Ölən İŞİD-çi QAT-ın üzvü olub

Akif Nağı: “Biz onun kimi digər insanlarımızın yad ölkələrdə həlak olmalarına təəssüf edirik”




Türkiyə mediası Suriyanın Kobani şəhərində gedən döyüşlər zamanı terrorçu "İraq Şam İslam Dövləti”nin (İŞİD) Qafqaz üzrə komandiri, əslən azərbaycanlı Rövşən Bədəlovun öldürüldüyü barədə xəbər yayıb. Məlumata görə, 50 yaşlı Xalid Azəri ləqəbli R.Bədəlov 25 döyüşçüsü ilə birlikdə koalisiya qüvvələrinin İŞİD mövqelərini bombaladığı zaman öldürülüb.

Onun Qarabağ Azadlıq Təşkilatının (QAT) üzvü olduğu iddia olur. Təşkilatın sədri Akif Nağı "Şərq”ə açıqlamasında bu faktı təsdiqləyib. O bildirib ki, R.Bədəlov Tərtərdən nümayəndə kimi QAT-ın 1-ci qurultayında iştirak edib: "Vaxtilə Qarabağda partizan dəstəsi yaratmağa cəhdlər göstərib. Sonralar Çeçenistanda, Pankisi dərəsində döyüşlərdə iştirak edib. 2003-cü ildə dəstə yaradaraq cəhbə xəttini keçib Qarabağda partizan hərəkatına başlamaq istəyib. 2003-cü ilin avqustunda o başda olmaqla dəstənin 23 üzvü Bakıda həbs olunub. R.Bədəlova 10 il həbs cəzası verilib. 2013-cü ildə azadlığa çıxıb, QAT rəhbərliyi ilə söhbətlərində yenə də Qarabağda döyüşmək istədiyini bildirib. Görünür, bu arzusunu həyata keçirə bilmədiyinə görə Türkiyəyə, oradan da Suriyaya gedib. Biz onun kimi digər insanlarımızın yad ölkələrdə həlak olmalarına təəssüf edirik. Onlar yad ölkələrdə deyil, Qarabağda döyüşməli, ya qalib gəlməli, ya da şəhid olmalı idilər”.

A.Nağı hadisə ilə bağlı hamını düşünməyə dəvət edib: "Bizim oğullarımız döyüşmək üçün niyə yad ölkələrə getməlidirlər? Nə üçün onların döyüşməsi üçün Qarabağ müharibəsini başlamırlar? Onlar müharibə adamlarıdırlar, döyüşmək istəyirlər. Onların öz ölkəmizdə, Qarabağ uğrunda döyüşmələri üçün şərait yaratmağın vaxtı çatmayıbmı? İnsanlarımızın yad ölkələrdə həlak

olmağının günahı kimdədir? Biz 20 ildir ki, Qarabağda savaşın başlanmasını tələb edirik! Amma istəyimiz nəticəsiz qalır”.

Ayyət Əhməd