Son söz FHN-dir, meriyanın sərəncamı ləğv oluna bilər

Yasamal sakinlərinin narahatçılığı doğruldu, artıq çatlar əmələ gəlib












   






















Paytaxtın Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsi, 84 saylı binanın sakinlərinin həyatına təhlükə hər keçən gün artır. Sakinlər binalarına hədsiz yaxın məsafədə yeni hündürmərtəbəli binanın tikintisi ilə bağlı artıq bir neçə dəfə əlaqədar qurumlara müraciət ediblər. Müraciətlərində də inşaat işlərinin tikinti standartlarına uyğun olmadığını, tikinti meydançasına ağır texnikanın cəlb olunması nəticəsində binada titrəmə olduğunu, sakinlərin mənzillərində rahat gecələyə bilmədiklərini, qazma işlərinin aparılması və fibrasiya nəticəsində bir neçə mənzildə kafellərin qopub düşdüyünü, köhnə bina ilə yenisi arasında cəmi bir avtomobil enində yol saxlandığını yazmışdılar.

İndi isə vəziyyət daha da gərginləşib. Yaxınlıqda tikilən binanın möhkəmliyi üçün vurulmuş dərin laylarda iri çatlar əmələ gəlib.

Sakinlər bildirir ki, bina hələ istifadəyə verilməmiş özüldə çatlar əmələ gəlirsə, o binanın təhlükəsizliyinin təminatı bəri başdan şübhə doğurur.

Məlumdur ki, paytaxtda aparılan inşaat işlərində tikinti normalarına və təhlükəsizlik qaydalarına riayət olunmur. Bu mənfi tendensiya xüsusilə də hündürmərtəbəli binaların tikintisi zamanı yaşanır. Özlərinə "arxa” tapan tikinti şirkətləri binaları biri-birinə hədsiz yaxın məsafədə inşa edir, digər binanın mənzillərini gün işığından, təmiz havadan məhrum edirlər. Üstəlik, binaların yaxınlığında aparılan inşaat işləri ətrafdakı tikililər üçün təhlükə mənbəyinə çevrilir. Hazırda Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsi, 84 saylı binanın qarşısında eynən bu vəziyyətdir. Sakinlər real təhlükə qarşısındadır.

Problem burasındadır ki, sakinlərin indiyədək əlaqədar qurumlara etdiyi müraciətlər nəticəsiz qalıb. Bakı Şəhər İcra Hakimiyyətindən isə şikayətçilərə bildiriblər ki, hündürmərtəbəli binanın tikintisi ilə bağlı sərəncam verildiyindən tikinti işlərini dayandırmaq mümkün deyil.

Sakinləri təəccübləndirən də elə bu cavabdır. "Bəs sabah orada bir qəza baş verəcəksə, insanların həyatı təhlükə altında qalacaqsa, o zaman kim cavab verəcək?

Məsələ ilə bağlı "Şərq”ə açıqlama verən Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov bildirdi ki, BŞİH-nin sərəncamı ləğv edilə bilər:

- Bu məsələdə əsas cavabdeh tərəf Fövqəladə Hallar Nazirliyidir. Nazirliyin tikintidə təhlküəsizlik şöbəsi var və bu şöbə aparılan tikinti işləri, bu zaman tikinti normalarına riayət edilib-edilmədiyinə dair protokol tərtib etməlidir. Necə yəni, sərəncam var, ləğv edə bilmərik? Bəlkə həqiqətən həmin yeni tikili sakinlərin evlərinə və özlərinə təhlükədir? FHN-in müvafiq şöbəsi monitorinq aparmalı, vəziyyəti araşdırmalı və yekun rəy bildirməlidir. Əgər FHN bildirsə ki, bəli, bu bina yaxınlıqdakı binalara təhlükə törədir, sakinlərin yaşayış qaydalarına ziddir, o zaman verilmiş sərəncam ləğv edilməlidir. Sərəncamın ləğvi üçün əlaqədar qurumların rəsmi qərarı olmalıdır. İndiyədək Bakıda təhlükəli hesab edilən nə qədər bina sökülüb. Hətta tarixi-memarlıq abidələrinə də "aman” verməyiblər. İndi nə oldu, bu yeni tikili belə dəyərlidir?!

S.Məmmədov sakinlərin qarşılaşdıqları həyati problemlə bağlı məhkəməyə müraciət etmələrini də məsləhət bildi:

- Sakinlərin yaşayış qaydaları pozulursa, dinclikləri yoxdursa, təhlükə olduğunu zənn edirlərsə, o zaman məhkəməyə müraciət etsinlər, maddi təzminat davası açsınlar. Məhkəmə işə baxıb sakinlərin şikayətini qəbul etməlidir. Aparılan inşaat işləri nəticəsində sakinlərə dəyən ziyan ödənməlidir.

Məlahət Rzayeva