Ruhaninin internet və hicabla bağlı dedikləri siyasi oyundur

“O, zaman-zaman belə açıqlamalar verir. Ancaq bir müddət keçir və mövcud vəziyyət dəyişmir”



İran prezidenti Həsən Ruhani ölkədə qadınların baş örtüyü məcburiyyətini və internetdəki qadağaları tənqid edib. Prezident bildirib ki, qadınlar başlarını polis və hərbçilərin məcburiyyəti ilə bağlamamalıdır: "Bu günə qədərki təcrübəmiz göstərir ki, buna zorla nail olmaq olmaz. Polislə hərbçinin yerini alimlər, mütəfəkkirlər və universitet müəllimləri almalıdır. İndiki dövrdə gəncləri məcbur etmək olmaz, bu, yalnız təbliğatla olmalıdır”.

İranda internetə münasibəti qınayan Ruhani problemlərin qadağa ilə həll olunmasını mümkünsüz sayıb: "Onu bağlayıb, bunu qadağan etməklə nəticə əldə etmək olmur. Biz elə bilirik ki, divar hörmək, maneə qoymaqla işlər həll olur. Siz filtir tətbiq edirsiz, onlar da filtiri qıran proqramlar hazırlayır. Problemlər qadağa ilə həll olmur. Olsaydı, bu günə qədər həll olunardı”.

Görəsən, islahatçı imicə malik bir rəhbər kimi xarakterizə edilən Həsən Ruhani İranın ali dini liderinə rəğmən fars ölkəsində müsbət dəyişikliklərə imza ata biləcəkmi? Ümumiyyətlə, Prezidentin səmimi olaraq belə bir niyyəti varmı, yoxsa onun söylədikləri sadəcə olaraq düşünülmüş fars siyasətinin bir parçasıdır?

Millət vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı hesab edir ki, Ruhani Qərbə "demokratik, azad və sərbəst ölkə İran” mesajı vermək üçün belə açıqlamalar edir: "Düzdür, dünyanın bütün ölkələrində inkişaf prosesi gedir, cəmiyyətlər dəyişir. Eynilə bu proses İranda da başlayıb. Orda da mühafizəkar dini kəsimlərin arasında mütərəqqi qüvvələr var. Mən onların fəaliyyətinin şəxsən şahidi olmuşam. Ola bilsin, bu çağırışların bəzisi səmimidir. Amma indiki vəziyyətdə İranda əsaslı şəkildə nəyinsə dəyişəcəyini, demokratik hüquqların bərpa olunacağını söyləmək sadəlövhlükdür. Çünki fars rejimi bilərək və istəyərək öz əl-qolunu bağlayıb. Ruhaninin internet və hicabla bağlı dedikləri siyasi oyundur. O, zaman-zaman belə açıqlamalar verir. Ancaq bir müddət keçir və mövcud vəziyyət dəyişmir. Ruhani də bunu İranın ali dini liderinin üzərinə ataraq Xameneyinin islahatlara icazə vermədiyini deyir və özünə bəraət qazanmağa çalışır”. Siyasi ekspert Əli Oruclu isə vurğulayıb ki, son müşahidələr İranda islam ənənələri ilə idarəçilikdə yumşalmaların olduğunu göstərir: "Hələ Ruhanidən qabaq İranda baş verən kütləvi aksiyalar, gənclərin bu aksiyalarda fəal iştirakı və özgürlük çağırışları bu ölkədə yeniliklərin siqnallarını verirdi. Bu gün İranın hakim dairələri çox yaxşı anlayırlar ki, qlobal dünyada izolyasiyada uzun müddət yaşamaq, özünütəcridlə fars rejiminin ömrünü uzatmaq mümkün deyil. Digər müsəlman ölkələrindən fərqli olaraq İranda müasirlik, Avropa standartları inqilaba qədər mövcud olub. Bu dünyəvilik İran cəmiyyətində öz təsirini saxlayıb. Ona görə də Ruhani qapalı mühitin və cəmiyyətin əksinə təhlükə törətdiyini fərq edir. Güman edirəm ki, bir sıra islahatların aparılması mümkün olacaq”.

Araşdırmaçı-jurnalist Rövşən Ziya da İranın indiki prezidenti barədə müsbət fikirlərin səsləndiyini deyib: "Həsən Ruhaninin islahatçı olduğu söylənilir. Əslində bu islahatçılığı İranın həyata keçirdiyi daxili və xarici siyasətdə açıq şəkildə görmək mümkündür. Ruhani prezident seçildikdən sonra İrana qarşı tətbiq edilən sanksiyaların bir çoxunun aradan qaldırılması, İran vətəndaşlarının bir qədər rahat nəfəs almasına səbəb oldu. Halbuki, əvvəlki prezidentlərin dövründə bu ölkənin həyata keçirdiyi nüvə siyasəti beynəlxalq güclərin və dünya dövlətlərinin böyük narazılığına səbəb olurdu. Bunun nəticəsində də İran lokal müharibə qarşısında qalırdı. Ancaq Ruhani müharibə təhlükəsinin və çoxsaylı sanksiyaların qarşısını ala bildi. Bu da onu dünyada yeganə islahatpərəst İran prezidenti kimi tanıtdı. Bütün bunlara nəzər saldıqda, onun insan hüquqları ilə bağlı söylədiyi fikirləri yalan yox, növbəti islahat xarakterli mesaj kimi dəyərləndirmək daha doğru olar”.

İsmayıl