Məktəbli formalarına Təhsil Nazirliyi nəzarət etməlidir

Formaların hazırlanması prosesinə bir neçə tikiş fabrikləri və müəssisələri cəlb olunmalıdır



Yeni tədris ilinin başlanmasına saylı günlər qalıb. Vaxt yaxınlaşdıqca məktəblilərin və valideynlərin də həyəcanı artır. Valideynləri daha çox qayğılandıran əsas məsələlərdən biri də məktəbli formasıdır. Bununla bağlı artıq bir neçə ildir ki, bütün məktəblərdə vahid formaya keçilib.

Məktəbli formasının hazırlanması isə Bakı Tikiş Evinə həvalə edilib. Fabrik məktəbli formalarının sayı və alışı ilə bağlı problem olmaması üçün Bakıda "BTE məktəbli dünyası” mağazalarının 12 filialını açıb. Bu isə indiyədək uşağına imkanı daxilində paltar alan kasıb valideynlər üçün ciddi problemlər yaradıb. Çünki qiymətlər valideynləri qane etmir.

Belə ki, təxmini olaraq 26-38 ölçülü formalar 40 manat, 40-44 ölçülülər 45, yuxarı siniflər üçün 36-48 ölçülü formalar 53 manat, 50-52 ölçülü 55 manatdır. Formaya pencək, şalvar (qızlar üçün yubka), köynək və jilet daxildir. 26-38 ölçüdə olan ayrıca kostyumlar 30 manat, 38-48 ölçülülər 40 manat, 50-52 ölçülülər 42 manatdır. Kiçik ölçülər üçün köynək və jiletin hər biri 5 manat, 38-dən böyük ölçülər üçün isə köynək 7, jilet 6 manatdır.

Hətta son günlər sosial şəbəkələrdə məktəbli formalarının bahalaşması və keyfiyyəti ilə bağlı çoxlu narazılıqlar bildirilir. Demək olar ki, problem tam öz həllini tapmayıb.

Təhsil üzrə ekspert Əjdər Ağayev məktəbli formaları probleminin olmasını bir neçə amillə əlaqələndirib: "Çox güman ki, BTE həmin formaları tam hazırlayıb çatdıra bilmir. Və yaxud kimlərsə qazanc xatirinə keyfiyyətinə fikir vermədən tikib, satışa çıxarırlar”.

Ə.Ağayev şagird geyiminin hazırlanarkən bir neçə məqama xüsusi diqqət yetirilməsini istəyib: "Məktəbli forması hazırlanan parçanın şagird üçün nə qədər faydalı olması nəzərə alınmalıdır. Yəni o formanın sıx olub-olmaması, bədən ölçülərinə uyğun hansı parça növündən tikilməsi və ya rənginin uyğunluğu ölçülüb-biçilməlidir. Həmçinin, şagirdin bioloji və fiziki inkişafı nəzərə alınmalıdır. Məsələn, şagirdlər böyüdükcə onlar arıqlaya və kökələ bilir, boyları artır. Bununla yanaşı, geyimin estetik görünüşünə də önəm vermək lazımdır. Əgər indi forma şagirdi sıxırsa, bir-iki aydan sonra həmin məktəbli geyimi istifadəyə yaramayacaq. Belə məsələlər mütəxəssis rəyindən keçməlidir. Formanın konkret tikilmə qaydaları olarsa və bunlar tam şəkildə həyata keçirilsə, problem həll oluna bilər.

O hesab edir ki, problemin həll edilməsi üçün formanın tikilişinin təşkilinə və satılmasına Təhsil Nazirliyi birbaşa nəzarət etməlidir: "Əgər ictimai fikir sahibləri ilə bərabər aidiyyəti qurumlarda keyfiyyət və qiymətlərdən şikayət edirlərsə, o zaman biz kimə fikirlərimizi bildirək? Buna nəzarət sistemi TN tərəfindən valideynlərin arzu və istəklərinə əsasən yaradılmalıdır”.

Həmsöhbətimiz təklif edib ki, formaların hazırlanması prosesinə bir neçə tikiş fabrikləri və müəssisələri cəlb edilsin: "Məktəbli formalarını yalnız Bakı Tikiş Fabriki tikərək, özü qiymətləri müəyyənləşdirib satır. Bu, azad bazar münasibətlərinə uyğun gəlmir və monopoliyaya gətirib çıxarır. Ona görə də, məktəbli formasının yalnız bir fabrik tərəfindən hazırlanmasının tərəfdarı deyiləm. Bir neçə müəssisə məktəbli forması hazırlamalıdır ki, seçim və keyfiyyət azadlığı olsun. Rəqabət mühiti yaransın, keyfiyyət unudulmamalıdır.

Vüqar Şahinoğlu