İlham Əliyev və Serj Sarkisyan təkbətək görüşdü

Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələlər müzakirə olunub




Dünən Parisdə Yelisey sarayında Azərbaycan prezidenti İlham Əliyev və Fransa prezidenti Fransua Ollandın görüşü olub.

"AzərTAc” dövlət agentliyinin verdiyi məlumata görə, sarayın qarşısında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İ. Əliyev fəxri qarovul dəstəsinin qarşısından keçib.

Fransa prezidenti F. Olland Azərbaycan prezidenti İ. Əliyevi qarşılayıb.

Görüşdə Azərbaycanla Fransa arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib. Enerji, aerokosmik sənaye, hərbi-texniki, təhsil, metro inşaatı və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğu qeyd edilib. "Cənub” dəhlizi enerji layihəsinin reallaşması ətrafında fikir mübadiləsi aparılıb.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların vəziyyəti, münaqişənin beynəlxalq hüquq normalarına əsasən, bununla bağlı indiyədək qəbul edilmiş sənədlərə uyğun ədalətli həlli ətrafında fikir mübadiləsi aparıldı. Münaqişə ilə bağlı "status-kvo”nun dəyişilməsinin, işğal olunmuş ərazilərin azad edilməsinin zəruriliyi vurğulanıb.

Dünən həmçinin, Parisdə Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın təkbətək görüşü olub. Bu barədə Ermənistan prezidentinin mətbuat katibi Arman Saqatelyan öz "Twitter” səhifəsində yazıb.

Qeyd edək ki, bundan əvvəl prezidentlərin Minsk Qrupunun həmsədrləri İqor Popov, Pyer Andriye və Ceyms Uorlikin iştirakı ilə birgə görüşü baş tutub.