Azərbaycanın ilk F-16 idarə edən QƏHRAMAN PİLOTU

Ailəsi razıdır, şəhid pilotumuzun adına layiq anım mərasimi keçirilib


Şəhid pilotumuz, polkovnik-leytenant Rəşad Atakişiyevin 5-ci ildönümüdür. 
Təlim-məşq zamanı qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin hərbi pilotun şəhadəti ilə əlaqədar anım mərasimi keçirilib.
Bu barədə  Rəşad Atakişiyevin ailə üzvü, politoloq Qabil Hüseynli “Sherg.az”a açıqlamasında deyib. 

O, bildirib ki, İkinci Şəhidlər xiyabanında şəhid hərbi pilotumuzun məzarı ziyarət olunub, üzərinə əklil və gül dəstələri qoyularaq xatirəsi ehtiramla yad edilib. Sonra Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri, şəhidin ailə üzvləri, yaxınları və döyüş yoldaşlarının iştirakı ilə Azərbaycan Hərb Tarixi Muzeyində tədbir keçirilib:
 “Allah Rəşada rəhmət eləsin. O, sözün əsl mənasında qəhraman pilotlarımızdan biri idi. Rəşad Atakişiyev yaşından çox müdrik insan təsiri bağışlayırdı. Zənnimcə, o dörd dəfə “TurAz Qartalı” təlimlərində iştirak edib. Azərbaycanı layiqincə təmsil edərək mükafatlara layiq görülüb. Rəşad həm də Azərbaycanın ilk F-16 idarə edən pilotlarından olub. Dövlətimizin qayğısını bir şəhid ailəsi olaraq hər zaman hiss edirik. Nazirlik də sağ olsun, Rəşadın anım mərasimini yüksək səviyyədə təşkil etmişdi. Demək olar ki, pilot yoldaşlarının böyük əksəriyyəti tədbirdə iştirak edirdi. Hərbi Hava Qüvvələri Komandanlığı böyük bir gül çələngi ilə şəhidimizin xatirəsini yad elədi.  Tədbirə HHQ-nin Siyasi İşlər  üzrə müavini, polkovnik Elşad Pənahov rəhbərlik edirdi. Əvvəldən axıra qədər anım mərasimində iştirak elədi. Anım mərasimində çıxış edənlər şəhidimizin şərəfli döyüş yolundan, vətənpərvərliyindən, peşəkarlığından, döyüş əzmindən və milli-mənəvi dəyərlərimizə bağlılığından danışdılar”.

Q. Hüseynli deyib ki, Şəhidlər Xiyabanında baş tutan anım mərasimindən sonra Müdafiə Nazirliyinin Hərb Tarixi Muzeyində Rəşad Atakişiyevin xatirəsinə həsr edilmiş elmi- bədii konfrans keçirilib Konfransda da Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri, şəhidin ailə üzvləri, yaxınları və döyüş yoldaşları iştirak edib:
 “Muzeyin direktoru Əzizağa Qənizadə şəhid pilotunhəyatı və uğurlu hərbi karyerası barədə dolğun məlumat verdi. Məruzəsində daim Vətən torpaqlarının işğaldan azad olunması arzusu ilə yaşayan Rəşadın bu müqəddəs arzusunun artıq reallaşdığını, onun hərbi formasını qürurla daşıdığı rəşadətli Azərbaycan Ordusunun düşməni cəmi 44 gündə darmadağın edərək Azərbaycanın ərazi bütövlüyünü bərpa edərək bununla da bütün şəhidlərimizin qisasını aldığını vurğuladı.
Şəhidimizin atası və mən də onunla bağlı xatirələrimizi tədbir iştirakçıları ilə bölüşdük.  Rəşadın 3 pilot yoldaşı tədbirdə çıxış edərək Rəşad kimi vətənpərvər zabitlə birlikdə xidmət etməkdən qürur duyduqlarını və Ordumuzda onun kimi hərbi qulluqçuların yetərincə olduğunu vurğulayıb, şəhid zabitin xatirəsinin daim yaşayacağını bildirdilər. Daha sonra  polkovnik-leytenant Rəşad Atakişiyevə həsr olunan videoçarx nümayiş etdirildi. Hətta muzeydə onun xüsusi guşəsini də yaratmışdılar. Mərasimin bədii hissəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Xalq artisti Fidan Hacıyeva “Yolun düşsə birdə gəl” mahnısını oxuyub. Bir sözlə, şəhidimizin 5-ci il dönümünə layiq, bəlkə də ondan daha artıq səviyyədə bir anım mərasimi keçirildi və yaddaşlara həkk olundu".  

Qeyd edək ki, Aprel döyüşlərinin qəhrəman iştirakçılarından, Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotu olan polkovnik-leytenant Rəşad Atakişiyev 2019-cu ilin 24 iyul tarixində Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 təyyarəsi ilə plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirərkən qəzaya uğrayaraq şəhid olub.

O 1985-ci il yanvar ayının 7-də Şəmkir rayonunun Pravda (hazırkı Qılıncbəyli) kəndində anadan olub. 2002-2006-cı illərdə Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbidə "Uçuş Mühəndisi" ixtisası üzrə təhsil alıb. İkinci kursda oxuyan zaman ilk dəfə ixtisaslaşma tətbiq olunub və aviasiyaya sənəd vermiş 200 nəfər arasında Rəşad da olub. Seçilmiş 35 nəfərlə birgə təhsil alan Atakişiyev diplom alan cəmi 5 nəfərdən biri olmağı bacarıb. O, 2001-ci ildən pilot kimi fəaliyyətə başlayıb, əldə etdiyi bilik və bacarıqları sayəsində polkovnik-leytenant rütbəsinə qədər yüksəlib.