Məhkəməyə gözübağlı gətirildilər

Azərbaycanlı girovlar ermənilərin qarşısında əsl kişilik nümunəsi göstərdilər



Dünən azərbaycanlı girovlar Şahbaz Quliyev və Dilqəm Əsgərovun Qarabağ separatçıları tərəfindən qondarma məhkəməsi keçirilib. Erməni KİV-nin yaydığı məlumata görə, azərbaycanlı girovların rus dili ilə bağlı problemləri olub və bu səbəbdən "məhkəmə” çətinliklə aparılıb. Lakin buna baxmayaraq, onlara tərcüməçi təyin edilməyib. "Məhkəməyə” gözü bağlı gətirilən Dilqəm Əsgərov və Şahbaz Quliyev erməni vəkillər Erik Beqlaryan və Arkadi İsraelyan tərəfindən "müdafiə” ediliblər. Dövlət "ittihamçısı” isə prokuror Karen Qabrielyan olub.

Kəlbəcərdə doğmalarının qəbrini ziyarət edən zaman erməni işğalçılar tərəfindən girov götürülmüş Dilqəm Əsgərov Xankəndidə oyuncaq rejimin düzəltdiyi "məhkəmədə” əsil kişilik göstərib. Əsgərov məhkəmədə Dağlıq Qarabağ adında bir dövləti tanımadığını bildirib və özünü bu oyuncaq rejimin "sərhədini” pozmaqda günahkar saymayıb. O, bir neçə dəfə Kəlbəcərə getdiyini və bunu yalnız doğmalarının məzarına baş çəkmək üçün etdiyini deyib. Dilqəm Əsgərov həmçinin Kəlbəcərə yerləşdirilmiş erməni Smbat Tsakanyanın ölümündən xəbərsiz olduğunu bildirib. Bununla belə, Əsgərov Kəlbəcərə səfər zamanı üzərində ov tüfənginin olduğunu, ac qalmamaq üçün meşədən sahibsiz mal-qara tutaraq kəsdiklərini etiraf edib. Ancaq buna baxmayaraq, qondarma respublikanın uydurma məhkəməsi girovların adından saxta bəyanat yayaraq, "müttəhimlərin” elan olunan maddələr üzrə "günahlarını” etiraf etdikləri bildiriblər. Millət vəkili Aydın Mirzəzadə məhkəmədə Dilqəm Əsgərov və Şahbaz Quliyevin öz günahlarını qismən etiraf etmələri barədə yayılan məlumatlara münasibət bildirərkən bunun rəzalət olduğunu deyib. Deputatın sözlərinə görə, qondarma məhkəmə tək Azərbaycan xalqına deyil, ümumilikdə bəşəriyyətə qarşı böyük bir yaramazlıqdır: "Erməni millətçilərinin saxtakarlığının sərhədi yoxdur. Onlar ən müqəddəs amalları ayaq altına atıb tapdalamağa hazırdırlar. 3 nəfər azərbaycanlı işğal altında olan dədə-baba torpaqlarına gedərək valideynlərinin qəbrini ziyarət ediblər və onlar öz torpaqlarında işğalçı qoşunlar tərəfindən girov götürülüblər. İndi də üzərlərində qeyri-qanuni məhkəmə qurulub. Amma onlara işgəncələrin tətbiq edilməsinə dair çoxsaylı faktlar var. Bu səbəbdən girovların adından yayılan bəyanatlar tamamilə saxtadır”. Millət vəkili vurğulayıb ki, əsir götürülmüş insanların adından belə bəyanat verməyin, onları öz torpaqlarından üz döndərməyə məcbur etməyin heç bir mənası yoxdur: "Belə hallar Azərbaycan xalqı tərəfindən pislənilir. Şübhəsiz ki, beynəlxalq ictimaiyyət də ermənilərin bu rəzil hərəkətləri barəsində məlumatlandırılacaq. Ölümü gözünün altına alıb dədə-baba torpağına gedən insanlar heç bir zaman öz mövqelərini ermənilərin istəyinə uyğun dəyişməzlər. Hesab edirəm ki, onlara qarşı qurulan bu saxta məhkəmə vaxt gələcək bu işi təşkil edənlərin üzərində qalacaq”.

Millət vəkili, "Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov deyib ki, ermənilər girov götürdükləri azərbaycanlılardan Azərbaycan əleyhinə istifadə etməyə çalışırlar. Buna görə də, onları geri qaytarmırlar: "Bütün bunlar sübut edir ki, onlar bu faktdan simulyasiya edərək, öz çirkin niyyətlərini dünya ictimaiyyətinə təhrif olunmuş formada çatdırmaq istəyirlər. Məhkəmədəki qondarma bəyanat da həmin məqsədi daşıyır. Üstəlik, həmin gün prezident İlham Əliyev Fransada Ermənistan prezidenti ilə görüşüb. Ermənilər çalışırlar ki, hansı formada olursa-olsun, görüşü əsas məqsədindən yayındırsınlar və münaqişəni uzatsınlar. Ona görə də onların Azərbaycanın girov düşmüş vətəndaşları adından yaydıqları bəyanatı cəfəngiyat hesab edirəm.

Necə olur ki, oturub-oturub danışıqlar başlayanda bəyanat verirlər? Ermənilər öz çirkin niyyətlərindən qalmırlar”.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova da bildirib ki, ermənilərin azərbaycanlı girovlara qarşı bu cür mövqe nümayiş etdirməsi ədalətsizliyin ən bariz nümunəsidir: "Hər iki girovla bağlı məsələni Azərbaycan nümayəndə heyəti adından beynəlxalq təşkilatlarda dəfələrlə qaldırmışıq. Girovların öz doğma vətənində həbs olunması və məhkəmə prosesinin keçirilməsi bütün beynəlxalq hüquq normalarına, beynəlxalq konvensiyalara ziddir. Bu baxımdan çox istərdik ki, Azərbaycanda insan hüquq və azadlıqları ilə bağlı hansısa həqiqətə uyğun olmayan fikirləri tirajlayan beynəlxalq təşkilatlar məhz o iki girovun durumu ilə bağlı mövqelərini ortaya qoysunlar. Əməllərində cinayət faktı olmayan şəxslərə bu cür böhtan atmaq və məhkəmədə mühakimə etmək düzgün deyil: "Onlar öz torpaqlarındadırlar. Dağlıq Qarabağda, Xankəndidə belə bir mühakimənin aparılması yolverilməzdir. Azərbaycan ərazisində Azərbaycan insanının azad hərəkət etmək hüququ var. Bu, beynəlxalq konvensiyalarda əks olunan müddəadır. Biz buna görə beynəlxalq strukturlara müraciət etməliyik”.

İsmayıl