Kənd qızı





Azərbaycan şeirinin dərvişi, hər sözündə, hər misrasında olduğu kimi, həyat tərzində də qədim oğuz-türk eli boy göstərən Akif Səməd özündən sonra təkcə poeziyasını miras qoymadı. Həm də Ululcay Akif adlı bir ardıcıl, varis qoydu. Ulucayın "Kənd qızı” şeiri dünən əlimizə keçdi. Oxuyanlar, "lap rəhmətlik Akif Səməd kimi, şirin yazıb” dedilər. Qərara gəldik ki, Ulucayı ədəbiyyat cameəsinə "Şərq” təqdim etsin. Bu şeir Ulucayın ilk təqdimatıdır. Uğurlu olsun. Ata ocağı şeirsiz qalmasın. Qədəmlərin qutlu, türk övladı. Yazmaqda davam et!..

Kənd qızı

Süsənli, sünbüllü gül qoxusuyla
Oxumaq eşqiylə, elm arzusuyla
Yarımçıq bölünmüş o yuxusuyla
Bir payız səhəri gəldi Bakıya.

Sevinci boluydu, çoxuydu həvəs
Həyəcan doluydu, kəsilmiş nəfəs
Bilirdi gəlməyib Bakıya əbəs
Oxumaq adıyla gəldi Bakıya.

Amma bilmirdi ki, bura kənd deyil
Üzünə hər gülən ona bənd deyil
Acıdı, zəhərdi, bura qənd deyil
Çox heyif, çox nahaq gəldi Bakıya.