İyunun 15-i Azərbaycanda dəniz mövsümü başlayıb. İnsanların sərinləmək və əylənmək məqsədilə getdikləri çimərliklər çox zaman onların ölüm yerinə çevrilir. Boğulma hallarının çoxu vətəndaşların ehtiyatsızlığına görə olur. Çünki çoxu çimmək üçün qadağan olunmuş su hövzələrinə, qeyri-çimərlik ərazilərə üz tuturlar və nəticədə onları xilas etmək mümkün olmur.
Eyni zamanda, spirtli içki qəbul etdikdən sonra dənizə girənlər, yaxud daha dərinə üzənlər də çox zaman dənizin qurbanı olurlar.
Maraqlıdır, çimərlik mövsümü başlayandan bu yana neçə nəfər dənizdə batıb?
Bizim.Media-nın araşdırmasına görə, son 9 gündə 4 nəfər Xəzərdə batıb, 3 nəfər isə batma təhlükəsi ilə üzləşib və xilas edilib.
Qeyd edək ki, dənizdə batanlardan biri azyaşlı olub. Boğulanlar Bakının Nardaran, Novxanı, Dübəndi, Bilgəh çimərliklərində batıblar.
İyunun 10-da 1979-cu il təvəllüdlü Mikayıl Mirzəyev Dübəndidə, iyunun 14-ü azyaşlı uşaq Bilgəh çimərliyində, iyunun 24-də isə Xaçmaz rayonunun Qaracik Zeyid kənd sakini 23 yaşlı Ədil Həsrətov Novxanıda dənizdə boğularaq ölüb. Nardaranda ölən şəxsin kimliyi ilə bağlı isə hələ məlumat yoxdur.
Dənizdə boğulma təhlükəsiz ilə üzləşən bəzi şəxslər isə xilas ediliblər.
Belə ki, Bakı şəhəri, Xəzər rayonunun Qala qəsəbəsi sakinləri 1988-ci il təvəllüdlü B.Hüseynov, 1997-ci il təvəllüdlü B.Axundov və 2005-ci il təvəllüdlü N.Cəfərzadə isə Buzovna çimərliyində batma təhlükəsi ilə üzləşsələr də, xilas olunublar.
Əməyin mühafizəsi və texniki təhlükəsizlik məsələləri üzrə ekspert Orxan Musayev "Sherg.az"a bildirib ki, Azərbaycan Respublikasının hər bir vətəndaşı fərdi istirahət və idman məqsədilə çimərliklərdən istifadə etmək hüququna malikdir:
“Çimərliklərdən istifadə zamanı insanlar şəxsi təhlükəsizlik qaydalarına pozmamalı, çimərlikləri, onun sahələrini məişət və digər tullantılarla çirkləndirməməli, yanğın təhlükəsizlik qaydalarının tələblərinə əməl etməlidirlər. Çimərliklərdən istifadə zamanı qadağan olunmuş davranış və hərəkətlər barədə insanlar məlumatlı olmalıdırlar. Çimərliklərdə boğulma halları tez-tez baş verir. Belə ki, çimmək üçün ayrılmamış yerlərdə çimmək, çimmə zonasının işarələnmiş sərhədlərindən kənara çıxmaq, su axınlarında sahildən 20 metrdən artıq məsafədən uzaqlaşmaq, müxtəlif növ gəmi, qayıq və texniki qurğularla üzüb yanaşmaq və ya toxunmaq, texniki qurğuların, xəbərdarlıq nişanlarının üstünə dırmaşmaq və oradan suya atlanmaq, körpü, qayıq, bərə və digər texniki qurğular vasitəsilə suya tullanmaq, çimərliyə spirtli içkilər gətirmək, sərxoş halda çimərlik ərazisində gəzmək, çimərlikdən istifadə etmək, suda kobud hərəkətlərə və qarşı tərəfdə olan insanlarla zarafatlara yol vermək, sahil hissəsini və suyun dibini müxtəlif vasitələrlə çirkləndirmək və zədələmək, çimmə zonasında balıq və digər bioresursları ovlamaq kimi hərəkətlər və davranışlar çimərlikdən istifadə zamanı qadağan olunmuş hərəkətlər sırasına daxildir. Çimərliklərdən istifadə zamanı uşaqlar valideyn nəzarəti altında çimərlik ərazisində istirahət etməli və suya daxil olmalıdırlar. Uşaqları və azyaşlıları valideyn nəzarətindən kənar saxlamaq qadağandır. Həmçinin xilasedicilərin mövcud olduğu vaxt aralığında çimərliklərdən istifadə olunmalıdır. Çünki xilasedicilərin çimərliklərdə olmadığı vaxtlar əsasəndə, axşam saatlarında çimərliklərdən istifadə etmək həyat üçün təhlükədir".
Ekspert vurğulayıb ki, bir daha insanlarımızı təhlükəsizlik qaydalarına riayət etməyə və qaydaların tələblərinə əməl etməyə dəvət edirəm:
"Çimərliklərdə baş verən boğulma hallarının böyük əksəriyyəti çimmək üçün nəzərdə tutulmamış və qadağan olunan yerlərdə baş verir. Bu çimərliklər müvafiq dövlət qurumları tərəfindən təqdim olunmuş siyahıda və həmin ərazilərin özündə xüsusi lövhələr vasitəsilə qeyd edilir. Lövhələrin və xəbərdarlıqların qeyd olunmasına baxmayaraq hələ də, çimərlik üçün nəzərdə tutulmayan ərazilərdə insanlar tərəfindən suda çimmə halları qeydə alınır. Qeyd edim ki, bu cür qeyri-çimərliklərdə boğulma halları baş verərsə, orada xilasetmə xidməti daimi olaraq olmadığından insanların həyatı təhlükə altında olur. Yəni insanların vaxtında xilas edilməsi mümkün olmur. Ona görə də mütləq xilasedicilərin mövcud olduğu çimərliklərdən istifadə olunmalıdır. Səhər 9-dan axşam saat 8-ə qədər çimmək üçün nəzərdə tutulmuş çimərliklərdə Fövqaladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən xüsusi xilasedicilər olur. Bu xilasedicilər tərəfindən çimmə sərhədinə yaxınlaşan və yaxud keçən şəxslərə dərhal xəbərdarlıqlar edilir. Hər hansı bir boğulma halı baş verən zaman müdaxilə olunur və insanların həyatının xilas edilməsi istiqamətində işlər aparılır. Çimmək üçün nəzərdə tutulmayan çimərliklərdə isə nəzarət olmadığından hər hansı bir fövqaladə hal baş verərsə müdaxilə etmək mümkün olmur. Xüsusən də çimərliklərdən kənar su kanallarında, su hövzələrində boğulma hallarının çoxalmasının şahidi oluruq. Bu qeyri-çimərliklərdən istifadə edən şəxslərin də azyaşlıların və məktəblilərin olmasını görürük. Bununla bağlı maarifləndirici təbliğat işlərinin daha geniş aparılmasına ehtiyac var. Valideynlərin məsuliyyəti ondan ibarətdir ki, övladlarına xüsusi olaraq yay mövsümündə çimərliklərlə bağlı məlumat versinlər. Bir sıra ölkələrdə nəzarət olunmayan çimərliklərdən istifadə ilə bağlı inzibati qaydada cərimə tədbirləri görülür. 100 də 100 effektiv nəticə verəcəyini demək olmaz. Ancaq bu kimi halların baş verməsini müəyyən qədər azalda bilir. Xarici ölkələrdə belə hallara qarşı cərimə tədbirləri mövcuddur. Düşünürəm ki, maarifləndirici tədbirlərin kifayət qədər nəticə vermədiyini nəzərə alsaq inzibati qaydada tədbirlərin görülməsi müəyyən nəticələrə gətirib çıxara bilər. Yəni effektiv nəticə verə bilər. Ona görə də bu məsələ ilə bağlı prosedurlar və qaydalar hazırlanmalıdır. Bu qaydaların hazırlanmasında beynəlxalq təcrübəyə istinadən mütəxəssislərdən ibarət ekspert qrupu təşkil olunmalı və qaydalar tam hazır olub təsdiq edildikdən sonra cərimə tədbirlərinin görülməsinə başlamaq olar. Cərimə tədbirlərinin görülməsi ilə müəyyən normalar müəyyənləşdirilməlidir. Yəni insanların nəzarət edilməyən çimərliklərdə çimdiyi halda cərimə tədbirinin görülməsi nə cür rəsmiləşdirilməlidir sualı ətrafında konkret olaraq qaydalar hazırlanmalıdır. Cərimələrin tətbiq olunması isə Fövqaladə Hallar Nazirliyi və Daxili İşlər Nazirliyi orqanları tərəfindən yerinə yetirilməlidir”.