“Tibbi sığortanın tətbiqi vacibdir”

“İnsanların gəlirləri artdıqca, öz sağlamlıqlarına vəsait qoymalarını istiqamətləndirmək lazımdır”



Oktyabrın 23-də "Regionda səhiyyənin maliyyələşdirilməsi sisteminin islahatı və Azərbaycan üçün seçimlər” mövzusunda yüksək səviyyəli siyasət seminarı keçirilib. Əhəmiyyətli tədbirdə baş nazirin müavini Əli Əhmədov, Türkiyənin keçmiş səhiyyə naziri, Türkiyə Böyük Millət Məclisinin üzvü, professor Bəkir Ağdağ, Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Larisa Leşçenko və bir çox əcnəbi, yerli mütəxəssislər iştirak ediblər.

Seminarı giriş sözü ilə açan Ə.Əhmədov səhiyyə sahəsində aparılan islahatlar və görüləcək işlər barədə məlumat verib. O bildirib ki, dünyada səhiyyənin maliyyələşdirilməsi təcrübəsinin Azərbaycanda əsaslı tətbiqi üçün bu cür beynəlxalq görüşlər çox faydalıdır: "Dövlət üçün vətəndaşın sağlamlığı böyük önəm kəsb edir. Dövlətin ayırdığı xərclər sırasında səhiyyə sahəsi ilk yerlərdən birini tutur. Xüsusilə də son 10 ildə aparılan islahatları, səhiyyəyə ayrılan xərclərin ildən-ilə artdığını xüsusi vurğulamaq lazımdır. Tək Bakıda deyil, bölgələrdə də müasir tibbi avadanlıqlarla təchiz olunmuş tibb müəssisələri açılır. Eyni zamanda kadrların hazırlanması da diqqətdə olan məsələdir. Müasir tibbi biliklərə yiyələnmək üçün təhsildə yeniliklər tətbiq olunur”. Baş nazirin müavini, dövlətin vəsait ayırması ilə yanaşı, vətəndaşların da sağlamlıqlarına biganə qalmamağı vacib hesab edib: "Ayrılan dövlət vəsaitlərindən səmərəli istifadə etmək lazımdır. Bundan başqa, səhiyyəyə əlavə maliyyə mənbələri ayırmaq üçün tibbi sığortaların tətbiqi vacibdir. Çünki vətəndaşların sağlamlığı üçün bütün xərcləri dövlətin üzərinə qoymaq düzgün deyil. İnsanların gəlirləri artdıqca, öz sağlamlıqlarına vəsait qoymalarını istiqamətləndirmək lazımdır”. Ə.Əhmədov səhiyyədə tətbiq olunacaq islahatlar sırasında həkimlərin tələbatının ödənilməsi məsələsinin də gündəmdə olduğunu söyləyib. Baş nazirin müavini son 10 ildə səhiyyə sahəsində böyük islahatlar aparıldığını və xeyli irəliləyiş əldə olunduğunu bəyan edib: "Azərbaycanda ən müasir xəstəxanalar, müalicə obyektləri yaradılaraq müasir tibbi avadanlıqlarla təchiz edilib. Tibbi təhsilin alınması üçün ciddi işlər görülüb ki, bu da səhiyyə xidmətinin keyfiyyətinin yüksəlməsinə töhfə verib. Bunlar da dövlətin insan sağlamlığına göstərdiyi diqqətin nəticəsi və insanların sağlamlığının qorunması üçün atılan addımlardır. Ölkədə həkimlərin, tibbi personalın peşəkarlığının artırılması sahəsində də ciddi işlər görülür”. Ə.Əhmədov qeyd edib ki, digər vəzifə səhiyyə ocaqlarının və tibbi personalın fəaliyyətinin keyfiyyətinin yaxşılaşdırılması, daxili motivasiyasının gücləndirilməsidir: "Səhiyyə müəssisələri və həkimlərin fəaliyyətinin gücləndirilməsi üçün stimullaşdırma mexanizmi təkmilləşdirilmiş şəkildə tətbiq olunmalıdır. Məqsəd ondan ibarətdir ki, yalnız həkimlərin daha yaxşı işləməsi üçün stimul, yeganə amil Hipokrat andı deyil, eyni zamanda, tibb sahəsində çalışanların tələbatlarının daha yaxşı ödənilməsi olsun. Belə bir sistemə keçilməsi həm də bu vəzifənin öhdəsindən gəlmək üçün əlverişli imkanlar yarada bilər”.

Daha sonra çıxış edən Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Larisa Leşçenko bildirib ki, dünyada pulsuz səhiyyə xidməti yoxdur. Hamı tibbi xidmətə görə ödəniş etməlidir: "Azərbaycanda yoxsulluğun aşağı enməsinə baxmayaraq, əhalinin bir çox hissəsi potensial xərclər, xüsusən də səhiyyə xərcləri qarşısında aciz qalır. İnsanların bu cür hallarda qorunmağa ehtiyacı var. Əhalinin sığortanın hansısa növü ilə əhatə olunması vacib amildir”.

Növbəti çıxışı Türkiyənin keçmiş səhiyyə naziri, uşaq sağlamlığı və xəstəlikləri üzrə ekspert Rəcəb Akdağ edib. "Türkiyənin universal səhiyyə xidmətləri” mövzusunda danışan professor bildirib ki, Türkiyədə bərabər əhatəli səhiyyə (BƏS) ehtiyac yarandıqda müvafiq, dəstəkləyici, profilatika, müalicəvi və bərpa səhiyyə xidmətlərinə çıxış kimi müəyyən olunur. Türkiyədə səhiyyə sahəsində "transformasiya proqramı” mövzusundan danışan R.Akdağ, ölkəsində BƏS sahəsində ədalətliliyin artırıldığını deyib: "Son 30 il ərzində ləng irəliləyişlərdən sonra, ölkədə səhiyyənin maliyyələşdirilməsi, səhiyyə xidmətlərinə çıxış və nəticələr sahəsində bərabərsizlik

əhəmiyyətli dərəcədə azalıb. Ölkədə müavinət paketinə əsasən xəstəliyə, hamiləliyə və doğuşa, bədbəxt hadisələrə, peşə xəstəliklərinə, görmə və qulaqasma, stomatologiya, xaricdə müalicə və digər xidmətlər daxildir”. R.Akdağ Türkiyədə tətbiq olunan sığorta haqları barədə də məlumat verib: "Özünü maliyyə baxımından təmin edə bilməyən şəxslərin, 18 yaşına qədər uşaqların, vətəndaşlığı olmayan şəxslərin və qaçqınların sığorta haqları hökumət tərəfindən ödənilir”.

Daha sonra qonaq, Türkiyə səhiyyə sahəsində mövcud olan "Birgə ödəmə” xidməti barədə məlumat verib: "Ambulator bölmədə yazılmış dərmanların 10-20 faizinə, xroniki xəstəlikləri müalicə edən dərmanlara, o cümlədən stasionar bölmədə yazılmış dərmanlara görə bu sistem tətbiq olunmur. Ortez və protezlər üçün isə 10-20 faiz "Birgə ödəmə” tətbiq olunur. Ancaq həyati əhəmiyyəti olmadıqda bu sistem tətbiq olunmur”. Daha sonra icbari tibbi sığorta ilə bağlı Moldova və Xorvatiya təcrübələri də iştirakçılara təqdim olunub. Azərbaycanda səhiyyənin maliyyələşdirilməsi və səhiyyə sektorunda islahatlarla bağlı təqdimatlardan sonra seminar öz işini müzakirələrlə davam etdirib.

İsmayıl