Deputat səfirdən izahat istədi: "Tamerlan Qarayev bu xəbərə reaksiyasını bildirməlidir”

Milli Məclisin iclasında "Dövlət sirri haqqında” qanuna dəyişiklik müzakirə olunub.  Sherg.az-ın xəbərinə görə, dəyişiklik haqqında birinci vitse-spiker Ziyafət Əsgərov məlumat verib.
Onun sözlərinə görə, ölkə prezidenti tərəfindən göndərilən qanun layihəsində dövlət sirrinin mühafizəsinin təmin olunmasına nəzarət edən orqanların siyahısı genişləndirilir.
Belə ki, dövlət sirrinin mühafizəsinin təmin olunmasına nəzarət müvafiq icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən təşkil ediləcək.
Müzakirə zamanı deputat Zahid Oruc maraqlı məqama toxunub. 
Millət vəkili bu yaxınlarda diqqətini çəkən xəbərdən danışıb: "Bu yaxınlarda diqqətimi bir xəbər çəkdi. Sabiq deputatlardan biri debatda olduğu bir insana bəyan edir ki, 2003-cü il hadisələri necə baş verib. Bunun üzərindən bildirir ki, Tamerlan Qarayev və bir neçə tanınmış şəxs onu yanına dəvət edib, İsa Qəmbərin prezident seçkilərində müdafiəsi ilə əlaqədar müəyyən xahişləri olub. Tamerlan Qarayev gələcəkdə onların xəyali hakimiyyətdə Konstitusiya Məhkəməsinin sədri olacaqmış. Bu informasiyanı izləyəndə, düşündüm ki, bu, sıradan bir bəyanatdırsa, həmin şəxs reaksiya verməlidir. 
O dövrün hadisələri hər kəsə aydındır. Kiminsə birləşməsi, ayrılması, müxalif qüvələrin bir araya gəlməsi Azərbaycan cəmiyyətində heç bir nə siyasi dəyişiklik, nə də hakimiyyətin taleyinə təsir edib. Tamerlan Qarayev səfir kimi çalışmaqdadır. Burada ona şəxsi münasibətimi ifadə etmək istəmirəm. Səfir diplomatik ranq daşıyıcısı kimi dövlətin sirlərini daşımağa, eyni zamanda dövlət başçısının və dövlətin yürütdüyü siyasəti dəstəkləməlidir, buna borcludur. 
Kiminsə özəl niyyəti varsa, siyasi partiya yaratmaq və başqa bir şəxsi müdafiə etmək, hazırki hakimyyətin mövqeyi ilə razılaşmamaqla, məsələn, sabiq səfir Arif Məmmədovun və ya başqasının yanında yer ala bilər. Bununla hakimiyyətin gücündə dəyişiklik ola bilməz. Məqsədim odur ki, Tamerlan Qarayev bu xəbərə reaksiyasını bildirməlidir”.
Anar