bu barədə dəfələrlə xəbərdarlıq edilib, əhali arasında təbliğat işləri aparılsa da, dəyişən heç nə yoxdur. Yenə də mənşəyi məlum olmayan ətlərdən dönər hazırlayanlar və bunu iştahla yeyənlər var.
Bu günlərdə Qida Təhlükəsizliyi Agentliyi paytaxtdakı dönərxanalarda reyd keçirib. 

Xətai rayonu, Məhəmməd Hadi kücəsində yerləşən Qasımov Eldar Cavanşir oğluna məxsus quş əti emalı sexinə AQTA tərəfindən keçirilən baxış zamanı ümumi çəkisi 450-500 kq-a qədər sanitar qaydalara cavab verməyən və mənşəyi məlum olmayan quş ətləri və mal əti aşkar edilib. Agentliyin əməkdaşları tərəfindən ətlərdən müayinələr götürülərək laboratoriyaya aparılıb. Dönərxanalar üçün nəzərdə tutulan ətlərin olduğu sexin fəaliyyəti agentliyin əməkdaşları tərəfindən dayandırılıb. Qapısına möhür vurulub.

Görünür, QTA məsələyə olduqca ciddi nəzarəti həyata keçirərək, əhalinin sağlamlığına zərər vuran bu dönərxanaları sıradan çıxarmaq fikrindədir.

Azad İstehlakçılar İctimai Birliyinin (AİİB) sədri Eyyub Hüseynov "Şərq”ə bildirib ki, AİİB olaraq ölkəmizdə fəaliyyət göstərən bütün dönərxanaların bağlanmasının tərəfdarı deyillər: 

"Çünki Azərbaycanda qanuni yolla fəaliyyət göstərən dönərxanalar da var. Əgər QTA qanuni fəaliyyət göstərən şirkətlərin sayını artıra biləcəksə, fikrimcə, dönərxana biznesi heç də bağlanmalı deyil. Düşünürəm ki, QTA çox gecikmiş bir addım atıb. Lakin bu addımın atılması zəruri idi. QTA-nın çatışmayan ən böyük cəhəti KİV-lər və ictimai təşkilatlarla iş apara bilməməsidir. Agentlik KİV-lə iş apara bilməzsə, dönərxanalardakı qorxunc vəziyyət yenə baş verə bilər”.

Yeganə Bayramova