Fast-food əsrinin ən vacib qayğısı: Artıq çəkidən necə qurtulaq? -Dietoloqdan məsləhət

Arıqlamaq fast-food əsrinin ən vacib qayğılarından biridir. Artıq çəkidən əziyyət çəkənlər üçün arıqlamaq heç də asan iş deyil. Mütəxəssislər bildirirlər ki, arıqlamaq kökəlməkdən 10 dəfə çətindir. Kökələn insanlar hərəkət etməkdə çətinlik çəkirlər, təngnəfəs olurlar, damarların divarları xolesterin səbəbindən daralar, qan dövranı adi vəziyyətdən çıxır və çətinləşir, qəflətən ürək sıxılmaları olur, ürək döyüntülərinin sayı artır, müəyyən orqanların iflici ehtimalı çoxalır. Bir sözlə, köklük insanın həyatı boyu üzləşdiyi ən ağır bəlalardan biridir.
İnsanlar bu bəlalardan xilas olmaq üçün çoxsaylı pəhrizlərə, idman hərəkətlərinə, hətta cərrahi əməliyyatlara üz tuturlar. Lakin bu vasitələr heç də çox vaxt effektiv olmur. Bəzi adamlar var ki, çox çalışsalar da çəki atmaqda çətinlik çəkirlər. Bəs, bunun səbəbi nədir? Yəni, həmin şəxslər nədə səhv edirlər?

Mövzu ilə bağlı danışan dietoloq Validə Şıxıyeva “Sherg.az”a söyləyib ki, hazırkı dövrdə çox insan artıq çəkidən əziyyət çəkir:

''Bu yolda bəziləri uğurlu nəticə əldə etsələr də, digərləri kilo verə bilmirlər. Bunun isə bir çox səbəbləri var. Məsələn, birinin sağlamlığında problem varsa, arıqlaya bilmir. Ona görə də mütləq analizlərdən keçmək lazımdır. Qalxanabənzər vəzilərin hormonlarına baxılmalı, insulin dirənci yoxlanılmalıdır. Əlavə olaraq, vitamin çatışmazlığı olanda da kilo vermək çətinləşir. Əgər pasiyentin D vitamini az və dəmir azlığı varsa, mütləq müalicə olunmalı, bununla yanaşı pəhriz  yazılmalıdır. Bu zaman uğurlu nəticə almaq olar. Bəzən isə pasientin səhhətində problem olmasına baxmayaraq, arıqlaya bilmədiyini görürük. Bunun səbəbi isə fiziki aktivliyin olmaması və hərəkətsizlikdir. Ona görə də arıqlamaq istəyən hər kəs fiziki aktivliyini artırmalı ,yuxu rejimini düzəltməlidir. Çünki 2-3 saat yatan insan heç vaxt kilo verə bilməz. Bəzi hallarda isə düzgün pəhrizdə olmamaq arıqlamağa maneə olur. Bir çoxu öz başına şok diyetlər, detokslar edirlər. Onlar bununla metabolizmanı korluyurlar. Diyetanı 3-4 gün davam etdirsələr də, daha sonra vəziyyətləri pisləşir və baş ağrıları, gərginlik yaşayırlar. Nəticədə pəhrizi dayandırmaq məcburiyyətində qalırlar. Ona görə  kilo vermək istəyənlər bir mütəxəssisə müraciət etsinlər ki, bu yolda çətinlik çəkməyərək sağlamlıqlarında problem yaranmasın".