Cəlilabadda dəhşətli olay: canavar 4 nəfəri parçaladı

Yaralılardan biri hamilədir


 

Ötən gecə canavar dişləməsi ilə bağlı Cəlilabad rayon Mərkəzi Xəstəxanasına gətirilən 4 şəxsin vəziyyəti normaldır. Cəlilabad rayon Mərkəzi Xəstəxanasının baş həkimi İlham Əliyev APA-ya açıqlamasında deyib ki, yaralananlara ilkin tibbi yardım göstərilib. Onların tam nəzarətdə olduqlarını deyən baş həkim qeyd edib ki, xəsarət alanların vəziyyəti normaldır və həyatı təhlükələri yoxdur: "Quduzluq əleyhinə vaksinlər vurulub, öldürülən canavar Dövlət Baytarlıq Xidmətinə təhvil verilib və onun quduz olub-olmaması yoxlanılacaq. 1995-ci il təvəllüd Şahmarova Əfsanə Yusif qızı, 2003-cü il təvəllüdlü Şahmarova Aygül Yusif qızıl, 1994-cü il təvəllüdlü Şahmarova Nurçiçək Yusif qızı və 1998-ci il təvəllüdlü Şahmarov Vüsal Yusif oğlu xəstəxanada ambulator müayinə alırlar. Onların heç bir şikayətləri yoxdur və vəziyyətləri normaldır”.
İ.Əliyev qeyd edib ki, xəsarət alanlardan Əfsanə Şahmarova 4 aylıq hamilədir. Hadisədən sonra onun səhhətinə heç bir problemin yaranmadığını deyən baş həkim qeyd edib ki, müəyyən məsləhətləşmələr aparılıb, quduzluğa qarşı vaksin vurulub.
Qeyd edək ki, Cəlilabad rayonunun Buravar kəndində canavar evə soxulub və ailənin 4 üzvünü yaralayıb.
Canavar yaralananlardan biri Vüsal Şahmarov tərəfindən öldürülüb.
*****
09:56
Cəlilabad rayonunda dəhşətli hadisə baş verib. Buravar kəndində canavar evə soxulub və ailənin 4 uşağını yaralayıb.
Lent.az-ın Milli.az-a istinadən məlumatına görə, hadisə dünən saat 19 radələrində baş verib. Canavar Yusif Şahmarovun evinə soxulub və bu zaman ev sahibinin 3-cü sinifdə oxuyan qızı Aygün qapının yaxınlığında əlində vedrə dayanıb həyətə baxırmış. Bu vaxt qız həyətdən ona tərəf işığın irəlilədiyini görüb. Yaxına gedəndə isə onun canavar olduğunu anlayıb. Aygün qaçaraq evə girmək istəyib, lakin pilləkəndə canavar onun qolundan yapışaraq həyətə sürüyüb.
Aygünün evdə televizora baxan qardaş-bacıları qışqırığa bayıra çıxıblar. Aygünün 16 yaşlı qardaşı Vüsal onu canavardan alsa da, digər bacılarını qoruya bilməyib. Canavar iki qızı da bədənlərinin müxtəlif nahiyələrindən dişləyib. Vəziyyəti çətin görən Vüsal canavarı boğmaq üçün sağ qolunu onun boğazına soxub. Qolundan ağır yaralar alsa da canavarı öldürməyə nail olub.
Uşaqların dördü də xəstəxanaya çatdırılıblar.