“Rusiyanı sanksiyalarla torpaqlardan çıxarmaq mümkün olmayacaq”

Aydın Musayev: “Putin bu işlərin çertyojunu çəkəndən sonra addım atdı”



Ötən günlərdə NATO-nun təşəbbüsü ilə Uelsdə baş tutan sammitdə bir sıra problemlər müzakirəyə çıxarılıb. Bu məsələlər sırasında Rusiyayla Ukrayna arasındakı gərginlik xüsusi yer tutub. Toplantıdan sonra NATO Ukrayna böhranı barədə mövqeyini açıqlayıb. Bildirib ki, bundan sonra Moskvaya qarşı konkret addımlar atılacaq. Məlumdur ki, sözügedən görüşdən sonra tərəflər arasında müəyyən yumşalma müşahidə olunur.

Belə ki, ötən günlərdə Kreml rəhbəri Vladimir Putinlə Ukrayna prezidenti Pyotr Poroşenko arasında telefon danışığı baş tutub. Deyilənlərə görə, hər iki lider Ukraynanın cənub-şərqindəki gərgin vəziyyətin nizamlanmasını müzakirə ediblər. V.Putin Rusiyanın böhranın sülh yolu ilə tənzimlənməsi üçün hazırlıqlarını təsdiq etdiyini söyləyib. Tərəflərin razılığa gəlməsi barədə isə ekspertlər fərqli düşünür. Kimi bunu şimal qonşumuzun Avropa İttifaqı və Amerikadan çəkinməsi kimi dəyərləndirir. Kimi isə hesab edir ki, Kiyev rəhbəri Qərbin onları meydanda tək buraxdığını anlayaraq, Rusiyaya yaxınlaşmaq mövqeyini seçib.

Tarix elmləri namizədi, politoloq Aydın Musayev "Şərq”ə müsahibəsində qeyd edib ki, bu, Putinin mövcud reallığı düzgün qiymətləndirməsidir: "Sammitdən dərhal sonra Moskvaya yeni sanksiyalar tətbiq edilməli idi. Finlandiya baş nazirinin təkidi ilə sanksiyalar yubadıldı. Bu artıq onu göstərir ki, Qərb ölkələri anlayıb ki, bu cür sanksiyalarla Rusiyanı güzəştə məcbur edə bilməyəcəklər. Rusiya nə İrandır, nə İraq. Düzdü, ola bilər ki, yüngülvari güzəştlər olsun. Amma bu da qarşılıqlı olacaq. Gələn həftə Minskdə tərəflər arasında görüşlər planlaşdırılır. Donetsk və Luqanskda hamılıqla olmasa da, ayrı-ayrı rayonlara xüsusi status verilə bilər. Bu statusların özündə nə ehtiva etdiyini isə demək çox çətindi.

- Rusiya və Ukrayna arasındakı vəziyyət gərginləşəndə, nədənsə, Qərb süstlük nümayiş etdirdi. Məsələlərə söz şəklində reaksiya verdi. Bu nəylə bağlı idi?

- Avropa ittifaqında olan dövlət başçıları anlayıblar ki, Rusiya ilə hərb dilində danışmaq olmaz. Ona görə də Qərb uzun-uzadı danışıqlar aparmaq məcburiyyətində qalıb. Danışıqda isə Putin çalışacaq ki, Ukraynanın cənub-şərqinin bir hissəsi üçün müəyyən imtiyazlar əldə etsin.

- Qərb demək olar ki, Krımı unudub. Heç sammitdə belə adını çəkmədilər...

- Qərb dövlətləri dərk ediblər ki, Krımı geri almaq mümkünsüzdür. Ona görə də Krımın adını tutmurlar.

- Ukrayna hadisələrinə görə, Rusiya Amerikanı, rəsmi Vaşinqton isə Moskvanı günahlandırırdı. Siz necə düşünürsünüz, gərginliyi kim başlatdı?

- ABŞ Moskvanı hədələyirsə, NATO Şərqə doğru genişlənirsə, Rusiya neyləməli idi? Söhbət ondan gedir ki, Putin incə bir məqamda və ya lazımi vaxtda addım atdı. Bütün beynəlxalq nüfuzlu təşkilatların dediklərinə baxmayaraq öz siyasətini davam etdirdi.

- Ukrayna uğrunda Rusiya-Amerika qarşıdurması yarananda bəzi ekspertlər Qərbin Rusiyanı çökdürəcəyi iddiası ilə çıxış elədi. Hazırda əksini görürük.

- Moskvanın bank sektoru və iqtisadiyyatı üçün müəyyən problemlər yarada bilərlər. Lakin Rusiya kimi bir dövləti sanksiyalar yolu ilə o torpaqlardan çıxarmaq inanılmazdır. Putin bu işlərin çertyojunu çəkəndən sonra addım atdı. Siyasətdə birdən heç nə olmur. Zənnimcə, gələcəkdə Ukrayna Qərbə ağız büzəcək.

- Rusiya-Ukrayna məsələləri yenidən qızışarsa, Amerika və Avropa İttifaqı (Aİ) Moskvaya qarşı hərb yolunu seçəcəkmi?

- Aİ ölkələrinin matoru AFR-dir. Bu ölkənin iqtisadiyyatı Rusiyadan birbaşa asılıdı. Ona görə də ABŞ, AFR, Fransa və Böyük Britaniyanın Ukraynaya görə Rusiyaya savaş başladacağına inanmıram. Onlar sərt bəyanat verməklə Putinin gələcəkdə ata biləcək addımlarının qarşısını almağa çalışırlar. Baxın, hazırda Rusiya, Çin, Hindistan və Cənubi Afrika ölkələri birləşərək Amerikanın başçılıq etdiyi Qərb dünyasına qarşı itiffaq yaradıb. Düşünürəm ki, beynəlxalq münasibətlər sistemində çox ciddi dönüşlər baş verməkdədir. Ona görə də Amerikanın Rusiyaya qarşı silaha sarılacağı inandırıcı deyil.

- Belə çıxır ki, Rusiya ilə Ukrayna arasında silahlı toqquşmalar baş verəcəyi halda Qərb Kiyevi Moskvanın caynağından xilas etməyəcək.

- Poroşenko uşaq deyil. O da anladı ki, Qərb ona gün ağlamayacaq. Bu baxımdan Putinlə danışıqlara getdi.

Ayyət Əhməd