Bizdə yas mərasimlərini keçirmək bəhsə çevrilib

“Qonşu filan şeyləri verdi, mən niyə verməyim” - deyə insanlar əldən-ayaqdan gedir


Yas mərasimlərində dəbdəbəli ehsan süfrələrinin açılması ənənəsinə son qoyulması ilə bağlı ölkə rəhbərliyinin verdiyi tövsiyələr yerlərdə ən müxtəlif formalarda icra olunur. Bəzi yerlərdə bələdiyyələr, icra nümayəndələri yas sahiblərinin ehsan verməsini inzibati yolla əngəlləyir. Ortada rəsmi qadağa və ya qanun olmadığı üçün də vətəndaşlar icra nümayəndələrinin bu cür qanunsuz addımlarından gileylənir.

Vətəndaşların iddiasına görə, yas mərasimlərində bahalı ehsan süfrələrinin yığışdırılması ilə bağlı ölkə rəhbərliyinin tövsiyələrindən rayon rəhbərliyi sui-istifadə edir. Yas mərasimlərinin keçirilməsinin yığışdırılması ilə bağlı tövsiyələrdən sonra Xətai rayonunda da yas mərasimlərinə nəzarət gücləndirilib. Sözügedən rayonun Əhmədli qəsəbəsində keçirilən yas mərasiminin birində maraqlı olay yaşanıb. Belə ki, icra nümayəndələri mərasim təşkilatçılarının mərasim üçün hazırlanmış yeməkləri, meyvə-tərəvəzi süfrəyə qoymamalarını tapşırıb. Mərhumun yaxınlarının etirazından qəzəblənən icra nümayəndələri məclis təşkilatçısını 2000 manat pul cəzası ilə cərimələmək istəyiblər. Ancaq mərhumun yaxınlarından birinin yüksək ranqlı məmurlardan birinə xahiş etməsi işə yarayıb. Belə ki, həmin məmur icra başçısı Razim Məmmədovu yığaraq ondan xahiş edib. Bununla da icra başçısı məclisin ev sahiblərinin istəyi üzrə keçirilməsinə icazə verib. Analoji hadisə iki gün əvvəl Sumqayıt şəhərində də yaşanmışdı. Şəhərdə təmtəraqlı yas mərasimlərinə görə sakinlərin 400 manat cərimələnəcəyi deyilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi hüzn məclislərində israfçılıq hallarının qarşısını almaq üçün hərəkətə keçib. Qurumun bu addımı tövsiyə xarakterli olsa da, göründüyü kimi, artıq bəzi icra hakimiyyətində qeyri-qanuni pul cərimələrinin tətbiqinə başlanılıb.

Dəbdəbəli ehsan süfrələrinin yığışdırılmasının tərəfdarı olduğunu vurğulayan İnsan Hüquqları üzrə Maarifləndirmə İctimai Birliyinin sədri İradə Cavadova bu məsələnin qanunla tənzimlənməsinin məqsədəuyğun olmadığını vurğulayıb: "Dəbdəbəli ehsan süfrələrinin qadağan edilməsi israfçılığın aradan qaldırılmasına yönələn bir addımdır. Azərbaycanda yas mərasimlərində, hətta toy mərasimlərində açılan süfrələr həddindən artıq xərc tələb edir. Vətəndaşlar mərasimi yola salana qədər çox əziyyət çəkir. Həm maddi, həm də fiziki cəhətdən. Bu prosesdən yararlanan isə sadəcə işbazlar olur. Bizdə yas mərasimlərini yola vermək az qala bəhsə çevrilib: "Qonşu filan şeyləri verdi, mən niyə verməyim”- deyə insanlar əldən-ayaqdan gedir. Hesab edirəm ki, ehsan süfrələrinin sadələşdirilməsi bizdə bir mədəniyyətə çevrilməli və islami qaydalara uyğun keçirilməlidir. Amma bütün bunlar üçün ayrıca qanuna ehtiyac yoxdur. Hər şey qanunla tənzimlənə bilməz. Sadəcə olaraq, maarifləndirici tədbirlər, təbliğat vasitəsilə insanlara yas mərasimlərinin islamdakı keçirilmə qaydası aşılanmalıdır”.

İcra hakimiyyətinin vətəndaşları cərimələməsinə gəldikdə isə İ.Cavadova bunun yolverilməz olduğunu deyib: "Ortada yas mərasimlərini tənzimləyəcək bir qanun yoxdur. İcra nümayəndəliyi nəyə əsaslanaraq 2000 manat cərimə tələb edir, anlamıram. Görünür, yas mərasimləri ilə bağlı ölkə başçısının tövsiyələrindən sonra icra başçısı öz vəzifə səlahiyyətlərini aşaraq, insanlardan cərimə tələb edir. Əgər belə hallar varsa, qarşısı alınmalıdır, çünki bu qanunsuzluq və səlahiyyətdən sui- istifadədir”.

Şəymən