Ruslar əsassız danışır

Neftin dünya bazarında ucuzlaşmasının Azərbaycanla əlaqəsi yoxdur




Rusiyanın aparıcı dövlət informasiya agentliyi "RİA Novosti” dünya bazarında neftin ucuzlaşması ilə bağlı Azərbaycanı günahlandırıb. Agentlik iddia edib ki, bazarda neftin qiymətinin düşməsi OPEK-ə daxil olmayan ölkələrdə neft hasilatının tələbatdan artıq olması ilə bağlıdır.

Rus xəbər portalına görə, Azərbaycanda hasilatın artırılması 2015-ci ildə bazara artıq neftin çıxarılmasına səbəb olacaq ki, bu da neftin qiymətinin ucuzlaşmasına gətirib çıxaracaq. Amma araşdırmalar göstərir ki, neftin qiymətinin dəyişməsinə gündəlik hasilatı 700 min barel olan Azərbaycan kimi kiçik neft hasilatçıları heç bir təsir göstərə bilmirlər.

İddiaya münasibət bildirən Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban bunun tamamilə əsassız olduğunu bildirib: "Hazırda neftin qiymətində 26 faiz ucuzlaşma var və bu da 2014-cü ildə baş verən prosesdir. Ancaq dünya bazarındakı ucuzlaşmanın qətiyyən Azərbaycanla əlaqəsi yoxdur. Əgər biz Azərbaycanda neftin hasilatına baxsaq, keçən illə müqayisədə xeyli azalmanın olduğunu görərik. Azərbaycan 2013-cü ilin 9 ayında 32 milyon 840 min ton neft hasil edibsə, cari ilin 9 ayında neft hasilatı 32 milyon 530 min ton olub. Yəni ötən müddətdə neft hasilatı 300 min ton azalıb. Gələn ilin neft hasilatında da heç bir artım gözlənilmir. Bəlkə, yenə də azalma oldu”. Ekspertin sözlərinə görə, Azərbaycan neftinin təqribən 82 faizi Bakı-Tbilisi-Ceyhan boru xətti ilə ixrac olunur. Bu ixraca da baxsaq, yükləmələrin 2.5 faiz azaldığının şahidi olarıq: "Eyni zamanda Bakı-Novorossiysk boru kəməri ilə ixrac olunan neft də 42.6 faiz azalıb. Çünki daxili bazarda neftə olan tələbatımız çoxaldığından şimal boru kəməri ilə ixracı azaldıb neftimizi öz zavodlarımızda emal edirik. Yəni nefti daxili bazara yönəldirik. Belə olan halda Azərbaycanda neft hasilatının artacağını iddia etmək absurddur”.

İsmayıl