Paytaxt Bakının parklarında, metro çıxışlarında, yeraltı keçidlərində əllərində musiqi aləti, qarşılarında isə gəlib-keçənlərin pul atması üçün yerə qoyduqları gitara, skripka və nağara çantası olan gənclərlə tez-tez qarşılaşırıq. Küçə musiqiçiliyi ilə məşğul olan bu gənclərin bəziləri bu sahədən pul qazanmaq istəyir, müəyyən qismi də "bu hobbimdir” deyərək öz fəaliyyətləri ilə məşğul olur. Amma paytaxt sakinlərinin bir hissəsi ətrafa ruh oxşayan səs yayan bu insanları başa düşmür. Bəziləri də onlarla söhbət edib, maraqlandığı suallara cavab almaq istəyir. Həmin insanlar kimi məni də küçə musiqiçilərinin fikirləri maraqlandırır. Elə bu məqsədlə bir neçə günümü sərf edib, çətində olsa, Bakının küçə musiqiçiləri ilə söhbət etdim. Olara bu sahəyə necə və niyə gəlmələri, fəaliyyətləri boyu qarşılaşdığı çətinliklər və küçə musiqiçiliyinin mənfi və müsbət tərəf ilə bağlı suallar ünvanladım.
Atamın heç razılığı yox idi
İlk olaraq suallarımı cavablandıran Azərbaycan Dövlət Neft və Sənaye universitetinin (ADNSU) üçüncü kurs tələbəsi Hacıyev Səlim bildirdi ki, küçə musiqiçiliyi ilə xəyallarını gerçəkləşdirmək üçün məşğul olur:
"19 yaşım var. Hazırda ADNSU-da üçüncü kursda oxuyuram. Uşaq vaxtlardan musiqi ilə məşğul oluram. Əsasən saz və gitarada yaxşı ifa edirəm. Ən böyük arzularımdan biri tanınmış gitara ifaçısı olmaqdır. Əvvəllər valdeynlərim musiqi ilə məşğul olduğum üçün mənə mane olurdu. Hətta atamın heç razılığı yox idi. Məktəbdə dərslərimdən yaxşı qiymət aldığım üçün atamın razılığı ilə yaşadığım Şəki şəhərində iki il musiqi məktəbinə gedib, gitara və sazda sərbəst ifa etməyi müəyyən qədər öyrəndim. Sonralar isə internetlə, əsasən də "YouTube" vasitəsi ilə özümü nisbətən təkminləşdirdim. Universitetə qəbul olunanda qrup yoldaşımla musiqi zövqümüzün eyni olduğunu öyrəndik. Artıq üç ildir, birlikdə gitara ilə məşğul oluruq. Əvvəllər univeristet daxilində müəyyən tədbirlərdə iştirak edirdik. Amma sonra qərara aldıq ki, keçidlərdə, parklarda, Sahildə bizi kimi həvəskarlarla birlikdə fəaliyyətə başlayaq. Bura da məqsədimiz maddiyyatla yanaşı özümüzü tanıtmaq idi. Həm də bir növ bu iş hobbimizdi. İndi bir az vəsait əldə edib, daha böyük işlərlə məşğul olmaq istəyirik”.
Küçə musiqiçiliyi hobbimdir
Səlimlə birlikdə küçə musiqiçiliyi ilə məşğul olan Abbasov Həmid söylədi ki, bu sahə pul qazanmaq üçün uyğun deyil:
"Bakı şəhərində anadan olmuşam, elə burada da böyümüşəm. Noyabrın 22-də 20 yaşım tamam oldu. Hazırda ADNSU-da üçüncü kursda oxuyuram. Səlimin qrup yoldaşıyam. Mənim də onun kimi uşaq vaxtlarımdan gitaraya marağım olub. Lakin bu musiqi alətində ifa etməyi məhəllə uşaqlarından öyrənmişəm. Keçidlərdə gitara çalaraq pul qazanmaq əsas ideam deyil. Əsasən bu iş hobbimdir. Xəllarıma çatmaq üçün bir yedən başlamalıydım və düşünüb, bu yolu seçdim. Ən çox reallaşmasını istədiyim arzum öz mahnılarımdan ibarət albom çıxarmaqdır”.
Kirayə, universitet və gündəlik xərclərimi küçə musiqiçiliyindən çıxarıram
Azərbaycan Dövlət Texniki universitetinin (AZTU) tələbəsi Şahin Məmmədov bu sahədə qarşılaşdığı çətinliklərdən danışdı.
"AZTU-da tələbəyəm. Musiqi ifa etməyi çox xoşlayıram. Doğulduğum Yardımlı rayonunda müəyyən vaxtlar musiqi ilə məşğul olmuşam. Hazırda gitara çalmağı və ifamla bərabər mahnı oxumağı bacarıram. Bəzi zirvələrə yüsksəlmək istəsəm də, onu indi bacara bilmirəm. Çünki maddi imkanım zəifdir. Gərək, bu işlərdə ya çoxlu pulun olsun, ya da məni kimi sıfırdan başlayasan. Hazırda gecələr kafelərin birində işləyirəm. Bununla yanaşı boş vaxtlarımda həm bulvarda, həm keçidlərdə, həm də metro girişlərində ifalar edirəm. Beləliklə də öz kirayə pulumu, universitet və gündəlik xərclərimi küçə musiqiçiliyindən qazandıqlarımla ödəyirəm. Həqiqətən həyatda çox çətinlik çəkirəm. Həm işləyirəm, həm oxuyuram. Bəzən insanlar Sahildə və ya keçidlərdə pul qazandığım vaxtlarda mənə mani olur. Gah nalayiq sözlər deyirlər, gah insanların pul atması üçün yerə qoyduğum gitara qabını təpikləyirlər, gah da mahnı sifariş verib pul vermirlər. Bəzən insanların bu kimi insafsızlığına göz yumsam da, çox vaxt özümü saxlaya bilmirəm. Hətta bir neçə ay bundan əvvəl 4 nəfər oğlan birlikdə yanımdan keçərkən mənə söz atdı. Yerə qoyduğum gitara qabını içərisinə 10 qəpik atıb, "götür bunu, dilənçi” deyib, güldülər. Onların bu hörmətsizliyinə cavabsız qala bilmədim. Qabın içərisindən 10 qəpik götürüb, üzərlərinə atdım. Sonra da mübahisə etməyə başladıq. Birləşib məni döydülər. Bir də gitaramı sındırdılar. Yəni bu kimi halla çox başıma gəlib. Lakin heç vaxt arzularımdan əl çəkməmişəm. Daha həvəslə yeni mahnılar öyrənib, ifa etməyə çalışıram. Azərbaycanda tanınan ulduzlardan biri olmaq istəyirəm. Bunun üçün çox əziyyət çəkirəm. Ümid edirəm ki, Allahım əziyətimi yerdə qoymayacaq”.

İnanmaq başarmağın yarısı deməkdir
Bakı Humanitar Kollecinin (BHK) tələbəsi Kənan Əsgərov qeyd etdi ki, musiqi vasitəsi ilə qarşısına çıxan maneələri aradan qaldıra bilir:
"İki ildir, parklarda, keçidlərdə və metro çıxışlarında dostlarımla birlikdə musiqi ifa edib, yanımızdan gəlib keçənlərdən pul qazanırıq. Müsiqi ilə 10 yaşımdan məşğul oluram. Hətta bir neçə il müsiqi məktəbinə də getmişəm. Demək olar, məktəbdə bütün tədbirlərdə çıxış edirdim. Müəllimlərin, şagirdlərin ifamı bəyənməsi mənim bu sahəyə olan marağımı daha da artırdı. Gitara, saz, qarmon, skripka kimi musiqi alətlərində sərbəst ifa edə bilirəm. Hətta bəzən mahnı da oxuyuram. Bir neçə il bundan əvvəl "Tanıdım Səni” televerlişinə də qatılmağa cəhg göstərdim. Amma iştirakçılar çox olduğuna görə, məni seçmədilər. Buna görə pis olsam da, yenə də xəyallarımın axrasınca getməyə çalışdım. 2016-cı ildə BHK-ya daxil oldum. Orada məni kimi musiqiyə maraqlı olan iki qrup yoldaşımla tanış oldum. Və onlarla birlikdə musiqi qrupu yaratdıq. Qrupumuzun adını "KMA” qoyduq. Mənası isə Kənan, Mehdi və Aygün adlarının baş hərfidir. Hazırda üçümüz də çalışıb, qrupumuzu hər kəsə tanıtmağa cəhd göstəririk. Müəyyən çətinliklər çəksək də, nə vaxtsa, bizim də ölkənin tanınan musiqi qruplarından biri olacağımıza inanırıq. Çünki inanmaq başarmağın yarsı deməkdir”.

Böyük səhnədə mahnı oxumaq istəyirəm
"KMA”-ın nümayəndəsi Aygün Qiyaslı nəzərə çatdırdı ki, mahnı oxumaq uşaqlıq arzusu olub:
"Kənanla birlikdə mən də iki ildir, Sahildə və keçidlərdə müsiqi ifa edirəm. Hazırda 18 yaşım var. Bakı Humnitar Kollecində təhsil alıram. Uşaq yaşlarımdan musiqiyə həvəsim olsa da, evdəkilərin etirazından dolayı geniş şəkildə bu sahə ilə maşğul ola bilmədim. Əvvəllər daraq, ətir şüşələrini əlimə götürüb, otağımda mahnı oxuyurdum. Bir anlıq özümü tanınmış ulduz, kiçik otağımı böyük səhnə, qabağımdakı əşyaları da məni və mahnılarımı çox sevən fanatlarım kimi düşünürdüm. Və demək olar ki, hər axşam müğənni olmağımın xəyallarını qrururaraq yuxuya gedirdim. Eh saf uşaqlıq, nə demək olar ki? Məktəbdə, rayonmuzda tədbirlər olanda çıxış edirdim. Artıq kollecə daxil olanda qrup yoldaşlarımla birlikdə "KMA” qrupunu yaratdıq. Hazrda da çalışıb, nələrsə başarmağa cəhd edirik. Bəlkə, gələcəkdə həqiqətən müğənni olub, fanatlarıma böyük səhnədə sevilən mahnılarımı oxumaq qismət olar. Amin ...”
Azərbaycanda küçə musiqiçiliyi anlayışı normal qarşılanmır
BHK-in tələbəsi və "KMA” qrupunun üzvü Mehdi Salmanov dedi ki, xarici ölkələrdə küçə musiqiçiləri onlar kimi insanların hörmətsizliyi ilə qarşılaşmır:
"Dostlarımla birlikdə mən də küçələrdə, keçidlərdə musiqi ifa etməklə məşğulam. Doğrusu, bu işdən heç də zövq almıram. Çünki digər insanların bizə baxışları, davranışları dözülməzdir. Bəziləri bizi qıcıq etmək üçün qarşımıza üç, beş qəpik atıb, gülür. Kimisi də söz atıb, məsğərəya qoyur. Bu işlə məşğul olan türk vətəndaşları ilə sosial mediada əlaqəm var. Dediklərinə görə, bu, onlarda normal qarşılanır. Lakin bizdə nə üçün belə olduğunu bilmirəm. Sadəcə onu demək istəyirəm ki, nə oğurluq edirəm, nə də kiminsə haqqını yeyirəm. Neynəyirəm ki? Harama əl uzatmıram, musiqi vasitəsilə gəlib-keçənlərdən pul istəyirəm”.
Küçə musiqiçiliyi ilə xeyriyyə məqsədi üçün məşğul oluruq
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbəsi Tural Əsədov vurğulayıb ki, küçə musiqiçiliyi ilə pul qazanmayıb:
"1997-ci ildə Bərdə rayounda anadan olmuşam. Bu yaxınlarda 21 yaşımı tamam olacaq. Hazırda UNEC-də dördüncü kursda oxuyuram. Üç yaşımdan Bakıda yaşayıram. Məncə, musiqiyə marağım böyük şəhərədə yaşadığım üçündür. Burada nənəm musiqi məktəbində çalışır. Altı yaşım olanda məni piano dərslərinə aparırdı. Sonralar piano ilə birlikdə gitara və nəfəsli musiqi alətləri ilə məşğul olmağa başladım. Hazırda bir çox musiqi sahəsində müəyyən fikirlərə sahibəm. 2015-ci ildə UNEC-ə qəbul olduqda universitetdə musiqiyə maraqlı uşaqlarla tanış oldum. Onlarla birlikdə boş vaxtlarımızda musiqi ilə məşğul olurduq. Daha sonra dostlarımla birlikdə kimsəsiz, fiziki əngəlli körpələrə yardım etmək məqsədi ilə, Sabir bağı, Malakan bağı, Flarmoniya bağı, Sahil, Tarqovu kimi ərazilərdə küçə musiqiçiliyinə başladıq. Müəyyən plakatlar, afişalar düzəldib, gəlib- keçənləri xeyriyyə işinə cəlb etmək istəyirdik. Əsasən yaşlı insanlar təşəbbüsümüzü doğru hesab edib, köməklik edir. Amma bəzi gənclər gücləri çatan qədər dəstək olsalar da, əksəriyyəti öz çılğın, sağlam olmayan fikirlərindən yola çıxaraq, müəyyən arzuolunmaz davranışlar göstərir. Lakin bizim burada xeyriyyə məqsədi ilə əziyyət çəkdimizə əhəmiyyət vermirlər. Amma son zamanlar vaxt qıtlığından dolayı bu işləri sıx-sıx həyata keçirə bilmirik. Bəzən yığışıb, parqlarda musiqi ifa edərək pul toplayıb, uşaqlar evinə bağışlayırıq. Və gənclərə buradan üz tutub, bu kimi işlərlə məşğul olmalarını tövsiyə edirəm”.
Hazırladı: Kənan Eynuroğlu