Bacısının boğazını kəsən qıza həqiqətən vəhy gəlib?

Psixoloq deyir ki, əks təqdirdə əzizini öldürən adam bu qədər soyuqqanlı ola bilməzdi
Birdən-birə insana elə gəlir ki, kimsə onun qulağının dibində danışır, ona yol göstərir



Ailə faciələri səngimək bilmir. Əksinə, gündən-günə vəziyyət daha da faciəli hal alır. Sanki insanlar zombiləşib. Artıq cəmiyyətdə heç bir dəyərlərə məhəl qoyulmur. Səbəblər isə müxtəlifdir. Kimi bunu sosial-iqtisadi problemlərlə, kimi də psixoloji çatışmazlıqlarla əlaqələndirir.

Ailədaxili qətllərin aktual problem olduğunu vurğulayan Regional Psixologiya Mərkəzinin baş psixoloqu Dəyanət Rzayev isə ailə faciələrinin səbəbini daha çox bu cür hadisələri önləyə biləcək profilaktik tədbirlərin görülməməsi ilə bağlayır.

Adətən belə ifadələr insanlara bəhanə kimi gəlir, amma mümkündür

Konkret olaraq, bir neçə gün əvvəl bacısını qətlə yetirən Pərvanə Nuriyevanın cinayəti törətmə səbəblərinə toxunan psixoloqun sözlərinə görə, anlamlı vəziyyətdə olan bir qızın bu qətli törətməsi inandırıcı deyil: "Əvvəla, KİV nümayəndələrindən çox xahiş edirəm ki, bu hadisəni başını kəsib yox, boğazını kəsib kimi təqdim etsinlər. Çünki bu cür radikal ifadələr cəmiyyətdə qorxu və xof yaradır. Hadisəyə gəldikdə isə müəmmalı məqamlar həddindən artıqdır. Çox güman ki, o qızın ciddi psixoloji problemləri olub. Xanım ifadəsində yuxuda ona vəyh gəldiyi üçün bacısının boğazını kəsdiyini deyib. Adətən belə ifadələr insanlara bəhanə kimi gəlir, amma mümkündür. Mütləq psixiatrik ekspertiza aparılmalı və cinayəti işləyən zaman həmin qızın anlamlı və ya anlamsız vəziyyətdə olduğu öyrənilməlidir. İndidən müxtəlif proqnozlar vermək olar, lakin onun psixoloji durumunda hər hansı bir problem olub-olmadığını ekspertiza müəyyənləşdirəcək. Sözün açığı, Pərvanənin bacısını əxlaqsız və ya dediyi kimi lezbiyan olduğu üçün öldürdüyünə inanmıram. Onun qaibdən səs gəldiyini zənn edərək bacısını öldürməsi daha inandırıcıdır. Çünki psixi problemli insanlarda bu cür hallar olur və ən təhlükəli situasiya sayılır. Birdən-birə insana elə gəlir ki, kimsə onun qulağının dibində danışır, ona yol göstərir. İnsan da həmin anda artıq real həyatla əlaqəni kəsir və tamamilə həmin səsin təsiri altına düşür, ona əməl etməyə başlayır. Ola bilər ki, xanım cinayəti tamamilə başqa səbəbdən törətsin. Amma istənilən halda həmin an onun anlamlı vəziyyətdə olması şübhə altındadır. İzahat verən zaman Pərvanə Nuriyevanın tez-tez gülümsəməsi də buna işarədir.

Bacısını öldürən heç bir normal insan bu qədər soyuqqanlı ola bilməz

Çox güman ki, həmin vaxt da xanım artıq həmin səslərlə təmasda olsun. Odur ki, ekspertizanın nəticəsi açıqlanmadan həmin xanım haqqında xoşagəlməz ifadələr işlətmək, doğma bacısını öldürdüyünə görə onu söymək hadisəyə adekvat yanaşma deyil. İstənilən halda ruhi xəstə olan insanlar törətdikləri əməlin fərqinə varmırlar. Müstəntiq də açıqlamasında izahat zamanı həmin xanımda emosiyaların olmadığını təsdiqləyib. Belə bir xəstəlik var və o, tibbdə emosional kütlük adlanır. Məsələn, biri "kaşa” yediyi vaxt ona yaxınlaşıb, anasının öldüyünü deyirlər, o da "dadlı "kaşa””dır deyib, anasının ölüm xəbərinə heç bir reaksiya vermir. Əgər həmin xanım cinayəti anlamlı vəziyyətdə törətsəydi, indi "mən bacımı öldürmüşəm” - deyə, qışqır-bağır sala, ağlayıb-sızlayardı. Amma o qızın necə reaksiyasız olduğunu hər birimiz gördük. Bacısını öldürən heç bir normal insan bu qədər soyuqqanlı ola bilməz. Hətta ən qatı cinayətkar belə olsa...

İnsanlarda şizofreniya nəticəsində boşalma deyilən bir proses gedir. Necə ki, diş pastası qurtarsa belə, qutusu dolu kimi görünür. İnsanda da bu proses o cür olur. Daxildə hissiyat ölür, amma üzdən eyni insan olaraq qalır”. Psixoloqun sözlərinə görə, həmin xanımın ailə üzvləri, yaxınları ilə söhbət edib, onda əvvəllər psixi problemlərin əlamətlərinin olub-olmadığını öyrənmək olar: "Bu cür hadisələr fonunda insanlarımızdan xahiş edirəm ki, özlərində və ya yaxınlarının psixoloji durumunda hər hansı bir problem hiss etdikdə psixiatrlara müraciət etsinlər. Bizim cəmiyyətdə nədənsə psixiatr xofu var. Onlara elə gəlir ki, ancaq ruhi xəstələr psixiatr yanına gedə bilər. Əgər getsələr, onlar da dəli adını alacaq. Bu bizim ən yaralı yerimizdir. Cəmiyyətdə bu yanlış təfəkkür dəyişmədikcə, vəziyyətimiz çox acınacaqlı olacaq”.

D.Rzayevin sözlərinə görə, hadisənin dəqiq səbəblərini öyrənmək üçün Pərvanə Nuriyeva Maştağada yerləşən 1 saylı psixiatriya xəstəxanasında bir neçə gün yoxlamadan keçirilməlidir: "Həm psixiatrlar, həm də psixoloqlar onu yoxlamalıdırlar. Çünki bu cür xəstələri aparatla yoxlamaq mümkün deyil, yalnız müşahidə nəticəsində onlara düzgün diaqnoz qoymaq mümkündür. Ümumiyyətlə, cinayət törədən hər kəs psixiatrik ekspertizadan keçməlidir. Xüsusən də, bu cür müəmmalı cinayət törədən şəxslər. Bir daha vurğulamaq istəyirəm ki, bacısını öldürən bir qızın bu cür soyuqqanlı reaksiyası normal əlamət deyil”.

Affektiv pozuntular, uşaqlıqda alınan travmalar və gizli depressiyalar

Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Leyla Əsədova isə deyib ki, bu hadisələr birdən-birə baş vermir və bəzən illərlə yığılmış şüuraltı depressiya haçansa özünü göstərir. Leyla xanımın sözlərinə görə, uşaq vaxtında alınan travmalar da illər sonra bu cür hadisələrlə nəticələnə bilir.

Ailə faciələrinin, dəhşətli qətllərin çoxunun affekt (ruhi həyəcan) vəziyyətində olan insanlar tərəfindən törədildiyini deyib: "Affektiv pozuntular, bir neçə səbəbdən ola bilər ki, bunlardan ən geniş yayılmışı məhz uşaqlıqda alınmış travmalarla bağlıdır. Bildiyiniz kimi, baş verən bir çox hadisələr şüuraltında qalır və illərlə insanda gizli depressiya yaşanır. Beləliklə, gizli depressiya öz işini görür və insan affekt vəziyyətində olanda nə etdiyini bilmir”. Cəmiyyətimizdə psixoloji savadsızlığın hökm sürdüyünü bildirən Leyla Əsədova da əlavə edib ki, bəzən insanlarımız psixoloqa, yoxsa psixiatra müraciət etməli olduqlarını belə bilmirlər: "Bizdə ailə psixologiyası indi-indi formalaşır. Amma hesab edirəm ki, bu, görüləcək işin çox cüzi hissəsidir. İnsanlar özləri də psixoloji mütaliələr etməlidirlər ki, müəyyən bilikləri olsun”.

Psixoloqun sözlərinə görə, vaxtında aşkar olunmayan gizli depressiyalar da sonda bu cür ailə faciələrinə yol açır: "İnsan var ki, dinib-danışmır, heç kimə heç nə demir və bir gün özünü, yaxud da ən yaxınındakı insanı öldürür. Eləsi də var ki, qabaqcadan xəbərdarlıq edir, lakin heç kim ona inanmır, əhəmiyyət vermir. Bəzən məhz kimlərinsə acığına ən dəhşətli yollara əl atan insanlara da rast gəlmək olur”.

Şəymən