Poroşenko şans qazandı

Prezident baş nazirlə birgə problemin həllinə başlamalıdır


Ukraynada Ali Radaya növbədənkənar seçkilər başa çatıb. Keçirilmiş "exit-pol”un nəticələrinə əsasən, hazırkı prezident Petro Poroşenkonun bloku 23 faiz səslə liderdir. İkinci yerdə 21,3 faiz səslə "Xalq Cəbhəsi”dir. Məlumata görə, seçki günü Ukrayna prezidenti P.Poroşenko Donbasa səfər edib.

O, Donetsk vilayətinin separatçılardan təmizlənmiş Kramatorsk şəhərində seçki məntəqəsində olub. Dövlət başçısı ukraynalı hərbçilərlə də görüşüb. Daha sonra Kiyevə qayıdaraq, səs verib. "Gələcəyə, Avropa istiqamətində inkişafa səs verdim. Əminəm ki, bizdə yeni hökumət, yeni avropameyilli koalisiya və yeni parlament olacaq”. Məlumat üçün bildirək ki, Ukraynada beş il müddətinə 423 deputat seçiləcək. Onların 198-i təkmandatlı majoritar dairələrdən, 225-i isə 5 faizlik həddi keçən partiyaların siyahısı ilə mandat qazanacaq.

Seçkilərin ölkənin ictimai, siyasi və iqtisadi həyatına gətirəcəyi yeniliklər barədə "Şərq”ə danışan "Atlas” Araşdırmalar Mərkəzinin sədri Elxan Şahinoğlu bunları deyib: "Donbasda separatçıların fəallığı artıb. Hökumət ölkəyə nəzarət edə bilmir. Büdcə kəsiri var. Enerji qıtlığı yaşanır. Kreditlərə ehtiyac yaranıb. Daxildə siyasi qruplaşmalar arasında gərginlik mövcuddur. Prezident dərin problemlərlə üz-üzədir. Onları həll etməlidir. Bunun üçün işlək parlament lazımdır. Seçkinin nəticəsinə uyğun olaraq, prezidentin bloku öndədir. "Xalq Cəbhəsi” də ikinci yerdədir. Ölkə üçün ən böyük uğurdur. İki blok birləşib koalision hökumət formalaşdıra bilər. Bu, vəziyyəti müəyyən qədər yaxşılaşdırar”.

Birinci maydan hərəkatlarına diqqət çəkən ekspert qeyd edib ki, Poroşenko Yeşenkonun siyasi taleyini təkrarlamamaq üçün baş nazirlə birgə problemin həllinə girişməlidir: "İndiki iqtidarın əlinə böyük şans düşüb. İslahatlar aparmalıdır. Yeni parlamentdə ruspərəst və kommunist partiyası yoxdur. İmkanlardan uğurla faydalanmaq lazımdır. Əks halda, parlamentdə nifaq baş qaldıra bilər. Yenidən parlament seçkilərinin keçirilməsinə ehtiyac yaranar. Xalqın yeni liderə inamı da azalar. Yenidən inqilabi vəziyyət yaranarsa, rəsmi Kiyev tab gətirməyəcək. Ağır vəziyyətə düşəcək”.

Ayyət Əhməd