Abşeron rayonunda körpə qızdırmadan vəfat edib. Oxu.Az-ın əldə etdiyi məlumata əsasən, Masazır qəsəbə sakini 2024-cü il təvəllüdlü Ə.Hacızadə yüksək hərarətlə xəstəxanaya yerləşdirilib. Körpə xəstəxanada dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.
Bəs belə halların yaşanmaması üçün yüksək qızdırma zamanı nə etməliyik? Hansı dərmanlardan istifadə etmək daha məsləhətlidir?
Suallarımızı cavablandıran professor Adil Qeybulla “Sherg.az”a açıqlamasında deyib ki, körpə uşaqların hər şeyə reaksiyası qızdırma ilə müşahidə olunur:
"Çünki onların orqanizmi daha reaktivdir. Bu baxımdan körpələrin temperaturu qısa müddətdə yüksək həddə çatması mümkündür. Həmçinin uşaqlarda su tutumu və orqanizmin ölçüsü az olduğuna görə, yüksək temperatur həcmində qıcolmalar baş verə bilər. Bunun qarşısını almaq üçün isə temperaturun çox yüksəlməsinə imkan vermək olmaz. Yəni, temperaturun 38-dən çox olmamalıdır. Təbii ki, iltihab və yaxud orqanizmin prossesindən asılı olaraq qızdırma uzun müddətli və epizodik də ola bilər. Bunun üçün həmin stiuasiyalar yerində araşdırılmalıdır. Analar ev şəraitində ilk növbədə "Panadol"-dan istifadə etməlidir. Bunun üçün uşaqların dad xüsusiyyətinə uyğun hazırlanan panadollar var. "Efferalgan","Parasetamol"-da sirop şəklində rahatlıqla qəbul etmək olar. Ancaq "Panadol"-dan çox istifadə etmək olmaz. Çünki qaraciyərində narahatlıq olan uşaqlara ciddi problem yaşada bilər. Daha sonra "Doktor mom" ilə körpəni ovuşdurmaq, alına yaş sərin dəsmal qoymaq məsləhətlidir. Həmçinin, sahə pediatrına müraciət etmək daha məqsədəuyğundur. Burada əsas məqsəd uşaqlarda temperaturun yüksək səviyyəyə qalxmasına maneə olmaqdır. Həkim artıq temperaturun hansı səbəbdən baş verdiyini araşdıraraq ona uyğun tədbir görəcək".