İrəvan Qarabağa Suriya ermənilərini doldurmaq istəyir

“Ermənistan bu məkrli siyasətini həyata keçirməmiş Azərbaycan öz torpaqlarını işğal altından azad etməlidir”


Ermənistan etnik ermənilərin Azərbaycanın işğal altında qalan torpaqlarında yerləşdirilməsi prosesini davam etdirir. Ölkədəki gərgin sosial şərait səbəbindən əhalinin Ermənistanı sürətlə tərk etməsinin qarşısını almaq üçün erməni siyasi rəhbərliyi "unikal” formalara əl atmaq niyyətindədir. Yəni rəsmi İrəvan boşalan "DQR”-i xaricdə yaşayan ermənilər hesabına doldurmaq məqsədi güdür. Qeyd edək ki, Suriyanın Kesaba şəhərində yaşayan etnik ermənilərə Ermənistan pasportları verilib. Pasportu Ermənistanın Suriyanın Aleppo şəhərindəki baş konsulu Tiqran Gevorkyan yerli əhaliyə paylayıb.

Millət vəkili Aqil Abbas isə hesab edir ki, Ermənistan bu məkrli siyasətini həyata keçirməmiş Azərbaycan öz torpaqlarını işğal altından azad etməlidir: "Ermənistan bizim torpaqlarımızı işğal edib. Təbii ki, torpaqların onlara məxsus olduğunu sübut etmək üçün erməniləri də ora köçürəcək, onlara Ermənistan yox, hələ qondarma Dağlıq Qarabağ Respublikasının pasportunu da verəcək. Ancaq ağlı olan Suriya ermənisi həmin ərazilərdə yurd salmaz. Çünki özgə atına minən tez düşür. Həmin torpaqlar bizimdir və gec-tez azad edəcəyik”.

A.Abbasın sözlərinə görə, gözləməyin mənası yoxdur. Bizim burdan ora şərh verməyimizin, narahat olmağımızın heç bir mənası yoxdur. Bizim bir amalımız var, o da ki, Dağlıq Qarabağı işğaldan azad etmək: "Bu məsələnin beynəlxalq aləmdə qaldırılması nəyi dəyişəcək ki? Beynəlxalq aləm var? Hanı? Hardadır onlar? Beynəlxalq aləm nə oyunlardan çıxır, görmürük?

Tutaq ki, Azərbaycan uzun-uzadı bəyanat hazırlayıb, sonra da beynəlxalq aləmə müraciət elədi. Nəsə dəyişəcək? Kiminsə buna inamı var? Şəxsən mənim yoxdur. Niyə də olmalıdır ki! BMT-nin 4 qətnaməsi dərhal yerinə yetirilməli idi. Görün, aradan nə qədər vaxt keçib. Belə şeylərə inanmaq, özgələrdən imdad diləmək bizə görə deyil. Bizim bircə yolumuz var, savaş. Heç kəs bizim torpaqlarımızı azad edib, bizə verməyəcək. Nə də separatçı Ermənistan öz razılığı ilə oradan çıxacaq. Əgər kimsə icazəsiz bizim həyətimizə soxulubsa, onu vurub çıxartmaq lazımdır. Çıx deyə, yalvarmaq yox!”.

Politoloq Qabil Hüseynlinin qənaətincə isə rəsmi İrəvan Kremlin təcrübəsindən yararlanır: "Necə ki, Rusiya ilhaq etdiyi ərazilərdə vətəndaşlıq pasportu paylayıb, özünün təsir altına salırdısa, Ermənistan da dünya ermənilərini bu yolla cəlb edib, onları öz ərazilərinə qaytarmaq istəyir. Bu tam qanunsuz və beynəlxalq hüquq normalarına zidd olan bir addımdır. Hesab edirəm ki, beynəlxalq aləm bu məsələyə görə Ermənistana sanksiyalar tətbiq etməlidir”.

Q.Hüseynli də hesab edir ki, Ermənistanın Suriya ermənilərinə pasport paylamaqda əsas məqsədi onları işğal altında qalan Azərbaycan torpaqlarında yerləşdirməkdir. Politoloqun qənaətincə, Azərbaycan Ermənistanın bu addımına hüquqi qiymət verməli və beynəlxalq aləmi məlumatlandırmalıdır. Çünki ölkədən kənarda yaşayan insanlara vətəndaşlıq hüququ vermək mümkün deyil. Bunun üçün həmin şəxs mütləq ölkəyə gətirilməli və müvafiq prosedurlardan keçməlidir. Ermənistanın Suriya vətəndaşı olan etnik ermənilərə Ermənistan pasportu paylaması qanunauyğun deyil və həmin sənəd etibarsız sayılmalıdır: "Ermənistan rəhbərliyi ta ən başından "ərəb baharı”ndan istifadə edərək Dağlıq Qarabağı Suriyadan qaçan ermənilərin hesabına

doldurmaq istəyir. İşğal altında qalan Azərbaycan torpaqlarında 50 mindən artıq əhali yoxdur. Ermənilər də bu boşluğu doldurmaq üçün hər fürsətdən yararlanmağa çalışırlar. Suriyadakı müharibədən, orada yaşayan ermənilərin ağır vəziyyətindən sui-istifadə edərək hamısını Qarabağda yerləşdirməyə çalışır. Ermənistandakı sosial-iqtisadi vəziyyət hər kəsə bəllidir. Ölkə ağır iqtisadi böhran içərisindədir, təşkilatçılıq isə sıfırın altındadır. Hesab edirəm ki, Ermənistan Rusiyanın nəzarəti altında olan və gələcəyi olmayan bir ərazidir. Bu gün Ermənistanda 5-3 nəfər yaşayırsa, onlar da Rusiyanın yardımı sayəsində varınıb. Getdikcə Rusiya da Ermənistanın quyunun dibinə endiyini görüb, əlini üzərindən çəkəcək”.

Q.Hüseynlinin sözlərinə görə, Suriya erməniləri kütləvi şəkildə Dağlıq Qarabağ ərazisində yerləşdirildiyi təqdirdə Azərbaycan dərhal beynəlxalq təşkilatlar qarşısında etiraz xarakterli məsələ qaldırmalıdır ki, ermənilər işğal edilmiş torpaqlarımızda məskunlaşdırılır. Beynəlxalq təşkilatları vicdansız adlandıran və onların Dağlıq Qarabağ probleminə səthi və qərəzli yanaşdığını deyən politoloq bildirib ki, onlar Qarabağı işğal edilmiş ərazi adlandırır, amma Ermənistana işğalçı dövlət demirlər. Bəlkə Qarabağı Aydan gəlmiş yad planetlilər işğal edib? Q.Hüseynli Azərbaycanın ATƏT-ə bir daha müraciət etməsini və yenidən faktaraşdırıcı missiya yaradılmasını tələb etməyi vacib hesab edir: "Azərbaycan da beynəlxalq təşkilatlardan məskunlaşma prosesinin dayandırılmasını tələb etməlidir. Əks halda, Azərbaycan işğal altında qalan torpaqlarımızı azad etmək üçün bizim alternativ yollara əl atacağımızı bəyanlamalıdır. Hesab edirəm ki, bu günə qədər biz sırf Rusiyanın təhdidlərindən çəkindiyimiz üçün münaqişənin alternativ yollarla həlli məsələsini yetərincə uzatmışıq. Bununla belə biz ilk növbədə beynəlxalq təşkilatların, xüsusən də münaqişənin həllini üzərinə götürmüş ATƏT-in potensialından bəhrələnərək ermənilərin Qarabağda məskunlaşma məsələsinin qarşısını almalıyıq”.

Şəymən