Nazir: “Sınaq imtahanından keçməyən müəllimlərin maaşı artmayacaq”






Bu gün keçirilən müəllimlərin ənənəvi sentyabr konfransında təhsil naziri Mikayıl Cabbarov çıxış edib. O, təhsil işçilərini yeni təhsil ilinin başlanması münasibətilə təbrik edib.

"Son illər təhsil sistemində bir sıra yeniliklər baş verib. 2013-cü il oktyabrın 24-də prezident İlham Əliyevin təsdiqlədiyi "Təhsilin inkişafı üçün dövlət strategiyası”na toxunmaq istərdim. Təhsilimizin gələcəyini müəyyən edən bu sənəd həyati əhəmiyyət kəsb edir. Son 10 ildə ölkəmizdə təhsil strukturunun müasirləşdirilməsi istiqamətində böyük işlər görülüb. 2800-dən çox yeni məktəb tikilib və əsaslı təmir olunub. 1 milyondan çox şagirdin təlim şəraiti yaxşılaşdırılıb. Təhsil Nazirliyi tərəfindən bu il 82 təhsil obyektində, o cümlədən 64 orta məktəbdə təmir işləri aparılıb. 265 fizika, kimya və biologiya laboratoriyaları müasir avadanlıqla təchiz olunub. Bu il 70-dən çox məktəbin internet şəbəkəsinə qoşulması təmin olunub”. (Modern.az)
M.Cabbarov bildirib ki, builki sınaq imtahanından keçməyən müəllimlərin əmək haqqının artırılması məsələsi gündəmdə olmayacaq.

"Bakı şəhərində yerləşən məktəblər lokomotiv funskiyasını yerinə yetirir. Müəllimlərin sınaq qiymətləndirilməsində iştirak ednlərin 14%-i aşağı, 18%-i yüksək, 68%-i orta nəticə göstərib. Bəzi müəllimlərin dərs yükü azdır. Belə olanda halda dərs saatına uyğun əmək haqqının artırılması ciddi nəticə verməzdi. Biz öncə dərs yükünü optimallaşdırmalıyıq, sonra əmək haqları artırılacaq. Sınaq qiymətləndirmələri keçirdik. Bakı şəhərində yerləşən sınaq qiymətləndirilməsi imtahanından keçən müəllimlərin əmək haqlarının artırılması nəzərdə tutulub. Sınaq qiymətləndirilməsində iştirak etmədiyi üçün bölgələrdə yerləşən məktəblərin müəllimlərinin əmək haqqı artırılmayacaq. Biz nəzərdə tuturuq ki, növbəti dövrdə bölgələrdə sınaq qiymətləndirilməsi keçirilsin. Bundan sonra qiymətləndirməyə uyğun olaraq dərs saatı və hər saatın maddi dəyəri artırılacaq".