Fransa da Qarabağ davasına yön verəcək

Ollandın təşəbbüsü ilə Parisdə baş tutacaq prezidentlərin görüşündən gözləntilər çox deyil



Gələn ay Azərbaycan, Ermənistan və Fransa başçılarının Parisdə üçtərəfli görüşü baş tutacaq. Bu barədə Fransanın Azərbaycandakı səfiri Paskal Monye bildirib. Səfir qeyd edib ki, görüş əsnasında Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll yolları müzakirə olunacaq: "Hesab edirəm ki, bu görüş sülhün saxlanması üçün çox vacib əhəmiyyət kəsb edir. Biz artıq Fransa və Azərbaycan arasında dövlətlərarası, dinlərarası və mədəniyyətlərarası dialoq qurmuşuq.

Gələcəkdə bu dialoqu daha da inkişaf etdirəcəyik”. Nəzərdə tutulan Paris görüşünü şərh edən əksər siyasi analitiklərin fikrincə, bir müddət əvvəl Rusiyanın vasitəçiliyi ilə Soçidə keçirilən görüşdən sonra Qərbin Dağlıq Qarabağ məsələsində hərəkətə keçəcəyi ehtimal edilirdi. Bu baxımdan ABŞ dövlət katibi Con Kerrinin xüsusi təşəbbüsü ilə Uelsdə baş tutan üçtərəfli görüş ictimaiyyət tərəfindən o qədər də təəccüblə qarşılanmadı. Fransa dövlətinin vasitəçiliyi ilə Parisdə keçirilməsi planlaşdırılan Azərbaycan-Ermənistan rəhbərlərinin görüşü də məhz bu aspektdən dəyərləndirilir. Sadəcə olaraq fərq ondadır ki, Fransa ABŞ-a nisbətən daha çox ermənipərəst ölkə kimi tanınır. Erməni lobbisinin güclü olduğu bir dövlətin vasitəçiliyi ilə keçirilən görüşdən Azərbaycan üçün müsbət nəticə çıxacağını düşünmək isə bir qədər sadəlövhlük olar. Çünki Fransa parlamentinin bəzi üzvləri tez-tez işğal edilmiş ərazilərimizə qeyri-qanuni səfərlər təşkil edirlər. Belə arzuolunmaz səfərlərdən biri də ötən həftə baş tutub. Lakin buna baxmayaraq, ekspertlər hesab edir ki, istənilən sülhə çağırış təşəbbüslərini və görüşlərini xoş qarşılamaq lazımdır. Tanınmış politoloq Fikrət Sadıqov deyir ki, nəinki Rusiyanın, eləcə də ABŞ və Fransanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi Azərbaycanı qane etmir. Ancaq başa düşmək lazımdır ki, bəhs edilən ölkələr ATƏT-in Minsk Qrupunun həmsədrləridir. Onların işi Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində nəsə etməkdir: "Buna görə də, öz mənafelərinə uyğun görüşlər keçirir, bəyanatlar verir və tərəfləri kompromisə çağırırlar. Məsələ burasındadır ki, Fransa digər həmsədrlərdən ermənipərəst siyasi üstünlüklərinə görə fərqlənir. Amma bununla yanaşı, Fransa Azərbaycanla münasibətlərini normal səviyyədə saxlamaqda maraqlıdır. Çünki Azərbaycan Cənubi Qafqazın aparıcı dövlətidir. Bölgədəki bir çox ciddi məsələlər birbaşa bizim ölkədən asılıdır. Bu baxımdan regiondakı münaqişə aparıcı Qərb dövlətlərinin diqqət mərkəzinə çevrilib. Əvvəlcə Rusiya, ardınca ABŞ, indi isə Fransa üçlü formatda görüş təşkil edərək danışıqlar prosesinə yeni nəfəs verməyə çalışır. Əlbəttə, biz görüşlərin hamısında problemin ədalətli həllini tələb edirik. Azərbaycan rəhbərliyi də ərazi bütövlüyümüzə xələl gətirəcək bütün təklifləri qətiyyətlə geri çevirir. Təəssüflər olsun ki, erməni tərəfi öz təcavüzkar siyasətindən əl çəkmir. Bu səbəbdən Fransa prezidentinin vasitəçiliyi ilə keçirilən görüşdən müsbət nəticənin çıxacağını gözləmirəm. Ancaq Fransa dövlətinin təklifini geri çevirmək, rəsmi Parislə münasibətləri korlamaq da yaxşı nəticə verməz. Çünki Fransanın Cənubi Qafqazla, xüsusən də Azərbaycanla bağlı öz maraqları var. Fransa Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır”. Sülh və Münaqişələrin Həlli Mərkəzinin rəhbəri, konfliktoloq Elxan Mehdiyev görüş təşəbbüsünün Fransa prezidenti tərəfindən gəlməsinin mühüm önəm kəsb etdiyini vurğulayıb: "Son vaxtlar Fransa prezidenti konfliktin həlli istiqamətində xoş niyyət sərgiləməkdədir. Oktyabrda Azərbaycan və Ermənistan prezidentləri arasında keçiriləcək görüşün təşəbbüskarı da məhz odur. Prezidentin görüş təşəbbüsü təqdirəlayiqdir, çünki bu vaxta qədər belə görüşlərin təşəbbüskarı qismində adətən həmsədrlər çıxış edib. İndi isə Fransa prezidenti səviyyəsində görüş keçirilməsinə cəhd göstərilir. Bu yanaşma, problemə olan diqqətin göstəricisidir və fikrimcə, müsbət qarşılanmalıdır”. Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri qeyd edir ki, Fransa prezidentinin görüşlə bağlı təklifi Rusiyanın Cənubi Qafqaz monopoliyasına qarşı yönəlib: "Amma bu məqsədə çatmaq üçün təkcə Azərbaycanın mövqeyi kifayət etmir. Ermənistanın da müəyyən mənada razılığını almaq lazımdır. Azərbaycanın müstəqil siyasətindən fərqli olaraq Ermənistan müstəqil siyasi iradəyə sahib ölkə deyil. Ona görə də Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi ilə yanaşı, digər bir proses də işə salınacaq. Söhbət Ermənistan-Türkiyə münasibətlərinin normallaşması, sərhədlərin açılmasından gedir. Bu proseslər paralel gedərsə, Ermənistanı tədricən Rusiyanın təsirindən çıxarmaq mümkün olacaq. Bu baş tutarsa, Dağlıq Qarabağ münaqişəsini də Rusiyanın monopoliyasından çıxarmaq olar. Yalnız bundan sonra ABŞ və ya Fransa dövlət başçılarının təşkil etdikləri görüş müsbət nəticə verə bilər”.

İsmayıl