“Ayılın, postmodernistlər, siz çoxdan uduzmusunuz”

Həmid Herisçinin ittihamlarına Qan Turalı və Aqşin Yenisey cavab verdilər



Tanınmış teleaparıcı, yazar Həmid Herisçi Azərbaycan ədəbiyyatında yeni cərəyan olan postmodernizm janrının nümayəndələrini tənqid edib.
Fikirlərini sosial şəbəkə istifadəçiləri ilə bölüşən Herisçi hesab edir ki, bəzi yazarlar, AYO-çular, AYB-çilər, ədəbi saytlar özlərindən qondarma ədəbi proses yaratmaqla Kafkanı, Saramaqonu və digərlərini cəmiyyətə sırımağa çalışırlar: "Ədəbiyyatdakı əsl həqiqi acı mənzərə isə bax budur - meyxanaçılar, əruz-qəzəl aşiqləri bütün xalq məclislərində birincilik qazanaraq xalqın saqqızını da oğurlayıblar, zövqünü də. Yüzlərlə meyxanaçı, əruz şairləri ədəbi prosesi öz əllərinə alıblar. Şairlik təbii indi onlardadır. İndi bu şifahi ədəbiyyat yazılı ədəbiyyatı yeməyə başlayıb. 17-18-yaşlı gənc meyxanaçılar bütün meydanlara yiyələniblər. İndi nə Səməd Vurğun şeiri var, nə də Rəsul Rza məktəbi. Sərbəst şeir yazanları barmaqla hesablamaq olar. Hanı Ramiz Rövşən, Vaqif Bayatlı Odər şeiri? Salam, Aqşin Yeniseylər, Elxan Zallar, Murad Köhnəqalalar, Rasim Qaracalar? Xalq birmənalı şəkildə öz könlünü meyxanaya, əruza bağışlayıb, yuxarıdakı imzaları əsla tanımır. Meyxana şairləri isə sosial şəbəkələrdə milyonlarla tamaşaçılarının sayını hər gün artırırlar.

Ədəbi tənqidçilər, qanturalılar, sayt rəhbərləri nə qədər ağız büzsələr də bu, günümüzün reallığıdır. Qanturalılara bütün bunları görmək, müzakirəyə çıxarmaq əsla sərf etmir. Postmodernist sayt rəhbərləri oxucu yığmaq naminə nə qədər pornoqrafik şeirlər, şəkillər çap etsələr də, xeyri yoxdur. Şeir aşiqləri heç vaxt qanturalıların saytlarına baxmayacaq, oradakı qondarma ədəbi prosesə ciddi fikir verməyəcəklər. Klassik Şərqə, Şərq şeirinə yer verməyən bu saytlar, dərgilər bu gün öz əməllərinin acı nəticələriylə üzləşiblər - xalq könlünü verib bu klassik şeir yazarlarına... Nə vaxtadək qanturalılar bunu gözardı edəcək, həqiqətin gözü içinə dik baxmayacaqlar? Pornoqrafik şeirlər, yazılarla həm özlərini aldadacaqlar, həm də öz azsaylı oxucularını? Ayılın, postmodernistlər... Siz ədəbi mübarizəni çoxdan uduzubsuz. Sovet şeiri vaxtilə əruzçuları, meyxanaçıları min bir əzabla bir kənara itələmişdi. Siz bunun varisləri olmadız. Sovet ənənələrini də itirdiz, klassik Şərq ənənələrini də... Qaldız öz yalanlarınızla tək-tənha...”

Yazar Qan Turalının isə Həmid Herisçiyə cavabı çox qısa və ironik olub. Hətta postmodernist yazar haqqında deyilənlərə əhəmiyyət vermədi desək, daha doğru olar: "Həmid Herisçidən xahiş edirəm bu ünvana getsin: 2 saylı klinik psixiatriya xəstəxanası; S.Rüstəm küç. 40; Telefon: 440-42-21”.

Aqşin Yenisey isə hesab edir ki, Həmid Herisçi ədəbiyyatımızın ümumi görünüşünü "Polaroid” fotoaparatı kimi tez və dəqiq çəkib: "Marketləşən dünyada ədəbiyyatı ümumi prosesdən ayırıb onun ilkinliyinin, bakirəliyinin xiffətini çəkmək, sadəcə, ədəbi deyingənlikdir. Bu təqribən ona bənzəyir ki, Lahıc kəndində misdən qazan düzəldən və bunu babalarından qalan sənətin ölməməsi naminə etdiyini deyən dəmirçi ailəsi bütün dünya mətbəxlərini işğal etmiş, qazanın kralını yaradan "Tefal” şirkəti ilə rəqabət eşqinə düşür. Bu gün ədəbiyyatda Həmid bəyin gününə ağladığı şairlər elə Lahıc misgərləri kimi sənəti ölməyə qoymayan qan-tər içində tək-tənha yazıb-yaradan əsl "özü üçün” yazanlardı. Ədəbi saytlar isə, sadəcə, şair, yazıçı işləmək istəyənlər üçün açılmış iş yerləridir. Nəinki ədəbiyyat, bir müddət əvvəl öz tamaşaçılarını insan qəddarlığının misilsizliyi ilə cəlb edən kino janrı özü belə "Youtube”yə qoyulan canlı başkəsmə, gözçıxarma, edam səhnələrinə uduzur. Hətta bu yaxınlarda Orta Şərqdə yeniyetmələri orta əsr qaydaları ilə edam etdilər. Meyxananın, qəzəlin dirilməsi müasir ədəbiyyatımızın edama qayıdışıdır”.

Şəymən