Nizami Cəfərov: “Bu gün özlərini postmodernist adlandıran gənclərin yaratdığı ədəbiyyat artıq sürtülür”
Tanınmış teleaparıcı, yazar Həmid Herisçi Azərbaycan ədəbiyyatında yeni cərəyan olan postmoderizm janrının nümayəndələrini tənqid edib.
Fikirlərini sosial şəbəkə istifadəçiləri ilə bölüşən Herisçi hesab edir ki, Yazarlar Birliyi, AYO-çular, ədəbi saytlar özlərindən qondarma ədəbi proses yaratmaqla Kafkanı, Saramaqonu və digərlərini cəmiyyətə sırımağa çalışırlar. Onun postmodernistlər haqqında yazdıqları isə yazarlar arasında heç də birmənalı qarşılanmadı. Yazarlar arasında yaşanan bu qalmaqala münasibət bildirən Milli Məclisin Mədəniyyət komitəsinin sədri, millət vəkili, akademik Nizami Cəfərov Həmid Herisçinin fikirləri ilə müəyyən mənada həmrəy olduğunu deyib:
"Həmid Herisçiyə və onun fikirlərinə bir yazar və jurnalist olaraq böyük hörmətim var. Əslində mən Həmid Herisçiyə filosof-publisist deyərdim. O, bir yazardan daha çox düşüncə adamıdır. Onun hazırkı ədəbi prosesləri dəyərləndirməsi də müəyyən mənada düzgün hesab oluna bilər.
Klassik ədəbiyyatı indiki meyxanaların, pornoqrafik şeirlərin üstələməsi kimi fikirlər doğrudur. Amma bir məsələ var ki, bütün bu proseslərin getməsi təbiidir.
Tarix elə bir şeydir ki, istər-istəməz bu günün kölgəsində qalır. İnsan canlı varlıq olduğu üçün daim yeniliklər edir. Faktiki olaraq, bu gün Homer də, Şekspir də, Nizami Gəncəvi, Hüseyn Cavid və Səməd Vurğun da bizim kölgəmizdədir. Çünki biz tək ədəbiyyatın həyatını yaşamırıq. Biz bütövlükdə həyatın özünü yaşayırıq. Dediyim kimi, tarix bu günün kölgəsidir, amma bu o mənaya gəlmir ki, bu gün tarixdən daha istedadlı, daha tərbiyəvi, daha müdrikdir. Bu, mümkün olan şey deyil. Bu mənada Həmid Herisçi ilə razıyam ki, bu gün yaranan ədəbiyyat, xüsusilə də özlərini postmodernist adlandıran gənclərin yaratdığı ədəbiyyat artıq sürtülür. Bu cür terminologiyalar Azərbaycan mühiti üçün özündə heç nə ifadə eləmir. Ümumiyyətlə bu gün Azərbaycanda gedən ədəbi, mədəni proseslərə postmodernizm kimi terminalogiyaların tətbiq olunması mümkün deyil. Çünki bu cür cərəyanlar öz mənbələrində artıq həyatlarını yaşayıb, sona çatdırıblar. Bizim yenidən həmin cərəyanları yaşatmağımız, yaşamağımız düzgün deyil. Bu gün özlərini postmodernist adlandıran gənclərin əsərləri heç vaxt Səməd Vurğunun, Rəsul Rzanın yaradıcılığını kölgədə qoya bilməz. Ona görə ki, əsəri yazanlar gənc olsa da, onların özlərini aid etdikləri cərəyan da artıq tarixdir”.
Nizami Cəfərovun sözlərinə görə, bugünkü gənclik və gənc ədəbi proses 40-50 il bundan əvvəlki xələflərindən ancaq onunla fərqlənirlər ki, bunlar əsl ədəbiyyat yox, daha çox özlərini göstərmək uğrunda mübarizə aparırlar və bu mübarizə pornoqrafiya həddinə qədər gəlib çatıb: "Bax, Həmid Herisçi burada tamamilə haqlıdır. İndiki gənc ədəbiyyatçılar oxucu yığmaq naminə nədən desən yazarlar”.
Həmid Herisçinin vaxtı ilə sovet şeirinin min bir əzabla kənara itələdiyi meyxanaçıların, əruzçuların yenidən xalq məclislərində birincilik qazanması, xalqın "saqqız”ını oğurlaması ilə bağlı iradlarına gəldikdə isə millət vəkili deyib ki, sovetin bu janrlardan imtina etməsi hələ meyxana ilə qəzəlin sənət olmadığı demək deyil: "Sovet ədəbiyyatı meyxana ilə yanaşı, digər klassik şeir standartlarını qəzəli, bayatını arxa plana keçirdi və sərbəst vəznə qeyri-məhdud bir səlahiyyət verdi. Əslində vaxtı ilə bu, böyük bir hadisə kimi dəyərləndirildi və böyük ədəbiyyat da yarandı. Amma bir müddət keçəndən sonra köhnə şeirin ən böyük düşmənlərindən biri olan Süleyman Rüstəm gözəl qəzəlləri ilə yadda qaldı. Ən əsası isə ədəbiyyatın sovet ədəbiyyatı adlandığı bir dövrdə də Əliağa Vahid oxundu və sevildi. Meyxana janrı da həmçinin. Vaxtı ilə meyxana həvəskarları ancaq Bakı kəndlərində idi. Amma indi bütün ölkə ərazisində meyxana deyənlərin də, həvəskarların da sayı artıb. Ədəbiyyatı bir az bilən adam kimi deyim ki, pis də demirlər. Çox gözəl də bacarırlar. Meyxananın geniş yayılmasında Həmid Herisçinin yazdığı kimi bir təhlükə görmürəm. Burada sənət də, tənqid də, maraqlı fikir də var. Əslində Həmid Herisçinin meyxanadan xoşu gəlmədiyinə inanmıram. O, birbaşa nihilist ola bilməz, çünki ədəbiyyatı bilən adamdır”.
Şəymən