Hamama qaz sobasının qoyulması qadağan edildi

Bununla dəm qazının yaranmasının qarşısı alınacaq?


Havaların soyuması ilə dəm qazı kabusu yenidən aktuallaşıb. Zəhərlənmələrlə bağlı aparılan maarifləndirmə və təbliğat işlərinə rəğmən belə halların təkrar baş verməsi göstərir ki, bu tədbirlər qənaətbəxş deyil. Rəsmilər və ekspertlər isə hesab edir ki, dəm qazından zəhərlənmə və boğulma hallarının böyük əksəriyyəti əhalinin etinasızlığı səbəbindən baş verir. İnsanlar dəm qazının həyat üçün nə qədər təhlükəli olduğunu dərk etsələr, belə faciələrin baş verməsinin qarşısını bir o qədər almaq olar.

FHN Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti üzrə Dövlət Agentliyinin baş məsləhətçisi və baş müfəttişi Eldar Əhmədovun sözlərinə görə, bu cür bədbəxt hadisələrin sayının artmasına əsas səbəb vanna otaqlarında qeyri-standart qızdırıcı cihazların quraşdırılmasıdır.

Hamam otaqlarında qaz cihazlarının quraşdırılmasının qadağan olunduğunu vurğulayan Eldar Əhmədov bildirib ki, 2009-cu ilə qədər mövcud qanunvericiliklə hamam otaqlarında qaz cihazlarının qoyulmasına icazə verilirdi. Lakin təcrübə göstərir ki, istifadəçilər hamam otaqlarının isti olması üçün ya ventilyasiya borularını bağlayırlar, ya da hamam otağının bayırla əlaqəsini kəsirlər ki, bu da faciələrə səbəb olur: "Buna görə də 2009-cu ildə Şəhərsalma Komitəsi tərəfindən qəbul olunan qərara əsasən, hamam otaqlarında qaz cihazlarının quraşdırılması qadağan olunub. Mənzillərdə vaxtaşırı təmir işləri apararkən həmin cihazların çıxarılması

məsləhətdir. Lakin əgər təmir imkanı yoxdursa, qaz cihazını çıxarmaq mümkün deyilsə, həmin otaqlar üçün nəzərdə tutulmuş tüstü və hava kanalları daim təmizlənməlidir. Çünki hazırda yalnız köhnə binalarda və fərdi evlərdə hamam otaqlarında belə qızdırıcılardan istifadə olunduğundan, bu mənzillərdə də tüstü bacalarının vaxtaşırı təmizlənməsi məcburi şərt kimi qoyulmalıdır. Bu işin görülməsi üçün vətəndaşlar müvafiq qurumlara müraciət edə bilərlər. Bunlardan biri də Yanğından Könüllü Mühafizə Cəmiyyətidir. Eyni zamanda, bu işlə məşğul olan özəl şirkətlər mövcuddur. Bu şirkətlər xüsusi lisenziya almış qurumlardır və əhali qaz-istismar sahələrinə müraciət edərək həmin qurumlar barədə məlumat ala bilərlər. Vətəndaşlar öz təhlükəsizliyini təmin etmək məqsədilə ildə ən azı bir dəfə bu bacaları təmizlətməlidir”.

Azad İstehlakçılar Birliyinin kommunal sahələr üzrə eksperti Nüsrət Qasımov da deyib ki, hazırda dəm qazından zəhərlənmə hallarının çoxu əhalinin texniki təhlükəsizliyə riayət etməməsi üzündən törəyir: "Çoxları qazla təhlükəsiz davranmağı bacarmırlar. Mən də razıyam ki, dəm qazından boğulma halları ən çox hamam otaqlarında baş verir. Çünki əhalinin çoxu bina evlərində hamamın qapısına qoyulan kiçik hava pəncərəsini ləğv ediblər. Halbuki hamamda bu kiçik hava pəncərəsinin olması vacibdir. 1 kub metr qazın yanması üçün 10 kub metr hava lazımdır. Əgər hamamda və yaxud digər otaqlarda bu həcmdə hava yoxdursa, deməli, qazın yanmasında problem yaranacaq. İnsanlar başa düşməlidirlər ki, qaz havasız mühitdə yana bilməz. Bu isə insanın zəhərlənib dünyasını dəyişməsi ilə nəticələnir. Vanna otağına qeyri-standart ölçülü samovar qoymaq düzgün deyil. Hamamın ölçüsü ilə samovarın ölçüsü arasında uyğunluq olmalıdır. Bizdə isə bu qaydalara riayət edən yoxdur. Vanna otaqlarının qapısının altında 0,02 diametr ölçüsündə deşiklər olmalıdır ki, hava daxil olsun. Bir kubmetr qazın yanması üçün 9,5 kub metr hava lazımdır. Hava çatışmazlığı olanda cihazlar karbon 4 oksid əvəzinə karbon 2 oksid hasil edir. Buna görə də cihazlara xüsusi diqqət yetirmək lazımdır. Xaricdə istehsal olunan cihazlar çox zaman bizim qaz təzyiqinə uyğun gəlmir. Bu da müəyyən nasazlıqlara və dəm qazının yaranmasına səbəb olur. Bir də görürsən qonaq, yaxud yataq otağına dəm qazının xaric olması üçün boru yeri olmayan soba qoyurlar. Əgər otağa bayırdan hava daxil olmursa, mütləq belə yerdə dəm qazı yaranır”.

Ekspertin sözlərinə görə, əhali qazdan istifadə edərkən təhlükəsizlik qaydalarına riayət etmir. Özləri bilə-bilə ölümə addımlayırlar. Heç kimə arxayın olmaq lazım deyil: "Belə bir müdrik deyim var: "Özünü qoruyanı, Allah da qoruyur”. İlk növbədə insanlar özləri özlərini qorumalıdır və bunun üçün də qazdan təhlükəsiz istifadə qaydalarını öyrənməli və onlara riayət etməlidirlər”.

Şəymən