Əkizlərindən imtina edən 79 yaşlı ata peşmandır

Körpələrini geri istəyir, ancaq vermirlər



Dünyaya yeni göz açmış əkiz övladlarından imtina edən 79 yaşlı Əliniyaz Nəzərov peşman olub. Övladlarını Bakıya - 1 saylı körpələr evinə təhvil verən ata sonra onları geri almaq istəsə də, buna müvəffəq olmayıb. Körpələr evinin müdiriyyəti ataya bildirib ki, uşaqlarını yalnız məhkəmə yolu ilə geri ala bilər.

Hüquqşünas İradə Cavadova da "Şərq”ə açıqlamasında körpələrin artıq dövlətin himayəsində olduğunu dedi:

- Uşaq oyuncaqdır ki, bu gün imtina edəsən, sabah geri istəyəsən?.. Bu nə məsuliyyətsiz hərəkətlərdir? Dünyaya uşaq gətirməyə hazırlaşan ana da, uşaqların atası da onların gələcək taleyi barədə əvvəlcədən düşünməlidir. Təəssüf ki, son zamanlar məsuliyyətsiz valideynlər çoxalıb. Uşaq dünyaya gətirib taleyin ümidinə buraxırlar. Amma dövlət həmin uşaqlara sahib çıxır, onların qayğısına qalır. 79 yaşlı ata ilə bağlı da eynilə bu vəziyyətdir. 79 yaşlı kişi 3-cü dəfə evlənəndə bilməliydi ki, sabah onun övladı dünyaya gələ bilər, belə olarsa o, uşaqlara necə baxacaq. Kişi özü deyir ki, maddi durumu aşağıdır, sosial vəziyyəti ağırdır. Onda niyə qadının dünyaya uşaq gətirməsinə razı olurdu? Bilirsiz, təəssüf ki, biz son vaxtlar uşaqları ilə çirkin alver edən ailələrlə də qarşılaşırıq. Bəzən əkiz övladları dünyaya gələn valideynlər bundan sui-istifadə etməyə, dövlətdən yardım almağa çalışırlar. Dövlət yardım etməlidir, bəli. Amma ailələr bunu yalan, dolanla etməməlidirlər. Səmimi şəkildə əlaqədar qurumlara müraciət edib sosial vəziyyətlərinin yaxşılaşmasını istəməlidirlər. Bəzən elə adamlar olur, bilə-bilə bu cür xəbərləri kütləviləşdirir və ictimailəşdirirlər ki, onlara yardım edilsin. Həmçinin, mən bunu da istisna etmirəm ki, həmin yaşlı atada səmimi peşmançılıq da ola bilər. Valideyndir, bəlkə hissə qapılıb, uşaqları böyütmək qorxusu onu belə bir addım atmağa vadar edib, amma indi peşman olub və övladlarını geri istəyir. Ancaq burada hüquqi prosedurlar icra edilməlidir. Əgər həmin uşaqlar artıq dövlətin himayəsinə keçiblərsə, onları yalnız məhkəmə yolu ilə geri almaq mümkündür. Valideynlər Körpələr evinə rəsmi müraciət etməli, orada hər bir məsələni dəqiq qeyd etməli, uşaqlarından niyə imtina etmək istədiklərini göstərməli və peşmançılıqlarını bildirməlidirlər. Körpələr evi də bu müraciəti nəzərə alaraq rəsmi imtina məktubu yazmalıdır. Məhkəmə isə hər iki müraciət əsasında işə baxmalıdır. Qərarı artıq məhkəmə verəcək ki, uşaqlar valideynlərə qaytarılsın, yoxsa dövlətin himayəsində qalsınlar. Belə də ola bilər ki, uşaqlar hələ rəsmi qaydada dövlətin himayəsinə verilməyib. Belədirsə, məncə, Körpələr evi yenə də rəsmi icazə əsasında uşaqları valideynlərə geri verə bilər. Bunu bilmək lazımdır ki, uşaqlardan imtinanın müddəti bitib, ya yox. Müddət keçməyibsə, ailənin səmimi peşmanlığı nəzərə alına bilər.

Bu hadisə bizim digər vətəndaşlara da dərs olmalıdır. Ailə quranda da, ailəni dağıdanda da gərək ciddi düşünəsən. Çünki sonrakı peşmançılıq adətən fayda vermir.

Məlahət Rzayeva