60 yaşın işığı

Əjdər Ağayev, Azərbaycan Təhsil Şurasının sədri, pedaqoji elmlər doktoru, professor
"İstəmədən doğulan” insanın dünyaya gəlişi mühüm sosial hadisəyə çevrilir, bayram kimi qeyd olunur. İnsan arzularla yaşaya-yaşaya böyüyür, peşə qazanır, cəmiyyətdə öz yerini tutur, nəsillərin varisliyini davam etdirir...
Yaradanın qanunauyğunluğuna əsaslanan bu mövcudluq, bu vəsilə insanlara adi görünsə də, qeyri-adi, analoqu olmayan yaranışdır. Buna görə də bir çox ölkələrdə hər kəs öz doğum gününü, yuvarlaq yaşam ilini şadyanalıqla qeyd edir. Elə xidmətkar, cəmiyyətdə faydalılığı ilə seçilən işıqlı şəxsiyyətlər olur ki, onun doğum gününü dostlar, qohumlar, el-oba bayram şadyanalığına çevirir.
Belə nurlu insanlar çoxdur. Onlardan biri də mənim uzun illərdən bəri tanıdığım İlham Pirməmmədovdur...
1955-ci ilin 18 aprelində Qazax rayonunun adına, insanlarının vətənpərvərliyinə şeirlər qoşulmuş Daş Salahlı kəndində mülayim yaz havası xoş bir əhval doğururdu. O zamanlar elə zamanın rüzügarı da yumşalmışdı, ürəklərdəki repressiya qorxuları çəkilmişdi. İnsanlar həyata ilhamla, şövqlə, nikbinliklə baxırdılar. Bəlkə elə buna görə də həmin gün Teymur ataya oğlunun dünyaya gəldiyi xəbərini verəndə ata "adını İlham qoyuram, demişdi, qoy ilhamlı olsun”.
Beləcə pir xislətli nəsil ocağına yaraşıqlı, sağlam, gümrah bir oğul da qatıldı. Digər övladlar kimi böyüdü, orta təhsil aldı, şöhrətli Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində mexanik ixtisasına yiyələndi.
İxtisası üzrə işləmək həvəsində olan İlham Universiteti bitirdiyi 1977-ci ildən təyinatla Dənizneftqazlayihə Elmi-Tədqiqat İnstitutunda işləməyə başladı. O, işgüzar bir kollektivə düşmüşdü. Qazandığı ixtisasın sirlərinə burada daha mükəmməl yiyələndi. Təbii ki, mühəndis, elmi işçi kimi kiçik vəzifələrdən başlayaraq, təcrübəsini artırdıqca, elmi-nəzəri biliklərə daha mükəmməl yiyələnmək arzusunda oldu. Bu məqsədlə Azərbaycan Memarlıq və İnşaat Universitetinin aspiranturasında təhsil almağa başladı. Araşdırmalara qoşularkən ali təhsil problemləri ilə də maraqlandı və təhsil alan gənclərin elmi-tədqiqat işlərinə yardımçı olmaq fikrinə düşdü. 1984-cü ildən Təhsil Nazirliyinin nəzdində Tələbə Elmi-Tədqiqat işləri üzrə Respublika Şurasında baş referent kimi fəaliyyətini davam etdirdi.
1989-cu ildən o, Təhsil Nazirliyi sistemində çalışaraq, birinci dərəcəli inspektor, aparıcı inspektor, baş inspektor, baş mütəxəssis və digər vəzifələrdə səmərəli işləri ilə seçildi.
Mənim İlham Pirməmmədovu Təhsil Nazirliyi əməkdaşı kimi tanıdığım 1998-ci ildən bəri o, orada ən məsul işləri yerinə yetirmişdir. Belə ki, Təhsil Nazirliyində rəhbərlik yanında aparatın rəhbəri olaraq, demək olar ki, Nazirliyin bütün şöbələrinin və nazir müavinlərinin işinə istiqamət vermiş, görülən işlərin konseptual dəyərləndirilməsini məharətlə həyata keçirmişdir. O, qazandığı təcrübələri, təhsil sistemində əldə etdiyi pedaqoji-metodik bilikləri, elmi araşdırmalardan aldığı nəticələri öz işində vəhdət halında tətbiqə çalışmış və ona görə də sineqretik və inteqrativ yanaşmalarla Nazirlik Aparatının fəaliyyətinin təsirliliyi və səmərəliliyinə kömək etmişdir.
İlham Pirməmmədov elmlər namizədi dərəcəsi alarkən və elmlər doktoru elmi dərəcəsinə yüksələrkən də öz sadəliyi və təvazökarlığını uca tutmuş, nə yüksək alimlik rütbəsi, nə də yüksək vəzifə missiyası ilə heç vaxt lovğalanmışdır.
Hər kəsə bəllidir ki, Azərbaycan müstəqillik qazandıqdan sonra, digər sahələrdə olduğu kimi, təhsil sahəsində də önəmli işlər görüldü. Təhsil sistemi və onun məzmunu yeniləşdi. 1999-cu ildən Təhsil İslahatının həyata keçirilməsinə başlanıldı. Ulu öndər Heydər Əliyevin göstərişləri və prezident İlham Əliyevin sərəncamları ilə yeniləşən cəmiyyətdə müasir tələblərə cavab verən milli və ümumbəşəri dəyərlərin yeniləşməsi istiqamətində addımlar atıldı.
Təhsil Nazirliyində mühüm vəzifə daşıyan İlham Pirməmmədov da bu işlərin təşkili və həyata keçirilməsində öz fəallığını nümayiş etdirdi. Ümumiyyətlə, o, özünü təhsil sistemini, xüsusən də ali və orta-ixtisas təhsili sistemini bilən mütəxəssis kimi göstərdi. Azərbaycan təhsil sisteminin dünya təhsil sisteminə inteqrasiyası, Boloniya prosesinin Azərbaycanda tətbiqi, xarici ölkələrin təhsil sisteminə istinad olunaraq, özəl təhsil müəssisələrinin yaradılması, yeni dövlət standartlarının hazırlanması, təhsilin yeni məzmununun müəyyənləşdirilməsi, təhsil sistemində yeni təlim metod və texnologiyalarından, İKT-dən istifadənin genişləndirilməsi, pedaqoji kadr hazırlığı problemlərinin həlli sahəsində çalışmalarda İlham Pirməmmədovun da əməyi az olmamışdır.
İlham müəllim elmi və pedaqoji fəaliyyətini davam etdirməkdədir. O, 40-a yaxın elmi məqalənin və 1 monoqrafiyanın müəllifi, bir neçə dərs vəsaitinin həmmüəllifidir, BDU-nun nəzdində FD.02.016 İxtisaslaşdırılmış Müdafiə Şurasının üzvüdür. Bununla yanaşı o, ardıcıl pedaqoji fəaliyyət göstərərək, bir müddət Azərbaycan Memarlıq və İnşaat Universitetində, hazırda isə Bakı Dövlət Universitetinin "Nəzəri mexanika” kafedrasında pedaqoji fəaliyyətini davam etdirir. O, əməkdar müəllim fəxri adına layiq görülmüşdür.
İlham Pirməmmədov işlədiyi müddət ərzində hamı tərəfindən geniş peşəkarlıq və işgüzarlıq vərdişlərinə malik mütəxəssis kimi tanınmışdır. O, hazırda təhsil nazirinin müşaviri olaraq, Nazirliyin fəaliyyətində fəal iştirak edir.
Qeyd etməliyəm ki, İlham Pirməmmədov həmkarları arasında böyük nüfuz sahibi və hörmətəlayiq insan kimi tanınmaqdadır.
Atalar "alim olmaq asandır, insan olmaq çətin” ifadəsini işlətməklə, insanlıq keyfiyyətlərinə daha üstün qiymət vermişlər. Bu baxımdan yanaşdıqda da, İlham Pirməmmədov örnək olası, nümunə götürüləsi ziyalılardandır.
Ağsaqqallıq yaşla deyil, müdrikliklədir, - demişlər. Mən hələ 30 yaşından İlham Pirməmmədovu ağsaqqal kimi görmüşəm. O, son dərəcə təəssübkeş, xeyirxah, ehtiyacı olanlara dəstək verən, dost yolunda "tikəsini bölən” bir vətəndaş ziyalıdır.
İşıqlı insanlar təkcə öz qəlblərini, ağıllarını deyil, hər kəsin yolunu işıqlandırmağa çalışırlar. İlham Teymur oğlu Pirməmmədov da bu işıqlı insanlardandır. Düşünürəm ki, 60 yaşın işığı onun həyat yolunu, fəaliyyətini, müqəddəs amallarını göstərə bilən əsl mayakdır.
60 yaşın mübarək, İlham Teymur oğlu!