Moskvada saxta “Qarabağ” pasportu satılır

Rusiyadakı səfirliyimiz araşdırmalara başlayıb



Moskvada 800 dollara "Dağlıq Qarabağ vətəndaşlığı” haqda "pasport” almaq mümkündür. Bu barədə məlumatı "vesti.az” portalı üzə çıxarıb. Saytın araşdırmasından aydın olub ki, Arzanqulyan Emil Benyaminoviçin adına verilmiş vəsiqənin ölkə qrafasında "Dağlıq Qarabağ” ifadəsi göstərilib.

Araşdırmadan o da bəlli olub ki, adıçəkilən şəxs 1973-cü ildə, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Martuni rayonunda doğulub və hazırda Moskvada yaşayır. Qeyd edək ki, bu hadisə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin ciddi şəkildə pozulması deməkdir. Çünki beynəlxalq sənədlərdə Dağlıq Qarabağ Azərbaycan ərazisi kimi tanınır. Hətta Ermənistan özü belə Dağlıq Qarabağın müstəqilliyini tanımayıb. Belə olan halda Rusiyanın hökumət qurumlarının hüquqi baxımdan Azərbaycan vətəndaşı olan erməniyə rəsmi sənəd verməsi qanunsuzluq və ərazi bütövlüyümüzə qarşı edilən ən böyük hörmətsizlikdir. Məsələ ilə bağlı mövqe bildirən Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev faktın araşdırılması ilə bağlı Azərbaycanın Moskvadakı səfirliyinə təlimat verildiyini bəyan edib. Onun sözlərinə görə, hazırda səfirlik bu məsələni araşdırır.

Rusiyada qanunsuz pasportların satışa çıxarılmasına münasibət bildirən politoloq Qabil Hüseynli deyib ki, Kreml Gürcüstanın işğal edilmiş bölgələrində, yəni Abxaziya və Osetiyada apardığı pasport siyasətini indi də Dağlıq Qarabağda aparır: "Bu cür pasportlar Moskva və qondarma respublika rəhbərliyinin birgə səyi nəticəsində yayılır. Onlar prosesi gizli şəkildə aparırlar ki, pasportların paylanması hay-küyə səbəb olmasın və beynəlxalq aləmdə ajiotaj yaratmasın. Vaxtı

ilə Jirinovskinin iddia etdiyi bu hiyləgər ideyanın reallaşmaması üçün prosesə ciddi şəkildə müdaxilə etmək və beynəlxalq qurumların diqqətini həmin məsələyə çəkmək lazımdır. Əks halda, belə gedişlə gözümüzü açıb görəcəyik ki, Dağlıq Qarabağ əhalisinin böyük əksəriyyəti ya rus pasportunu, ya da qondarma respublikanın qanunsuz vəsiqəsini daşıyır”.

Miqrasiya üzrə ekspert Azər Allahverənov isə təxribat hesab etdiyi bu hadisənin Rusiyanın dövlət qurumları tərəfindən açıq şəkildə həyata keçirildiyinə inanmır: "Fikrimcə, məsələni gündəmə gətirməklə Azərbaycanla Rusiya arasındakı münasibətlərin daha gərgin müstəviyə keçməsində maraqlı olan qüvvələr var. Burada müəyyən siyasi dairələrin və mərkəzlərin də maraqları ola bilər. Amma inanmıram ki, əldə edilən sənəd tam rəsmi şəkildə, yəni müvafiq icra qurumlarında qeydiyyata düşməklə kiməsə verilmiş olsun”. Ekspertin sözlərinə görə, sənədlər hansısa şəxslər tərəfindən saxta üsullarla da verilə bilər: "Məlumatı olanlar bilir ki, Rusiyada metrostansiyaların yanında saxta diplomlar satılır. Rusiyanın hüquq-mühafizə orqanları vaxtaşırı əməliyyat keçirməklə bu işlə məşğul olanları aşkarlayır və istintaq cəlb edir. Çox güman ki, bu cür qanunsuz pasportların satılması da hansısa qruplaşmanın həyata keçirdiyi saxtakarlıqdır. Bəlkə heç həmin şəxslər bilmirlər ki, Dağlıq Qarabağ nədir, harda yerləşir? Sadəcə pul alaraq iş görürlər. Faktiki olaraq bu gün Dağlıq Qarabağ ərazisində yaşayan ermənilər Ermənistan Respublikasının pasportu ilə təmin olunublar. Amma bu sənədlərdə onların Dağlıq Qarabağda yaşadıqları qeyd olunmayıb”.

İsmayıl