Televiziyaların sosial çarxlara qadağası...

Qulu Məhərrəmli: “Telerəhbərlər mənasız verilişlərdən vaxt ayırıb, ictimai çarxlara geniş meydan verməl”dirlər”
Elçin Əlibəyli: “Azərbaycan kinosu yeniyetmələri həyata hazırlayan faydalı nə verib? Bu sualın cavabı yoxdur”


Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bəzi teleməkanların növbəti qüsurunu üzə çıxarıb. O bildirib ki, əksər telekanallarda sosial çarxlar yayımlanmır. Ona görə də qanunvericiliyə dəyişiklik edilməlidir. Qurum sədrinin sözlərinə görə, həmin çarxların reklam vaxtına aid edilməsi yanlışdır: "Məsələ qanunvericilik formasında həllini tapmalıdır. Belə olan halda istənilən televiziya kanalı sosial çarxları sərbəst verə biləcək”.

N.Məhərrəmli hesab edir ki, hazırda ölkəmizdə sosial çarxlara böyük ehtiyac duyulur: "Bu, ciddi məsələdir. Bəzən nazirliklərimiz, komitələrimiz vəsait ödəyib, sosial çarx hazırlayırlar, amma efirdə yayımlanmasına vəsait ödəmək istəmirlər. Özəl televiziya kanalları isə öz fəaliyyətlərini qanunvericiliyə uyğun qurur və ona bir saatda 12 dəqiqə reklam vaxtı verilir. Həmin sosial çarxı 12 dəqiqəlik reklamın içərisində verirsə, təbii ki, o öz fəaliyyətini qurmaq üçün maddi vəsaitdən məhrum olur. Qanunvericilikdə ya televiziya kanallarının üzərinə müəyyən bir öhdəlik qoyulmalıdır, ya da ki, dövlət büdcəsindən maliyyələşən televiziya kanalları ilə bağlı ayrıca bənd olmalıdır”.

MTRŞ sədrinin açıqlamasını dəyərləndirən tanınmış telejurnalist, media eksperti Qulu Məhərrəmli isə "Şərq”ə açıqlamasında buna lüzum görülmədiyini deyib. Mütəxəssisin qənaətincə, hər xırda məsələyə görə qanunda dəyişiklik etmək olmaz: "Düzdü, sosial çarxları bütün televiziyalar verməlidir. Həmin görüntülər təhsil, səhiyyə, insan həyatı və təhlküəsizliklə əlaqədar ola bilər. Bunun reklam vaxtı göstərilməsi də mümkündür, çünki sosial reklamlar televiziyanın cəmiyyətə xidmətidir. Telerəhbərlər mənasız verilişlərdən vaxt ayırıb, ictimai çarxlara geniş meydan verməlidirlər. Bu, onların birbaşa funksiyasına daxildir. Teleməkanlar cəmiyyətin maraqlarını əsas götürməlidir. Bunu qanuna dəyişiklik etmədən də reallaşdırmaq olar. Belə çarxlar vaxtilə teleməkanların əksəriyyətində gedir, çox da normal qarşılanırdı”.

İctimai reklamların cəmiyyətin maariflənməsindəki faydasından söz açan Q.Məhərrəmli vurğulayıb ki, kiçik həcmli "videoroliklər” insanları düzgün davranışa çağırmalıdır: "Sosial çarxların missiyası cəmiyyətə müəyyən mesajlar verməkdən və ictimai problemlərə diqqət yönəltməkdən ibarətdir. Belə olan təqdirdə cəmiyyət üzvləri sosial problemləri duya bilir. Bu baxımdan sosial çarxlar çox vacibdir”.

Ekspert bəyan edib ki, sözügedən məsələ beynəlxalq təcrübədə də mövcuddur: "Hətta CNN kimi ən böyük kommersiya televiziyası belə ictimai çarxlara geniş yer verir. BBC-nin də əsasını belə sosial çarxlar təşkil edir. Buna Azərbaycan televiziyaları da doğma yanaşmalıdır”.

MTRŞ sədrinin təklifini dəstəkləyən tanınmış telejurnalist Elçin Əlibəyli diqqətə çatdırıb ki, sosial çarxlar teleməkanların cəmiyyət qarşısındakı öhdəliklərindən biridir: "Onların ictimai məsuliyyəti sayılır. Telekanallar buna əməl etməlidirlər. Çarxların məqsədi cəmiyyətin maarifləndirilməsidir. İnsanların informasiya təminatını televiziya təmin etməlidir. Nuşirəvan müəllim doğru qeyd edib ki, bəzi hallarda sosial reklamlar adi reklam blokuna daxil edilir. Bu da arzuolunan effekti vermir. Bəzən televiziyalar kommersiya reklamları çox olduğuna görə sosial çarxların yerləşdirilməsinin mümkünsüzlüyündən gileylənirlər. Bax, bu məsələ yalnız qanunla tənzimlənə, televiziyaların qarşısına konkret öhdəlik qoyula bilər. Hətta qanunun sərtləşdirilməsinin də tərəfdarıyam. Konkret vaxt limiti də qoyulmalıdır. Hər bir teleməkanın qarşısına ayda neçə dəqiqə və ya neçə saat həcmində sosial reklam yerləşdirməsi barədə şərt qoyulmalıdır. Bu olmayacağı halda vəziyyət indiki kimi da qalacaq. Bəziləri vaxtında verəcək, bəziləri isə imtina edəcəklər”.

Bununla yanaşı, telejurnalist zənn edir ki, dövlət televiziyalarında kommersiya reklamlarının yerləşdirilməsinin qarşısının alınması barədə də dəyişikliklər olmalıdır: "Dövlət büdcəsindən maliyyələşən telekanallarda kommersiya reklamının göstərilməsi məntiqsizdir. Həmin vaxtı sosial çarxlara ayırsalar, daha faydalı olar”.

İctimai çarxların cəmiyyət üçün önəmli olduğunu düşünən E.Əlibəylinin fikrincə, cəmiyyətdəki dözülməz mədəniyyət aşınmalarını və qeyri-insani rəftarları yalnız sosial çarxlarla tənzimləmək çox mürəkkəbdir: "Son zamanlar cəmiyyətdə daha qəliz vəziyyət yaranıb. Bacı öz bacısının başını kəsir. Ərli qadın evli kişiyə qoşulub, qaçır. Oğul anasını qətlə yetirir. Cəmiyyətdə bu cür içacıdan hallar yaşanır. Məsələlər daha amansız məcraya gəlib. Xeyli vaxt itirmişik. Bu barədə bir məqalə də yazmışdım. Qeyd etmişdim ki, bu illər ərzində ölkəmizdə ailə modelinin dəyərlərini müəyyənləşdirəcək bir bədii serial ortaya qoyulmayıb. Baxın, son zamanlar çəkilən yerli serialların əksəriyyəti kriminala həsr olunur. Belə seriallarda normal ailə münasibətlərini tənzimləyəcək bir tematikanın şahidi olmuruq. Sovet dönəmində çəkilən filmlərdə ailə modeli təbliğ edilirdi. Lakin müstəqillik dövründə Azərbaycan ailəsinin necə olması barədə heç bir film yoxdur. Sovetlər zamanı məktəblərdə ailə dərsliyi tədris edilir, ailə münasibətləri və onun möhkəm prinsipləri təlqin olunurdu. İndi o da yoxdur. Serialda göstərmirik. Çizgi filmi çəkmirik. Bunlar yoxdursa, yeniyetmələri nəylə tərbiyə etməliyik? Ailədə mədəniyyət almayan yeniyetmə də böyüyüb bacısının başını kəsir. Biz ona nə vermişik. Nə öyrətmişik? Azərbaycan kinosu yeniyetmələri həyata hazırlayan faydalı nə verib? Bu sualın cavabı yoxdur. Anlayıram, ölkəmizdə də tarixi filmlər çəkilməlidir. Bunu mən də dəstəkləyirəm. Lakin yeniyetmələrə həsr olunan film yoxdur. Bunlar olmayacağı halda tükürpədici hadisələrin baş verməsi gözləniləndir. Gənclər əcnəbi seriallara baxır və müəyyən səhnələri görürlər. Həmin hadisələr onlar üçün adiləşir. Və gənclər də elə biabırçı hadisələrə yol verirlər. Əcnəbi seriallarla münasibətdə alternativ qoymalı idik. Mədəniyyət immuniteti yaratmalı idik. Yaratmadıq”.

Ayyət Əhməd