İnsan Haqları üzrə İşçi Qrupunun bərpası alqışlandı

Səadət Bənənyarlı: “Bu addım ölkədə insan haqlarının vəziyyətinin yaxşılaşdırılmasına böyük töhfə olacaq”
Novella Cəfəroğlu: “Məhkəmələrin heç kəsdən asılılığının olmaması ilə bağlı təkliflər verəcəyik. Çünki bütün məsələlər məhkəmələrdə həll olunur”


6 illik fasilədən sonra İnsan Haqları üzrə İşçi Qrupu öz fəaliyyətini bərpa edib. 2005-2008-ci illərdə fəaliyyət göstərmiş, Azərbaycan vətəndaş cəmiyyətinin və hakimiyyətinin nümayəndələrindən ibarət birgə işçi qrupu Azərbaycan prezidenti İlham Əliyevin və Avropa Şurasının baş katibi Tyorbyorn Yaqlandın təşəbbüsü ilə fəaliyyətini bərpa edərək, 2014-cü il oktyabrın 22-də iclas keçirib.

Qrupun tərkibinə Azərbaycan millət vəkilləri, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul əməkdaşları, ölkədə tanınmış hüquq müdafiəçiləri, o cümlədən BMT-nin strukturlarında məşvərətçi statusa malik olan beynəlxalq qeyri-hökumət təşkilatların Azərbaycandakı nümayəndələri daxildir.

İşçi qrupunun üzvləri qrupun 2005-ci ildə imzalanmış Memorandumuna istinad edərək Azərbaycan cəmiyyətinin insan hüquqları ilə bağlı məsələləri belə dialoq yolu ilə səmərəli şəkildə həll etmək niyyətini təsdiq ediblər.

İnsan haqları üzrə işçi qrupunun fəaliyyətinin bərpasının cəmiyyət üçün nə dərəcədə önəmli olub-olmadığını öyrənmək üçün bir neçə hüquq müdafiəçisi və millət vəkili ilə əlaqə saxladıq. İşçi qrupunun katibliyində təmsil olunan hüquq müdafiəçisi Səadət Bənənyarlı hesab edir ki, Azərbaycanda insan hüquqları üzrə işçi qrupunun fəaliyyətinin bərpa edilməsi ölkədə insan haqlarının vəziyyətinin yaxşılaşdırılmasına böyük töhfə olacaq. Onun sözlərinə görə, məhkəmələr tərəfindən hüquqları pozulan insanlar müraciət edərlərsə, onların işləri araşdırılacaq, əvvəlcə həmin qrupa daxil olan vətəndaş cəmiyyəti üzvləri ilə görüş keçiriləcək, sonra isə həmin iclaslara çağırılacaq: Sonradan isə qrupun qərarları tövsiyə şəklində müvafiq qurumlara təqdim olunacaq. Qrupun bərpasının bütün bu məsələlərin həllində müsbət rol oynayacağına dair ümidli olan hüquq müdafiəçisinin sözlərinə görə, işçi qrupunun bərpası öz növbəsində vətəndaş cəmiyyətinin dövlət strukturları ilə dialoquna təkan verəcək: "Əslində qrupa daxil olan insanların dövlət strukturları ilə fəaliyyəti davam edirdi, amma belə bir dialoqun bu şəkildə aparılması müsbət bir hal olacaq”.

Dilarə Əliyeva adına Qadın Hüquqları Cəmiyyətinin sədri Novella Cəfəroğlu isə deyib ki, İnsan Haqları üzrə İşçi Qrupunun işinin bərpasında məqsəd insan hüquqlarının pozulmasının qarşısını almaqdır: "Bu, müsbət bir addımdır. Həm də işçi qrupunun işini yalnız siyasi məhbus işinə yönəltmək düzgün deyil. Azərbaycanda nə qədər insanların hüquqları pozulur. Bu məsələlərin hamısını bir yerdə çözmək üçün Prezident Administrasiyasının şöbə müdiri Fuad Ələsgərovun işçi qrupunun adını İnsan Hüquqları üzrə İşçi Qrupu adlandırması xoşuma gəldi. Yəni bu hamısını əhatə edəcək. Bilirsiniz, 2008-ci ildə işçi qrupunun fəaliyyəti qapandı. Çünki bir neçə adamı azadlığa buraxmadılar, adlarını çəkmirəm. 177 azad edilən məhbusun müqabilində bir neçə adam həbsdən buraxılmamışdı. Onun üstündə jurnalistlər yazdılar, Avropa Şurasında Ştrasserin (Avropa Şurasının siyasi məhbuslar üzrə keçmiş məruzəçisi, almaniyalı deputat Kristofer Ştrasser - müəllif) məruzəçi təyin olunması işçi qrupunu xitama verdi. Məhkəmələrin şəffaf keçirilməsi, məhkəmələrin heç kəsdən asılılığının olmaması ilə bağlı təkliflər verəcəyik. Çünki bütün məsələlər məhkəmələrdə həll olunur”.

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov isə bildirib ki, qurumun fəaliyyət mexanizminin özünü doğrultması üçün İşçi Qrupunun ətrafında sanballı, sayseçmə insanlar toplaşmalıdır: "Xüsusilə də cəzaçəkmə müəssisələrinə gedib-gələn, oradakı dustaqların problemlərini anlayan hər şeyi dərindən bilən adam işləməlidir”. Bu tendensiyanın insan hüquqları məsələsinə də aid olduğunu vurğulayan Behbudovun qənaətincə, hüquqların pozulması məsələsində də bu cür olmalıdır. Onun sözlərinə görə, savadlı adamlar burada fəaliyyət göstərsə, qurumun işi daha səmərəli və əlverişli ola bilər.

Millət vəkili Zahid Oruc isə ölkə başçısının bu qərarının təqdirəlayiq olduğunu deyib. Ölkə başçımızın bu qərarını Qərb üçün bir ismarıc kimi dəyərləndirən millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyev bu qərarı ilə Avropaya Azərbaycanda insan hüquqları ənənəsinin daimi və davamlı olduğunu bir daha göstərib: "İşçi qrupunun fəaliyyətinin yenidən bərpası bir daha sübut etdi ki, Azərbaycan Qərblə insan hüquq və azadlıqları sahəsində müxtəlif istiqamətlərdə əməkdaşlıq etməyə hazırdır. İnsan hüquqları üzrə işçi qrupunun fəaliyyəti ilə Azərbaycanın Qərbin hüquq məkanına transformasiyası labüdləşir. Ümid edirəm ki, əməkdaşlıq üçün perspektivlər yaranacaq”. Zahid Oruc İHİQ-nin fəaliyyətini daha da səmərəli etmək üçün yeni mexanizm qurumunun yaradıldığını da vurğulayıb: "İşçi qrupun fəaliyyətinin daha da yaxşılaşdırılması və bu prizmada cəmiyyətdə olan fikir ayrılıqlarına ortaq mövqe formalaşdırmaq üçün xüsusi qrup fəaliyyət göstərəcək. İHİQ içərisində fəaliyyət göstərəcək bu qrupa bir millət vəkili və bir hüquq müdafiəçisi dəvət ediləcək”. Millət vəkili həmçinin prezidentin bu addımının Azərbaycanı istəməyən qüvvələrin planlarını pozduğunu da vurğulayıb: "Ölkə başçısının bu addımı qrand maxinasiyasını, xaricdən gələn pullar hesabına dolanan bəzi "sapı özümüzdən olan baltaların” planlarını pozub. Bu hadisə insan hüquqlarının "pozulmasını” əllərində bayraq edənlərin də maraq dairəsində olmayıb. Baxmayaraq ki, Avropa İttifaqı kimi təşkilatın iki mühüm şəxsi prezidentin bu addımını alqışlayıb”.

Şəymən