Dəmir çəpərlər və ÖLÜM...

Yol qəzalarına təcili yardım maşınlarının vaxtında gələ bilməməsi ciddi problemdir



Qaradağ rayonu ərazisində 2 nəfərin ölümü, 11 nəfərin yaralanması ilə nəticələnən dəhşətli qəza ölkənin nəqliyyat və yol infrastrukturu sahəsində problemlərin hələ də kəskin dayandığını göstərdi. Acı təsadüfdən həmin yol nəqliyyat qəzası baş vermiş vaxtda Bakı-Qazax yolu ilə paytaxt istiqamətində hərəkətdə olduğumdan dəhşətli mənzərəni gözlərimlə gördüm. Yolda hərəkət iflic olmuşdu, yaralılar yol kənarına səpələnmişdi, başından, qollarından qan axanlar əzilmiş mikroavtobusun qarşısında fəryad edirdi. Artıq rəhmətə getdikləri aydın olanların üzəri isə örtülmüşdü. Yaralılara yardım edən yox idi. Həmin dəqiqələrdə təcili tibbi yardım maşını yolun əks istiqamətində avtomobil axınını yarıb irəli keçməyə mənasız cəhdlər edirdi.

Bir qədər irəli getdikdən sonra qarşıdan daha bir təcili yardım maşınının siqnal verə-verə gəldiyini gördük. Amma təbii ki, bu maşın da yaralılara tez bir zamanda yetişməyəcəkdi. Çünki önü avtomobillərlə dolu idi. Bakı-Qazax yolunu gedənlər bilir ki, həmin yol ortadan dəmir çəpərlərlə ayrılıb. Yəni, hansısa avtomobilin yolun əks istiqamətinə keçmək imkanı yoxdur. Amma bu vacib şərt təcili yardım maşınları və ekstremal vəziyyətlər üçün də keçərli ola bilərmi? Digər yandan, qəzaya uğramış mikroavtobusun köhnəliyi də aşkar görünürdü. Hadisə yerində olanların dediyinə görə, mikroavtobus Beyləqandan gəlirmiş. Bəlkə də istismar müddəti çoxdan bitmiş belə bir mikroavtobusun uzaq məsafəyə xəttə buraxılmasına və sərnişin daşımasına necə icazə verilir? Mikroavtobusun arxadan yük maşınına çırpıldığı haqda danışılırdı. Bu da hər zaman problem olaraq qaldırılan sürücü məsuliyyətsizliyi və təcrübəsizliyinin yenə də insanların həyatına qənim kəsildiyini göstərirdi.

Ölkə yollarında niyə vəziyyət dəyişmir? Hələ nə qədər insan tələf olmalıdır ki, əlaqədar qurumlar yol infrastrukturu və ictimai nəqliyyat sahəsində lazımi islahatlar keçirsinlər?

Məsələ ilə bağlı "Şərq”ə açıqlama verən hüquqşünas Ərşad Hüseynov bildirdi ki, yol-nəqliyyat qəzalarının çoxalmasının bir çox səbəbləri var:

- Biz bu problemləri dəfələrlə qaldırmışıq. Bildirmişik ki, bəzi magistral yollarda sürət həddi düzgün təyin edilmir. Ağır tonnajlı maşınlar, yüklə dolu "tırlar”ın minik avtomobilləri ilə eyni hərəkət zolağını paylaşması qətiyyən düzgün deyil və bu, bir çox qəzaların baş verməsinə səbəb olur. Çünki minik avtomobili təyin olunmuş sürətlə hərəkət edir, yük və digər ağır tonnajlı maşınlar isə yavaş hərəkət etmək məcburiyyətindədirlər. Betonqarışdıran maşınla minik avtomobilinin sürəti eyni ola bilməz. Minik avtomobili təyin olunmuş sürətə uyğun hərəkət edir, qarşısına ağır maşın çıxanda isə idarəetməni itirir. Əlbəttə, burada sürücünün peşəkarlığı və məsuliyyəti məsələsi də var. Xüsusilə də sərnişindaşımada fəaliyyətdə olan sürücülərin. Sərnişin daşıyan sürücü xüsusilə ehtiyatlı olmalıdır. Riskli ötmə əməliyyatlarına getməməlidir. Biz Qaradağda baş vermiş o faciənin təfərrüatlarını bilmirik. Amma ilkin məlumatlara əsasən belə fərz etmək olar ki, mikroavtobusun sürücüsü yük maşınını ötüb keçmək istəyib, amma düzgün hesablama aparmadığından maşına çırpılıb. Bir avtomobilin digərinə arxadan və ya yandan çırpılması, sonra da idarəetməni itirərək hərəkət zolağından çıxması, aşması artıq sürücünün məsuliyyətidir. Görün, sürücü necə məsuliyyətsiz, qeyri-peşəkardır ki, avtomobili qarşıda hərəkətdə olan avtomobilə çırpır.

Bəlkə də yük maşını gözlənilmədən sürətini azaldıb. Ona görə də biz də, yol polisi də daim sürücülərə xəbərdarlıq edirik ki, ara məsafəni gözləsinlər. Eyni hərəkət zolağında olan iki avtomobilin ara məsafəsi azı 5 metr olmalıdır. Bunu elə-belə, söz xətrinə demirlər ki! Ara məsafəsi nə qədər çox olarsa, qəza ehtimalı da bir o qədər az olacaq. Əgər qəzaya uğramış həmin mikroavtobus həqiqətən də istifadə müddəti bitmiş, köhnə, etibarsız idisə, onu xəttə buraxmamalıydılar. Nə avtobuslar, nə də mikroavtobuslar özbaşına xəttə çıxmır. Onları marşruta salanlar var. Şəhərlərarası sürücülər bir gün ərzində iki reys həyata keçirməyə can atırlar ki, pul qazansınlar. Yorğun sürücü üçün yola çıxmaq potensial ölümdür. Bizim bəzi sürücülərsə tələsirlər ki, Bakıya çatıb təkrar avtobusu doldurub bir də rayona qayıtsınlar. Əslində isə buna icazə verilməməlidir. Çünki o sürücü artıq yorğundur.

Yol infrastrukturunun düzgün qurulmaması probleminə toxunan ekspert bir çox qəzaların məhz buna görə baş verdiyini də bildirdi:

- Ağır tonnajlı maşınlar minik avtobilləri və ictimai nəqliyyatla eyni hərəkət zolağını paylaşmamalıdır. Təsəvvürə gətirmək belə dəhşətlidir ki, avtobusdan enən sərnişin "başı üzərində”! betonqarışdıran və ya daş dolu "KAMaz”ı görür. Bu maşınlar günün günorta çağı şəhər yollarında nə gəzir? Nə qədər deyilirsə də ki, ağır tonnajlı maşınların gündüz saatlarında şəhərə girişi qadağan olunacaq, ortada bir nəticə, bir dəyişiklik yoxdur. Yollarda tıxacların yaranmasının da, qəzaların baş verməsinin də əsas səbəblərindən biri budur. Ümumiyyətlə, qəzalar baş verdikdə biz təcili müdaxilələrin şahidi olmuruq. Qəzaya uğramış avtomobillər xeyli müddət yolda qalır. Bu da tıxacların yaranmasına gətirib çıxarır. Bəs evakuasiya xidməti nə üçündür? Vətəndaşların avtomobillərini "oğurlayıb aparmaq” üçün? Evakuasiya xidməti qəzanın baş verdiyi yerə hamıdan tez yetişib lazımi fotoları çəkdikdən sonra avtomobili yolun qeyri- hərəkət hissəsinə keçirməlidir ki, yol açıq olsun. Yol polisi üçün də, təcili yardım üçün də yol açılsın. Amma biz bunu görmürük. Qəzaya uğramış maşınlar da, onların sürücüləri də, zərərçəkmişlər də saatlarla yolun hərəkət istiqamətini zəbt edib yol polisinin gəlməsini gözləyirlər.

Azərbaycanın ictimai nəqliyyat parkında ciddi problemlər var. İstifadə müddəti ötmüş, nasaz avtomobillər maşın parklarında doludur və bu avtomobillər də xəttə buraxılır. Hər bir avtomobil xəttə çıxmazdan əvvəl texniki baxışdan keçməlidir. Bizim bəzi avtomobil parklarında isə yalandan rəy verilir ki, guya bu avtomobil saz vəziyyətdədir. Amma avtomobillər bir az hərəkət etdikdən sonra nasazlıq özünü göstərir. Nə qədər belə hallarla rastlaşmışıq ki, avtobuslar sərnişinləri yarı yolda salondan boşaldıb?!

Təcili yardım maşınlarının hadisə yerinə gec gəlib çatması probleminə toxunan Ə.Hüseynov bunun da bir səbəbini yol infrastrukturunun düzgün qurulmamasında görür:

- Baxın, magistral yollarda hər yerə dəmir çəpərlər "döşəyiblər”. Bunun tıxacların və qəzaların qarşısının alınması məqsədi güddüyü bildirilir. Amma unudublar ki, ekstremal şəraitlər də ola bilər. Bəs onda necə olacaq? Əslində isə yollarda quraşdırılmış dəmir çəpərlər arasında müəyyən məsafələrdə texnoloji kəsiklər qoyulmalıdır. Təcili yardım maşını da, yol polisi də, lap olsun hadisə yerinə gələn qohum-əqrəba, lap elə istənilən vətəndaş da özünə sərf etdiyi məsafədən qarşı tərəfə keçmək üçün o texnoloji kəsiklərdən istifadə etməlidir. Əlbəttə, təcili yardım maşını yolun əks istiqamətində ilişib qalacaqsa, yaralıya vaxtında yardım göstərə bilməyəcək. Digər tərəfdən "Yol hərəkəti haqqında” qanunda da, Səhiyyə Nazirliyinin tibbi qaydalarında da yollarda tibb məntəqələrinin təşkili əksini tapıb. Orada göstərilir ki, hansı yolun hansı hissəsində tibb məntəqəsi olmalıdır və hansı tibb məntəqəsi hara təhkim edilib. Əgər qəza Qaradağ rayonu ərazisində - paytaxt istiqamətində baş veribsə, ora tələsən təcili tibbi yardım maşını niyə şəhər istiqamətindən gəlir? Məgər Qaradağda, "Sahil” və ya Lökbatan qəsəbələrində tibb məntəqələri yoxdur?! Həmin qəza yerinə "tələsən” təcili yardım arxadan gəlməliydi, öndən deyil. Yol infrastrukturunda bu kimi bəzi məqamlar nəzərə alınmadığından, gözdən qaçırıldığından qəzalar da azalmır.

Məlahət Rzayeva