6 rayonun qaytarılması mümkündür

Prezidentlər Sankt-Peterburq görüşündə Qarabağın həllinə çox yaxın olacaq



Rusiya rəhbəri Vladimir Putinin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan başçısı Serj Sarkisyanla üçtərəfli görüşü iyunun 20-də Sankt-Peterburqda keçiriləcək. Bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib. O bildirib ki, Azərbaycan və Ermənistan prezidentlərinin görüşü Sankt-Peterburqda beynəlxalq iqtisadi forum çərçivəsində baş tutacaq: "İyunun 20-də Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin məlum Dağlıq Qarabağ probleminə dair üçtərəfli danışıqları planlaşdırılır”.

Prezident köməkçisi deyib ki, Putin əvvəlcə Sarkisyan və İlham Əliyevlə ayrılıqda görüş keçirəcək, sonra üç Prezident birgə danışıqlar aparacaqlar. Prezidentlərin Sankt-Peterburq görüşündən konkret nəticələr gözlənməsə də, münaqişənin həllində əhəmiyyətli olacağı istisna edilmir. Ekspertlərin fikrincə, Avropa Birliyi və ABŞ regiondakı problemlərin həllində bu və ya digər dərəcədə Rusiya ilə dil tapmaq xəttini götürür. Onların qənaətinə görə, Rusiya regionda hərbi-siyasi təmsilçiliyi olan yeganə gücdür.

"Görüşdə 5 və ya 6 rayonun qaytarılması müzakirə olunacaq”

Rusiya İctimai Palatasının üzvü, politoloq Sergey Markov Sankt-Peterburqda keçiriləcək görüşdə müzakirə ediləcək məsələlərin aydın olduğunu söyləyib. Onun sözlərinə görə, prezidentlərin görüşündə 2011-ci ildə qəbul olunmuş "Kazan düsturu” masaya yatırılacaq: "Müzakirələrə Dağlıq Qarabağ ətrafı beş və ya altı rayonun Azərbaycana qaytarılması, bölgənin statusu haqda danışıqların başlanğıcı, regionun silahsızlaşdırılması və Laçın dəhlizinin Ermənistana verilməsi daxildir. "Kazan düsturu” ilə bağlı hər iki tərəf razılaşıb. İndi münaqişənin həlli üçün tarixi məqam və imkanlar yetişib”. Markov hesab edir ki, Sankt-Peterburqda sənəd imzalanmayacaqsa belə, tərəflər əsas məsələlər üzrə razılaşa biləcəklər: "Rusiya öz təklifləri ilə Bakı və İrəvanı oyatmağı bacardı. Bu ona görə belə oldu ki, yalnız Rusiya bu münaqişədə obyektiv vasitəçi olmaq imkanına sahibdir. Nə ABŞ, nə də Avropa Birliyi burada effektiv vasitəçi ola bilərlər. Avropa Birliyinin başı daxili problemlərinə qarışıb, ABŞ-da isə prezident seçkiləri keçiriləcək. Digər tərəfdən, ABŞ-ın son 25 illik təcrübəsi yalnız xaos və xarabalıqdır”.

"Görüşdə münaqişənin həlli ilə bağlı taktiki irəliləyişlər gözlənilir”

Millət vəkili, siyasi elmlər doktoru Elman Nəsirli prezidentlərin növbəti görüşündən gözləntilərin çox olduğunu deyib: "Aprel döyüşlərinə qədər Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi bir mərhələ idisə, həmin döyüşlərdən sonra tamam yeni mərhələ başlayıb. Yeni mərhələnin əsas xüsusiyyəti ondan ibarətdir ki, artıq köhnə yanaşmalarla konflikti həll etmək mümkün deyil. Aprel döyüşlərinə qədər həmsədrlərin fəaliyyəti münaqişənin müharibəyə çevrilməsinin qarşısını almaqdan ibarət idi. Sonuncu döyüşlər göstərdi ki, buna ümid bəsləməyə heç bir əsas yoxdur, istənilən vaxt hərbi əməliyyatlar yenidən alovlana bilər. Sırf bu səbəbdən Vyana görüşü əvvəlkilərdən seçildi. Bu mənada iyunun 20-də keçiriləcək görüş çox məsuliyyətli olacaq. Görüşdə münaqişənin həlli ilə bağlı müəyyən taktiki irəliləyişlər gözlənilir və buna böyük ümidlər var. 3 həmsədr sırasında Rusiyanın Ermənistana daha ciddi təsir imkanlarına malik olması heç kimə sirr deyil. Hətta Almaniya kansleri Angela Merkel Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi görüşdə də münaqişənin həllində Moskvanın həlledici rola malik olduğunu bildirib. İndi də bu məlumatlar yayılıb ki, artıq Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü Rusiya təşkil edir və bu da prezidentlər səviyyəsində olacaq üçtərəfli görüşdür. Münaqişənin həllində ən böyük məsuliyyət də həlledici tərəf hesab edilən Rusiyanın

üzərinə düşür. Hesab edirəm, bu fikirlər münaqişənin həllilə bağlı Rusiyaya həm də geniş imkanlar verir. Çünki artıq onun həlledici rolu beynəlxalq subyektin digər dövlətləri tərəfindən də tanınır. Məsuliyyəti dərk edən Rusiyanın və Prezident Vladimir Putinin indiki vəziyyətdə tarix yazması üçün unikal imkan yaranıb. Bunun baş verməsi Rusiyanın beynəlxalq imicinə də müsbət təsir göstərər. Çünki məlum Ukrayna hadisələri fonunda Moskvanın beynəlxalq imicinə ciddi ziyan dəyib”.

"Böyük ümidlə nəticə gözləməyi məntiqli saymıram”

Politoloq Azər Rəşidoğlu görüşdən konkret nəticələr gözləməsə də, münaqişənin həllində mühüm addım olacağını düşünür: "Problemin ölü nöqtədən çıxması müsbət haldır. Məsələ ondadır ki, aprel döyüşlərinədək danışıqlar prosesi tam fiaskoya uğramışdı, ölü nöqtədə idi və tərpəniş yox idi. Artıq son aylar ərzində danışıqlarda irəliləyiş hiss olunur. Güman etmirəm ki, prezidentlərin üçtərəfli görüşündə hansısa ciddi bir müsbət nəticə əldə etmək olar. Böyük ümidlə üçtərəfli görüşdən bir nəticə gözləməyi o qədər də məntiqli saymıram. Çünki görüşün nəticə verməsi üçün toplantı ərəfəsində çox ciddi hazırlıq getməlidir. Alt səviyyələrdə və ya xarici işlər nazirləri səviyyəsində müəyyən razılıqlar olmalıdır ki, prezidentlərin görüşündə təqdim etsinlər və real nəticəyə nail olsunlar. Ancaq belə bir hazırlıq müşahidə olunmur. Danışıqların növbəti mərhələsinə hazırlıq səviyyəsinin hansı mərhələdə olması haqda hər hansı ətraflı açıqlamalar verilməyib”.

"Kreml istəsə, münaqişə qısa zamanda həll olunar, istəməsə...”

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib ki, əslində Azərbaycan və Ermənistan prezidentlərinin görüşü Parisdə nəzərdə tutulmuşdu. Ancaq daha sonra tərəflər Sankt-Peterburqa üstünlük verdilər. Bunun iki səbəbi var: "Birinci səbəbi odur ki, Sankt-Peterburqda hər ilin iyun ayında beynəlxalq iqtisadi forum keçirilir və foruma Azərbaycan və Ermənistan prezidentləri də dəvət olunurlar. Prezidentlərin görüşünü məhz bu forum çərçivəsində təşkil etmək daha məqsədəuyğundur. Kreml bununla Sankt-Peterburq forumuna diqqəti artırmaq istəyir. Yəni forumda yalnız iqtisadi məsələlər deyil, dövlətlərarası münaqişələr də müzakirə oluna bilər. İkinci səbəb isə odur ki, Dağlıq Qarabağ münaqişəsinin həllində əsas vasitəçi Rusiyadır. Kreml istəsə, münaqişə çox qısa zamanda həll olunar, istəməsə tam əksinə, problemin həlli illərlə uzanar”.

"Masa üzərində hansı sənədin olacağı əsas suallardandır”

Politoloq bir məqama da diqqət çəkib: "Almaniya kansleri Angela Merkel Azərbaycan Prezidenti İlham Əliyevlə Berlində keçirdiyi birgə mətbuat konfransında münaqişənin həllində Rusiyanı "açar dövlət” adlandırıb. Bu, təsadüfi deyil. Aprel ayında atəşkəs məhz Rusiya Prezidentinin vasitəçiliyi ilə əldə olundu. Bu faktor beynəlxalq aləmə mesaj idi ki, Rusiya Cənubi Qafqazda güclü təsirə malikdir. Danışıqlar mərhələsini də Kreml nəzarətdə saxlamaq istəyir. Buna baxmayaraq, Sankt-Peterburqdakı görüş və müzakirələrdən ciddi nəticə gözləmək problematikdir. Çünki Kreml Ermənistan hakimiyyətini Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmağa məcbur etmək istəmir. Belə halda münaqişəni sülh yolu ilə həll etmək mümkün olmayacaq. Danışıqların Rusiya raundunda masa üzərində hansı sənədin olacağı da əsas suallardandır. İndiyədək barəsində danışılan "Kazan sənədi”nin, yaxud "Lavrov variantları”nın qəbulolunmazlığı barədə hər iki münaqişə tərəfindən fikirlər səslənir. Kreml son variantını ictimailəşdirməyib. Rusiya rəsmiləri Lavrovun çantasının heç zaman boş olmadığını desələr də, hələlik "Putinin çanta”sından bəhs edən olmayıb.

Putin prezidentlərə nəyi təklif edəcək?

E.Şahinoğlu bildirib ki, Minsk Qrupu həmsədrlərinin yeni təklifləri yoxdur. Putin uzaqbaşı Azərbaycan və Ermənistan Prezidentlərinə yenidən Kazan prinsiplərini təklif edə bilər: "Bu prinsiplərin yerinə yetirilməsi ilk baxışdan Azərbaycanın xeyrinə olsa da, təkliflər içərisində Dağlıq Qarabağda keçiriləcək referendum tarixinin yer alması rəsmi Bakının plana razılaşmasını çətinləşdirir”.

İsmayıl