Məleykə Mehdi qızı Abbaszadə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri təyin edilib.
Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Qeyd edək ki, M.Abbaszadə DİM-in Direktorlar Şurasının sədri idi.
Təhsil eksperti Kamran Əsədov “Sherg.az"a bildirib ki, 2016-cı ildə yaradılan Dövlət İmtahan Mərkəzi (DİM) Tələbə Qəbulu üzrə Dövlət Komissiyasını (TQDK) əvəz etdi:
“Bu dəyişiklik birmənalı şəkildə lazım idi. Çünki TQDK təkcə tələbə qəbulunu həyata keçirmirdi, həm də müxtəlif dövlət qulluğu və imtahanları da həyata keçirirdi. Ona görə də publik hüquqi şəxs olan Dövlət İmtahan Mərkəzinə çevrildi. Əvvəl idarə sistemində Direktorlar Şurası var idi. Ancaq Direktorlar Şurasının heç bir üzvü əslində direktor deyildi. Publik hüquqi şəxs haqqında qanunda Müşahidə Şurasının olması labud olaraq qeyd edilirdi. Əslində Direktorlar Şürasının da hər hansı bir səlahiyyəti yox idi. DİM qəbul ilə bağlı Nazirlər Kabineti ilə razılaşaraq müxtəlif işləri görərək fəaliyyətini göstərirdi. Artıq bu qurumun fəaliyyətinin təkmilləşdirilməsinə publik hüquqi şəxslər haqqında qanunun tələblərinə uyğun dəyişilməyə ehtiyac var idi. Hazırda DİM də iki idarə etmə forması yaradılır. Birincisi, İdarə Heyəti, ikincisi isə Müşahidə Şürasıdır. Publik hüquqi şəxslər haqqında qanuna görə Müşahidə Şurası həmin qurumun fəaliyyətinə nəzarət və müşahidə edə bilər. İdarə Heyəti 3 nəfərdən ibarətdir. Məleykə xanımın müəyyən qədər səlahiyyətlərinin məhdudlaşdırılması kimidə qiymətləndirə bilərik. Görünən odur ki, yaxın vaxtlarda Dövlət İmtahan Mərkəzində təkcə struktur dəyişikliyi yox, eyni zamanda kadr dəyişikliyidə müşahidə edə biləcəyik. Çünki Müşahidə Şurasının üzvlərinə baxanda görürük ki, hər biri təhsil sahəsində olan adamlardır. Həmçinin Müşahidə Şurasının sədri Fərəh xanım kifayət qədər Azərbaycanda ali təhsil sistemində rolu olan şəxsdir. İndiki idarəetmə prinsipi tamamilə fərqlidir. Cari fəaliyyəti İdarə heyəti və yaxud da Məleykə Abbaszadə həyata keçirə biləcək. Digər bütün fəaliyyəti isə ictimai əsaslarla fəaliyyət göstərən Müşahidə Şurası həyata keçirəcək. Bu DİM də yaxın zamanlarda rəhbər dəyişikliyinin olmasını qaçılmaz edir. Sözügedən idarəetmə formasıda gözləniləndir. Çünki DİM təkcə ali məktəblərə qəbul imtahanı keçirmir, eyni zamanda müxtəlif imtahanlar da keçirir”.