Erməni Türkiyədə baş nazirin müşaviri oldu

Əhməd Davudoğlunun imzası Azərbaycanda sərt qarşılandı





Erməni əsilli jurnalist-yazıçı Etyan Mahçupyanın Türkiyə baş nazirinin baş müşaviri təyin olunması ölkəmizdə birmənalı qarşılanmayıb. İlk kəskin reaksiya Böyük Quruluş Partiyasının (BQP) sədri, millət vəkili Fazil Mustafadan gəlib.

Buna ciddi narazılıq ifadə edən təşkilat rəhbəri qonşu ölkənin yeni baş naziri Əhməd Davudoğlunu qınayıb. O deyib ki, qondarma erməni soyqırımının 100 illiyinə 6 ay qalmış rəsmi Türkiyə sadəlövh dünyanı bəzi şeylərə inandırmağa çalışacaq: "Yəni göstərəcəklər ki, bizdə soyqırım olsaydı, erməni əsilli bir şəxs hökumətdə post tuta bilməzdi. Bilmirəm təbrik teleqramı göndərək, yoxsa sevincimizi içimizdə boğaq. Əlbəttə, erməni də olsa, Türkiyə vətəndaşıdır, istənilən posta gətirilə bilər. Ancaq verəcəyi məsləhətlərin və tövsiyələrin nəticələrini xüsusilə Azərbaycanda ciddi təhlil etmək lazım gələcək”.

Millət vəkilinin qənaətincə, bundan sonra Dağlıq Qarabağ barədə Türkiyədən gələn fikir və mülahizələrdə Mahçupyanın beyninin töhfələrini seçib arıtlamaq üçün Xarici İşlər Nazirliyimizin üzərinə xeyli iş düşəcək.

Bunun təəssüf doğurduğunu deyən "Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu "Şərq”ə açıqlamasında qeyd edib ki, Azərbaycan türklərinin ürəyini qıracaq bir addımdır: "Azərbaycan türkü olmasaydım, məsələni başqa cür dəyərləndirərdim. Amma Allaha şükürlər olsun ki, Azərbaycan türküyəm. Ermənilər Azərbaycana və türk millətinə qarşı düşmənçilik siyasəti yürüdürlər. Ona görə də Türkiyə iqtidarının xoş məramı ermənilər tərəfindən tam tərsinə qavranılır. Nəticədə isə Azərbaycan türklərinin ürəyi qırılır. Türkiyəyə o qədər də yaxşı münasibəti olmayan dövlətlərin təqdirinə görə, Azərbaycan türklərini bu dərəcədə küsdürmək olmaz”.

R.Arifoğlu onu da diqqətə çatdırıb ki, Türkiyə baş nazirinin yanında bir erməninin olması həmişə nəzərdə saxlanılmalıdır: "Onun Davudoğluya çıxış imkanları yaranır. Bu məsələdən azərbaycanlılar qazanmır. Dünyanın hansısa qüdrətli ölkəsinin baş naziri yanında belə kadrımız olsaydı, təbii ki, biz də sevinərdik. Bu, bədnam qonşularımızın xeyrinədir”.

Azərbaycan Demokrat Partiyasının (ADR) sədri Sərdar Cəlaloğu isə düşünür ki, demokratik ölkələrdə dövlət vəzifələrinə təyin edilənlərin milli kimliyi və dini təriqəti nəzərə alınmamalıdır: "Demokratiya bu cür keyfiyyətlərdən üstdə duran məsələdir: "Türkiyə demokratik respublikadır. Milli kimliyə görə ayrı-seçkilik edə bilməz. Kürdlərin Türkiyəni parçalayıb, dövlət yaratmaq niyyətlərinə baxmayaraq nazir postu tutan kürd əsilli insanlar var. Bu, Osmanlı dönəmindən gəlir. Həmin dövrdə Osmanlı sultanlarının baş vəzirləri başqa millətlərdən olub. Osmanlı tarixində erməni paşalar və vəzirlər çox olub. Ona görə, burda xüsusi məna axtarmağa ehtiyac yoxdur. Türkiyə böyük dövlətdir. Orda ayrı-ayrı şəxslərin hansısa vəzifələrdə çalışması ölkəni zəiflədə bilməz. Bu, həmin dövlətin özünə güvənindən xəbər verir”.

Partiya sədri onu da əlavə edib ki, dövlətin siyasətini müşavirlər təyin etmir: "Rəsmi Ankara qərar verməzdən öncə ən azı 6-7 müxtəlif tədqiqat mərkəzinin və ayrı-ayrı nazirliyin mövqelərini alır. Bundan sonra ümumi münasibət müəyyənləşir. Bir müşavirin sözü ilə Dağlıq Qarabağ

münaqişəsi əleyhinə qərar qəbul ediləcəyi inandırıcı deyil. Türkiyədə qərarların qəbulu uzunmüddətli və çoxtərəflidir”.

Ayyət Əhməd