Azərbaycan Türkmənistanın axtarışa verdiyi şəxsi ölkəsinə təhvil verib

Türkmənistanın hüquq mühafizə orqanları ilə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq uğurla davam etdirilir.

”Sherg.az”  xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. Məlumata görə, saxta pul hazırlamada təqsirləndirilərək 2019-cu ildə beynəlxalq axtarışa verilmiş, Türkmənistan vətəndaşı, 1994-cü il təvəllüdlü Hacımuhammet Bekcanovun verilməsinə dair Türkmənistanın Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən təmin edilib.

Hacımuhammet Bekcanov 2024-cü ilin mart ayında ölkəmizdə müəyyən edilərək həbs edilib.

“Mülki, ailə və cinayət işləri üzrə hüquq münasibətləri və hüquqi yardım haqqında” 22.01.1993-cü il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyun müşayiəti ilə Türkmənistanın səlahiyyətli orqanlarına təhvil verilib.