Dövlət leqallaşdırılan mollalara əməkhaqqı versin: Bunu gözəl başlanğıc hesab etmək olar




Mollalıq fəaliyyətinin lisenziyalaşdırılması məsələsi yenidən gündəmə gətirilib. Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Musa Quliyev təklif edib ki, mollalıq xidmət sahəsi kimi lisenziyalaşdırılsın. Millət vəkili bildirib ki, mollalıq fəaliyyəti lisenziyalaşarsa, onda bu işlə məşğul olma şərtləri dəqiqliklə müəyyən edilər və mollanın öhdəlikləri aydın olar.
Həmçinin, M.Quliyev hesab edir ki, mollalıqla məşğul olanlar bu işdən pul qazanırsa, bunun əvəzində vergi ödəməli, Dövlət Sosial Müdafiə Fonduna sosial sığorta haqqı ödəməklə gələcək pensiyalarını təmin etməlidirlər. Məlumat üçün bildirək ki, Qafqaz Müsəlmanları İdarəsi bu ildən din xadimləri üçün təkmilləşdirmə kurslarının keçirilməsinə başlayıb. İyunda kursu bitirən ilk 50 müdavimə sertifikat təqdim edilib.

Məsələyə münasibət bildirən ilahiyyatçı-alim Elşad Miri "Şərq”ə verdiyi açıqlamada deyib ki, ümumiyyətlə, islam dinində mollalıq deyilən anlayış yoxdur. 
Mollalıq hansısa işbazların sonradan peşə halına gətirdiyi bir sahədir: "Mollalar insanların dini bilgisində və inancında yaranmış boşluqdan meydana çıxıblar. Ancaq qəbul etsək də, etməsək də, öz üsulları ilə çörəkpulu qazanan belə bir təbəqə var. Neçə gündür ki, Çeçenistandaydım, dünən qayıtmışam. Mən orda böyük məscidlərin imamları ilə görüşdüm, onlarla xeyli dini söhbətlər, müzakirələr etdim. Bilirsiz, Çeçenistan məscidlərində fəaliyyət göstərən imamlara dövlət tərəfindən məvacib verilir. Büdcədən maaş alan imamlar kiminsə hüzr mərasimini, dəfn işlərini yoluna verəndə sakinlərdən əlavə pul almırlar. Əgər Azərbaycanda da bu işlə məşğul olan təbəqəni leqallaşdıracaqlarsa və onlara aylıq əməkhaqqı verəcəklərsə, bunu gözəl başlanğıc hesab etmək olar. Təbii ki, dövlətdən əməkhaqqı alan bütün şəxslər məsləyindən asılı olmayaraq, vergi ödəməlidir”.

E.Mirinin sözlərinə görə, bu yenilik o vaxt cəmiyyət tərəfindən səmimi olaraq qəbul edilər ki, yaslara və mollalara tətbiq edilən qayda-qanunlar, eynilə toylara və müğənnilərə də şamil edilsin: "Bu gün hər toydan 5-10 min manat qazanc götürən müğənni dövlətə bir qəpik vergi ödəmirsə, yasdan 300 manat pul əldə edən molladan vergi tələb etmək məntiqsiz olar. Proseslərin bu cür birtərəfli aparılması bürokratik əngəllərin yaranmasına, dövlət-din problemlərinin meydana çıxmasına şərait yarada bilər”.

İsmayıl