Sənətimizin tənha qadınları...

Onların da bəzən körpə uşaq kimi sığala ehtiyacları olub


Deyirlər, hər bir güclü kişinin arxasında güclü qadın dayanır. Bəs güclü qadınların arxasında güclü kişi olurmu? Bax əslində bu sualın cavabını tapmaq çətindir. Çünki adətən kişilər güclü qadınları sevmir, onlardan uzaq olmağa çalışır, bəzən hətta ehtiyat edirlər. Yəqin elə ona görə də tarix boyu əksər hallarda güclü qadın olaraq tanınan qadınların böyük qismi tənha qadınlar olur. Yəni onlar qadın olaraq təkbaşına karyeralarında böyük uğurlara imza atmağı bacarıblar.

Xüsusilə də tanınmış, məşhur, ulduz həyatı yaşayan qadınların yaşadıqları bu baxımdan maraqlıdır. Bir çox hallarda kənardan onların həyatına qibtə edənlər, həsəd aparanlar olsa da, adətən tanınmış tənha qadınların şəxsi həyatı o qədər də həsəd aparılası deyil. Onlar ictimaiyyət arasında qayğısız, xoşbəxt qadın tablosunu yarada bilsələr də, əslində bir çoxlarına bu sualı vermək olar - Tənha qadın, xoşbəxtsənmi?

O tənha qadın ki, onları milyonlar sevir, onların ulduz həyatı kənardan göz qamaşdırır, onların yerində olmaq istəyənlərin sayı hər gün çoxalır. Bəzən sadə ev qadınları o həyatın arzusunda olur. O ev xanımları ki, əslində özləri də fərqinə varmadan xoşbəxt olduqlarından xəbərsizdilər. Çünki bu sadə ev xanımları, çox sadə həyat yaşayan qadınların normal ailələri, çətin günlərində arxasında ona dəstək olan bir kişi, bir ailə var... Onlar bu xoşbəxtliyin fərqində deyillər. Ancaq hamının gözündə ulduz olan tənha məşhurların pərdəarxası həyatı isə bəzən gölgədə qalır. Onların bu çirkin həyatla mübarizədə qarşılaşdıqları çətinliklər, karyera yolunda qurban verdikləri şəxsi həyat, yalançı dostlar, məşhurluğun əldə etdiyi yalançı təriflər və digərləri bu məşhurların bədbəxtliyidir. Amma heç kim onların tənha olduğundan xəbərdar deyil. Çünki bu məşhurlar bəzən özləri ilə təkbətək qalanda, dörd divar arasında tənha olduqlarının fərqində olurlar. Bəzən bunu etiraf etməyə cürət tapırlar, bəzən isə susurlar. Daha doğrusu, insanların arasında, efirə çıxarkən maskalarını dəyişib qayğısız, xoşbəxt qadın rolunu məharətlə oynamağa çalışırlar. Əslində başqa seçimləri də qalmır. Onlar bu ulduzluq həyatına özlərini məhkum ediblər.

Bizim yerli şou-biznes əhli, tanınmışlar arasında da sənətimizin tənha qadınları çoxdur. Sadəcə, qısa bir xatırlatma bəzən yetir ki, onları yada salaq. Yəqin razılaşarsız ki, adlarını qeyd etdiyimiz bu məşhur sənət ulduzları əslində hər bir tənha qadın həyatını yaşayır.

Xalq artisti Aygün Kazımovanın adını çəkmək kifayətdir. Bir çoxlarının kumiri, sənətinə vurğun qadın - Aygün Kazımova. Ona həsəd çəkənlər az deyil. Bəlkə onun ulduz həyatını bir gecə belə yaşamaq istəyənlər də var. Bəs o tək qalanda tənha qadın olmağından mutlu ola bilirmi? Yəqin ki yox. İllərini səhnəyə verən Xalq artisti tək qadın kimi böyük uğurlara imza ata bilib. Onun arxasında duran kişi isə olmayıb. Kimsə onun əlindən tutub "bu mənim xanımımdır” deməyib. Aygün isə güclü qadın olaraq ayaq üstə durmağı bacarıb. Bəzən yıxılıb, bəzən əzilib. Amma o, güclü qadın olduğunu sübut edə bilib. Bu güclü qadın həm də ana kimi əslində övladına bağlı olduğunu, təkbaşına qız böyüdə bilmək gücünü sübut edə bilib.

Əslində sənətimizin tənha qadınlarının adını çəkməklə bitməz. Aktrisalardan rəhmətlik Xanım Qafarova tənha qadınlarımızdan idi. Bütün çətinliklərə baxmayaraq o, güclü qadın kimi yaddaşlarda qala bildi.

Xalq artisti, bu yaxınlarda ikinci övladını torpağa verən Nuriyyə Əhmədova da tənha qadın məşhurların siyahısında adı çəkilənlərdən sayılır. Bir çoxları onun istedadına, onun efirlərdə oynadığı obrazlara həsəd aparsalar da, əslində bu qadın da tənha məşhurlardan sayılır. Onun arxasında da dərdlərinə sipər olacaq ömür-gün yoldaşı, ona dəstək olan kişisi yoxdur. Taleyin qəribə ironiyası. Ona hamı ulduz kimi baxır. Amma bu ulduzun bu gün nə başını salacaq bir evi, ona qucaq açacaq nə bir ailəsi, nə də ona arxa olacaq əri var. Ancaq nə yazıq ki, ulduzdur. Belə ulduzluq görən hansı qadına lazımdır?

Xalq artisti Bəsti Cəfərova - Bir vaxtlar bir çox tamaşalarda onun üçün xüsusi rollar yazılırdı. O hələ sovet dönəmlərində gənc yaşlarından çox məşhur ola bilmişdi. Onun ulduz həyatı hamı üçün maraqlı idi. Hər kəs efirə çıxanda ondan danışır, ona qibtə edirdi. Amma nə yazıq ki, bir çoxlarının qadın olaraq ürəyindən keçən bu məşhur qadın da bu gün tənha qadın həyatına məhkumdur. Evində bir qızını min bir çətinliklə təkbaşına böyüdür. Halbuki onun da qadın

olaraq xoşbəxt olmağa yəqin ki, haqqı var. Həyat isə ona məşhur tənha qadın rolunu oynamağa məcbur edib...

Milyonların sevgisini qazanan Röya... Onun ulduz həyatına paxıllıq edənlər də oldu, ona həsəd aparanlar da. Bir çoxları onun kimi olmağa çalışdılar. Bəxtəvərlik oxuyanlar da az olmadı. Röyanın ailə qurması bir çoxlarının həzm edə bilmədiyi həqiqət oldu. Amma bütün bu uğurlar, milyonların sevgisi, ulduz həyatı, məşhurluq iddiası və s. ondan ən böyük sevgini, ən böyük var-dövləti ala bildi. Röya milyonların sevgisini qazandıqca, min bir çətinliklə əldə etdiyi ailəsinin, həyat yoldaşının sevgisini itirməyə başladı. Bəlkə fərqinə varmadan, bəlkə elə bilə-bilə ailəsini itirdi. Tənha, məşhur qadın oldu sonunda. Bəs kimdir günahkar. Məşhur olmaq iddiası, böyük karyera uğuru, ya həyat? Günahkar kimdir, deyə bilmərik. Amma bir həqiqət var. Milyonların həsədlə baxdığı - ulduz Röya tənha qadın olaraq yaşayır.

Xalq artisti Firəngiz Mütəllimova da məşhur tənha qadınlarımızdandı. Firəngiz xanımın gənclik illərində çox parlaq efir həyatı olub. Gözəlliyi, cazibəsi ilə bir çox kişilərin gizli sevgisi olan bu qadın da əslində illərdi tənha qadın taleyi yaşayır. Ona həsəd aparanlar olub, qadın kimi onun kimi görünmək istəyənlər də az olmayıb. Onun rolunu oynamaq arzusunda olan aktrisalar da az deyildi. Bəs görən onun qadın ömrünü yaşamaq istəyən varmı bu gün? Yəqin ki, heç bir qadın onun kimi tənha olmaq istəməz.

Qadın kimdir? Qadın körpə uşaq kimi bəzən sığala ehtiyacı olan kövrək varlıq... Qadın bir ailənin başında duran ana. Qadın bir kişinin sevdiyi, ona ömrünü həsr etdiyi incə məxluqdu. Bir qadının ki, isti ocağı, ailəsi, uşaqları, ömür-gün yoldaşı yoxdu, onu xoşbəxt qadın adlandırmaq mümkündürmü? Yəqin ki, yox. Əslində heç bir qadın tənha olmaq istəmir. Əslində, heç bir qadın gecələr yastığını qucaqlayıb təkbaşına dərdlərinə bürünməyi arzulamır. Əslində heç bir qadın arxasız olmağı həzm edə bilmir. Amma nə yazıq ki, cəmiyyətdə bəzən çox güclü görünən məşhur qadınlarımız gecələr təkliyinə lənət oxuyub, gündüzlər "mən çox xoşbəxtəm” deyərək maskasını taxıb gündəlik həyatını, karyerasında növbəti uğurunu əldə etmək üçün yenidən ayağa qalxmağa məhkum rolunu oynayır. Həm də bəzən çox məharətlə. Gerçək həyatda aktrisalıq edərək həyatının yalançı rolunu oynayır. Bu rol onu nə qədər tanıtsa da, nə qədər məşhur və güclü göstərsə də, pərdə arxasına qayıdanda, özü ilə baş-başa qalanda təkliyinin fərqinə varır. Nə qədər ağır səslənsə də, illər keçdikcə yaşlanan bu məşhurlar, qocalanda heç kimə lazım olmurlar. Nə qapılarını döyən, nə məraqlanan, nə də sevgisini bildirənlər qalır. Geriyə yalnız xatirələr və bəzən də "əfsus” deməkdən başqa heç nə qalmır. Əfsus!!! Sonda sənətimizin tək qadınlarına bu sualı ünvanladım. Tənha qadın, xoşbəxtsənmi?

Tahirə Məmmədqızı