Deputatlar, heyvanlara işgəncə verilməsindən təəssüfləndi

Çingiz Qənizadə: “Heyvanlara qarşı işgəncə faktları kütləvi hal alarsa, bunun qarşısını almaq üçün hansısa addımlar atmaq olar”
Rəfael Cəbrayılov: “Cərimələr yetərli sayılmırsa, məbləğin daha bir neçə dəfə artırılması məsələsinə baxıla bilər”


Belə məsəl var: "İtlə dostluq elə, amma çomağı əlindən yerə qoyma”. Günümüzün reallığı isə tam fərqli bir mənzərəyə tamaşa etmək məcburiyyətində qalır. İnsanlar itlərlə dostluğu kənara qoyub çomağa üstünlük verirlər. Bir neçə gün əvvəl Doqqi sortundan olan itin bıçaqla kəsilərək şəkillərinin çəkilməsi və sosial şəbəkədə "gedin, nə istəyirsiniz eləyin” deyə, yazıb paylaşılması da buna sübutdur.

Qeyd edək ki, sözügedən hadisə cəmiyyətdə ciddi etirazlara, narazılıqlara səbəb olub. Heyvanların müdafiəsi ilə məşğul olan təşkilatlar bu cür olayları pisləyib və heyvanlarla qəddar davrananların cinayət məsuliyyətinə cəlb olunmasını tələb ediblər. Heyvansevərlərə görə, bu cür vəhşiliklər artıq inzibati yox, cinayət məsuliyyəti kimi xarakterizə olunmalıdır.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, millət vəkili Çingiz Qənizadənin sözlərinə görə, indiki halda heyvanlara işgəncə verən şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasına ehtiyac yoxdur: "Mövcud qanunvericiliyə görə, cinayət məsuliyyəti adam öldürən, insanlara işgəncə verən şəxslərə qarşı tətbiq olunur. Amma bu məsuliyyətin tətbiqi cinayətlərin kökünü kəsmir axı. Qanunla məsuliyyətə cəlb olunacağını bilə-bilə insanlar yenə də cinayətə əl atır. Eyni ilə də heyvanlara qarşı işgəncə verənlərə qarşı cinayət məsuliyyətinin tətbiqi heç nəyi dəyişməyəcək. Heyvanlarla vəhşicəsinə davranma cinayət məsuliyyəti yaradan hal kimi qəbul olunsa belə, insanlar yenə də bu əməllərindən çəkinməyəcək. Cəzaların sərtləşdirilməsi müəyyən mənada insanları işgəncə etməkdən çəkindirir. Məhz heyvanlara qarşı işgəncəyə görə müəyyən inzibati cərimələr nəzərdə tutulub. Cərimələrin miqdarını qaldırmaq olar, amma cinayət məsuliyyətinə ehtiyac görmürəm. Əgər Azərbaycanda heyvanlara qarşı işgəncə faktları kütləvi hal alarsa, bunun qarşısını almaq üçün hansısa addımlar atmaq olar. Amma indiki situasiyada çox az hallarda heyvanlara qarşı işgəncə faktları qeydə alındığı üçün həmin şəxslərin cinayət məsuliyyətinə cəlb olunması məsələsinin gündəmə gətirilməsi məqsədəuyğun deyil”.

Millət vəkili Rəfael Cəbrayılov da hesab edir ki, itin belə amansızlıqla öldürülməsi halı qəbuledilməz olsa da, bunu cinayət məsuliyyəti kimi xarakterizə etmək düzgün deyil: "Düzdür, Azərbaycan SSR Cinayət Məcəlləsində bu hal cinayət kimi qəbul edilirdi və bununla bağlı azadlıqdan məhrumetmə nəzərdə tutulurdu. Lakin 2000-ci ildə qəbul etdiyimiz yeni qanunvericilikdə digər hallarla yanaşı, ev heyvanları ilə amansız rəftaretmə faktı da Cinayət Məcəlləsindən çıxarılıb. Mən bunu düzgün hesab edirəm. Çünki müasir mühitimizdə heyvanın öldürülməsinə görə insanın azadlığının əlindən alınması o qədər də düzgün deyil. Əvəzində bu kimi halları törədənlərə tətbiq olunan cərimələri xeyli artırmışıq. Əlbəttə ki, cərimələr yetərli sayılmırsa, məbləğin daha bir neçə dəfə artırılması məsələsinə baxıla bilər. Amma cinayət məsuliyyətinin tətbiqinə ehtiyac duymuram”.

Şəymən