Ədalət Verdiyev: Düşmənin bu fəaliyyətləri daha geniş miqyaslı təxribatlarla müşahidə oluna bilər

İyulun 25-də saat 10:55 radələrində Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter Ordumuzun Tovuz rayonunun Ağdam yaşayış məntəqəsi istiqamətindəki mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib.           
 “Sherg.az” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.                  
"Bölmələrimizin sayıqlığı nəticəsində aşkar olunan pilotsuz uçuş aparatının fəaliyyətinə xüsusi texniki vasitələrlə müdaxilə edilib və ərazidən uzaqlaşdırılıb", məlumatda deyilir.

Təxribatı dəyərləndirən hərbi ekspert Ədalət Verdiyev "Sherg.az"a söyləyib ki, çox böyük etimal, Ermənistan tərəfi bu uçuşları Tovuz istiqamətində yerləşən Azərbaycan ordusunun mövqelərinin kəşfiyyatını aparmaq məqsədi ilə həyata keçirib: 


''Belə bir uçuşlar adətən, döyüş əməliyyatlarından əvvəlki mərhələdə aparılır. Əsas məqsəd isə ehtimal olunan duşmənin ərazidə yerləşən atəş mövqelərinin kordinatlarını və ön xəttin keçdiyi əraziləri, düşmən müdafiəsinin qurluşunu dəqiqləşdirməkdir. Ermənistan Azərbaycan ilə sülh əldə olunmasına hazır olduğunu bəyan etdiyi bir anda Hindistandan silahlar əldə etməsi digər tərəfdən Ermənistan rəsmiləri tərəfindən Azərbaycana qarşı növbəti dəfə ərazi iddiaları və güc tədbiqinə dair bəyanatların səslənməsi və indi isə ərazilərimizdə təxribatçı kvadrokopter uçuşları birmənalı şəkildə sülh prossesini pozmağa hesablanıb. Təxribat xarakterli uçuşlar Ermənistan Silahlı Qüvvələrinin baş qərargah rəisinin daha əvvəl Qazaxın qaytarılan dörd kəndinin Ermənistan ərazisi olmasına dair bəyanatlar ı ilə təxminən məntiqi ardıcıllıq təşkil edir. Fikrimcə, biz ayıq-sayıqlığımızı artırmalıyıq. Çünki düşmənin bu fəaliyyətləri daha geniş miqyaslı təxribatlarla müşahidə oluna bilər".