Qubad İbadoğlu öndə gedir

“Nəhayət ki, müxalifət partiyalarının birində yarışma ab-havasının şahidi olduq”


Hazırda Müsavat Partiyasında qurultaya hazırlıq işləri gedir. Qurultay barədə müxalif düşərgədə müzakirə olunan əsas məsələ İsa Qəmbərin başqanlıqdan getməsidir. Amma İsa bəyin mövqeyi ilə bağlı aparılan fikir mübadiləsi heç bir məna kəsb etmir. Çünki artıq bir müddətdir ki, sədrliyə namizədlərin adları açıqlanıb. Bunlar Qurumun Aparat rəhbəri Arif Hacılı, təşkilatın Divan üzvü Qubad İbadoğlu və digər Divan üzvü Tural Abbaslıdır. Favoritlər artıq partiyanın rayon təşkilatlarında görüşlərə başlayıblar.

Qurultaydan gözləntiləri barədə "Şərq”ə danışan "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bunları deyib: "Nəhayət ki, müxalifət partiyalarının birində yarışma ab-havasının şahidi olduq. İllərdir ki, eyni liderləri görürük. Onlar da bir uğursuluq zolağına düşüblər. Seçkidə qələbə qazana bilmirlər. İndi də Müsavat qurultaya gedir. Əsas namizədlər arasında gərgin yarışma var. Daha çox hiss edirəm ki, Q.İbadoğlu klassik mənada seçki kampaniyası aparır. Bölgələrə səfərlər edir. Onu dəstəkləyənlər fikirlərini açıq ifadə edirlər. Digər namizədlərin hansısa görüş keçirmələrinin və müəyyən proqramla çıxış etmələrinin şahidi olmamışam. Düzdü, kimin başqan olacağını konkret söyləmək çətindi. Bununla belə deyə bilərəm ki, Q.İbadoğlu irəlidə görünür. Dəqiq nəticəni qurultayda biləcəyik”.

Ekspert bildirib ki, təşkilata rəhbərlik edəcək yeni sədr təzə kurs tətbiq etməlidir: "Bu kurs İ.Qəmbərin kursundan fərqlənməlidir”.

"İ.Qəmbərdən sonra Müsavatda parçalanmalar baş verəcək” iddiasına münasibət bildirən E.Şahinoğlu vurğulayıb ki, belə hal başa verəcəksə, deməli, həmin partiya düzgün əsaslarla qurulmayıb: "Xalq Cəbhəsi Partiyasını xatırlayaq. Lideri Əbülfəz Elçibəy dünyasını dəyişəndən sonra təşkilat 3-4 hissəyə bölündü. Deməli, qurumun quruluşundan nöqsanları varmış. İsa bəy gedir deyə, təşkilatda parçalanmalar olsa, demək ki, əvvəldən bu qurum möhkəm prinsiplərə söykənməyib. Partiya bir neçə hissəyə parçalanacaqsa, bu, müxalif siyasi fikrin mövcudluğunu sual altında qoyacaq”.

İ.Qəmbərə veriləcək liderlik statusuna toxunan politoloq söyləyib ki, bu, anlaşılmazdır: "Sədrlikdən gedirsənsə, liderlik nə deməkdir. Məsələn, Milli İstiqlal Partiyasında bu mövcuddur.

Etibar Məmmədov təşkilatın lideridir. O, təşkilatı xarici konfranslarda təmsil edir. Bunu da anlamıram. Təşkilatın sədri varsa, o təmsil etməlidir. Görünür, bu statusu özləri müəyyənləşdiriblər ki, beynəlxalq konfranslarda iştirak etmək imkanı qazansınlar. Müxalifətin özü hakimiyyəti bu cür məsələlərə görə tənqid edir. Amma partiyadan ayrılmamaq üçün özləri üçün liderlik statusu da fikirləşirlər”.

Ayyət Əhməd