Dövlət alsın, dövlət satsın

Bahalaşmanın qarşısını almaq olar


Azərbaycana növbəti bahalaşma dalğası gəlir. Payızda ərzaq və çörək ilə bərabər bütün yeyinti məhsullarının qiyməti bahalaşacağı gözlənilir. Yaz və yay aylarında, quraqlıq və həddindən artıq isti hava şəraiti kənd təsərrüfatına ciddi ziyan vurub. Hətta yaxın zamanlarda ət və ət məhsullarının, süd və süd məhsullarının qiymətinin artacağı da gözlənilir. Rəsmilər və ekspertlər isə bahalaşmanın səbəbi ilə bağlı müxtəlif fikirdədirlər.

Millət vəkili Zahid Oruc bahalaşmanın digər bir səbəbini beynəlxalq iqtisadi durumda görür: "Çünki Azərbaycan bu sistemin tərkib hissəsidir. Yəni dünya iqtisadiyyatında yaşanan iqtisadi proseslər istər-istəməz hər bir ölkənin iqtisadiyyatına təsir edir. Biz əgər Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyasından danışırıqsa, o zaman nəzərə alınmalıdır ki, bu problemlər yaşanacaq. Hesab edirəm ki, qiymətlərdəki artım dünya iqtisadi sistemində və xüsusilə Azərbaycanın sıx iqtisadi əlaqələri olan ölkələrdəki proseslərlə bağlıdır”.

Deputatın fikrincə, bütün qeyd edilən faktlarla bərabər xaricdən gətirilən malların qiymətlərinin qalxması sırf spekulyasiyadır: "Gözləmə mövqeyi, emosional ovqat və yaxud daxili bazarı xarici ölkələr qeyd etdiyimiz siyasətlə özlərinə çox peşəkarlıqla uyğunlaşdırmaq halları da var”.

O hesab edir ki, aidiyyəti qurumların bu yöndə müvafiq tədbirlər görməsi üçün kifayət qədər imkanları və səlahiyyətləri mövcuddur: "İlk növbədə vəziyyət real təhlil edilərək hökumətə məlumat verilməlidir. Bahalaşma yalnız az imkanlı təbəqənin yox, bütövlükdə xalqın maraqlarına toxunur. Ona görə ki, bu bahalaşma digər sahələrə də öz təsirini göstərəcək. Belə əlçatmazlıq özlüyündə sosial problemlər yaradır. Halbuki, Azərbaycan dövlətinin onilliklər ərzində yürütdüyü siyasət ondan ibarətdir ki, özünün sosial öhdəliklərindən imtina etməsin. Yəni ölkədə müəyyənləşmiş ödənişlər vaxtında ünvanına çatsın. Həmçinin, dövlət büdcəsi rüblüklər ərzində dəyişikliklərə məruz qalmasın. Ona görə də dövlətin bu yöndə siyasətinin bundan öncə olduğu kimi, bundan sonra da daha effektli həyata keçirilməsi naminə İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar departamenti və o cümlədən, istehlak bazarlarına nəzarət üzrə ixtisaslaşmış qurumları mütəmadi intensiv hesabatlar hazırlamalıdır. Bu zaman heç bir iqtisadi dəyişiklik olmadan süni qiymət artıranların qarşısı alına bilər”.

İqtisadçı-ekspert Azər Mehdiyev düşünür ki, qiymətlərin indiki şəraitdə artması növbəti illərdə kəndlini daha çox məhsul əkməyə həvəsləndirir. Onun sözlərinə görə, Avropa ölkələrində belə

qiymət artımları zamanı hökumət əhalinin geniş təbəqəsinin əziyyət çəkməməsi üçün reaksiya verir. Dövlət bu halda kəndli fermerə sərf edən şəkildə həmin məhsulu dövlətdən alır. Sonradan məhsulları ucuz qiymətə bazara çıxarmaqla qiymət artımının təsirini hökumət öz üzərinə götürür. Beləcə, dövlət qiymət artımları olduğu anda çətin vəziyyətdən çıxa bilir”.

A.Mehdiyev Azərbaycanda kənd təsərrüfatının dövlət tərəfindən stimullaşdırılmasının tətbiq edilən mexanizmlərinin təkmilləşdirilməsinə ehtiyac olduğunu da açıqlayıb: "Çünki son illərdə bu prosedur qaydalarının kifayət qədər müsbət nəticə vermədiyi müşahidə edilir. Ən səmərəli odur ki, dövlət kəndliyə sərf edən sabit qiymətlərlə məhsulu kəndli və fermerlərdən alınmasını təmin etsin”.

Vüqar Şahinoğlu