Çildağçılar artıq sosial şəbəkələrdə aktivləşiblər

Alxas Əlimərdanov: "Mən də, həyat yoldaşım da çildağ etməklə məşğuluq. Qadınlar müraciət edəndə həyat yoldaşım qəbul edir"
"Kimisi nədənsə qorxur, deyir, canımda elə bil qorxu var. Eləsi var, başağrısına görə gəlir. Eləsi var, kiminsə ruhu onu narahat edir, yuxusuna gəlir, qorxur"


Pediatr Vaqif Qarayev: "Səmimiyyətimə inanın, o nəzir qutularına atılan pulları yığsaq, nə qədər uşağı xəstəliklərdən xilas edə bilərik"



Azərbaycan kinosunun şedevrlərindən biri - «Dərviş Parisi partladır» filmində rəhmətlik Ədil İsgəndərovun canlandırdığı Hatəmxan Ağa obrazının firənglərlə (fransızlar) biz müsəlmanlar (yəni, azərbaycanlılar) arasındakı fərqliliyə izah verməsi yadınızdadır?

«Biz məclisdə papaqla oturarıq, onlar papaqsız, biz xörəyi əllə yeyərik, onlar qaşıqla, bizdə aşikarə peşkəş var, onlarda gizli, bizdə çox arvad almaq olar, onlarda çox kişi almaq, bizlər hər şeyə inanarıq, onlar heç zada inanmazlar». Sonuncunun üzərində dayanırıq; Hər şeyə inanmağımızın. 

İnandıqlarımızdan biri də çildağdır. Nə qədər insan var ki, 21-ci əsrdə də çildağa üz tutur və inanaraq da bunun xeyrini gördüyünü, vəziyyətinin yaxşılığa doğru dəyişdiyini bildirir. Çildağ üsulu ilə müalicə xüsusilə Bakı kəndlərində yayılıb. Maştağa kəndi bu məsələdə yaxşı mənada ad çıxarıb. Mərdəkanda da çildağ kimi tanınan ziyarətgah var. Qısaca, məlumat verək ki, Mərdəkanda "Çildağ” kimi də tanınan "Pir Həsən” ziyarətgahı XVI əsrə aid tikilidir. Ziyarətgahın həyətində yeddinci imam Musa əl-Kaziminin qızı Həzrəti Xədicənin qəbri üzərində tikilən türbə, həmçinin XVII əsrdə yaşamış və çildağla (közlə müalicə) məşğul olmuş Pir Həsənin də türbəsi var.

Həmçinin Azərbaycanın xeyriyyəçi milyonçusu Zeynalabdin Tağıyevin büstü də burada yerləşir. Büstün sağ tərəfində kiçik dəmir hasarlarla əhatəyə alınan türbə tikilib. Türbənin mərkəzində Axund Hacı Mirzə Əbdülturab Axundzadənin qəbri, onun ətrafında isə Hacı Zeynalabdin Tağıyev, onun qızı Sara xanımın və repressiya qurbanı olmuş Səlimxanov Zeynal bəy Ağabəy oğlunun qəbirləri var.
Bu pirin müqəddəsliyinə tapınan insanlar bura həm də öz qorxularını götürmək, bədnəzəri özlərindən uzaqlaşdırmaq üçün qədim Şərq müalicə üsulu olan «çildağ müalicəsi» almaq məqsədilə üz tuturlar.
Maştağa kəndində də çildağ ocağı kimi tanınan bir neçə məkan var. Onlardan ən məşhuru mərhum meyxanaçı Ağasəlim Çildağın adıyla bağlı olub.

Çildağçılar indi artıq müasirləşiblər və sosial şəbəkələrdə aktivdirlər. Bir neçə gün əvvəl sosial şəbəkələrdə Alxas Əlimərdanov adlı şəxsin çildağla bağlı elanına gözümüz dəydi. Elanda bildirilirdi ki, Maştağa kəndində Alxas Əlimərdanov çildağ üsulu ilə qorxunu, qarabasmanı dəf edir, gözdəyməni aradan qaldırır, nəzər duası yazır və sairə. Maraqlandıq və Alxas qardaşımıza telefon açdıq. Çildağ ustası sosial şəbəkələrdə aktiv olduğunu, lakin bəzən işinin çoxluğundan yazışmalarda iştirak edə bilmədiyini dedi. Onu da öyrəndik ki, Alxas Əlimərdanov 55 yaşındadır və uzun illərdir çildağ müalicə üsulu ilə məşğuldur:

- Mən də, həyat yoldaşım da çildağ etməklə məşğuluq. Qadınlar müraciət edəndə həyat yoldaşım qəbul edir.

- Müraciət edənlər çoxmu olur?
- Olanda olur. Az olan vaxtı da olur, çox olan vaxtı da.
- Bəs razı qalanlar necə?
- Razı qalan da olur…
- Əsasən hansı narahatlığa görə çildağa gəlirlər?

- Müxtəlif səbəblərdən. Kimisi nədənsə qorxur, deyir, canımda elə bil qorxu var. Eləsi var, başağrısına görə gəlir. Eləsi var, kiminsə ruhu onu narahat edir, yuxusuna gəlir, qorxur.

- Belə halda ona nə kimi yardım edirsiniz?

- Qadındısa, örpəyini gətirir, balaca bir soğan, bir də çörək parçası. Soğanı örpəyin arasına büküb başının altına qoymasını tapşırırıq. Sonra soğanı tullayırlar. Dua da yazıram. Ərəb əlifbasını bilirəm. Duaları özüm yazıram.

- Alxas müəllim, çildağı tibb elmi qəbul edirmi?

- Mən uzun illər, hardasa 10 il televiziyada «Eskulap» verilişində daim iştirak etmişəm. Çildağ xalq təbabətidir. Əslində, Şərq təbabətidir. Biz xalq təbabəti deyirik. Bunun elmi tərəfini hələ ki, heç kim sübut etməyib. Amma gərək sübut edəsən. Senzuradan keçəsən. İynə terapiyasının özü də Şərq təbabətidir. Çinlilər bundan geniş istifadə edir. İynə terapiyası artıq təsdiqlənib, klinikalarda istifadə edilir bu üsuldan, həkimlər də məsləhət görür. Nə vaxtsa çildağ da təsdiqlənəcək.

- Ailənizdə bu işlə sizdən əvvəl kimsə məşğul olub?

- Babam molla olub. Çox bilikliymiş. Mən də çildağla məşğul oldum. Çöpçülükdü, qanalmadı, bunlar hamısı xalq təbabətidir. Qədimdə indiki kimi həkimlik yox idi axı. Bilikli, savadlı, xüsusi qabiliyyətli insanlar vardı ki, boğaz, udlağı təmizləyirdi, qan alırdı. Bu işləri görən adamlara udundar deyirlər. Rus dilində bunun adı «znaxar»dı. Udundar, yəni çöpçülük edən, qan alan, dağ basma – çildağ yoluyla qorxunu götürən və sairə.

A.Əlimərdanovdan çildağ olunmağın qiymətini də soruşduq, lakin o, «mən heç kimə konkret qiymət demirəm. Kimin nəyə gücü çatır, onu verir» dedi.

Bəs tibb elmi çildağı qəbul edirmi?

Pediatr Vaqif Qarayev «Şərq»ə açıqlamasında bildirdi ki, görülən hər bir işin izahı verilməlidir:
- Mən buna inanc demək istəmirəm. Biz 21-ci əsrin hardasa 20 ilini arxada qoyuruq artıq. Miflərə, əsatirlərə inanmayaq gərək. Mənimlə feysbuk üzərindən mübahisə edən, çildağı, çöpçülüyü «tərifləyən» valideynlər var, uşağın vəziyyəti ağırlaşanda həkimin üzərinə gedirlər ki, tez ol, övladımı xilas et. Bunu pirə, ocağa aparıb ağırlaşdırmaqdansa, əvvəldən həkimə gətirəydiniz də!.. Bilirəm, çoxları deyəcək ki, elm xalq təbabətini, inancları qəbul etmir və sairə. Mənim qəti fikrim budur ki, hər bir əməlin konkret izahı olmalıdır. Çildağ edən, çöp çıxaran, dağ basan… hər nə isə, bunun izahını verə bilirlərmi? Əgər izahını verə bilmirlərsə və bunu hansısa gözəgörünməz qüvvəyə bağlayırlarsa, bu, fırıldaqdan başqa bir şey deyil. Bilirəm, yenə mənim üzərimə gələcəklər, qoy gəlsinlər. Mən doğru bildiyimi söyləyirəm. Təbabətin zəif inkişaf etdiyi dövrlərdə bu işləri qəbul etmək olardı. Tarixin elə dövrləri olub ki, həkim də az olub, dərmanlar, müalicə üsulları olmayıb. Amma biz 21-ci əsrdə yaşayırıq!.. Qədim zamanlarda qızılca xəstəliyinə Allahın lütfü kimi baxanlar və bunu bayram edənlər olub. Qırmızı rənglərlə bəzəyiblər evlərini, qırmızı geyiniblər, qırmızı pərdə, qırmızı xalı salıblar. Heyvanların boynuna qırmızı bağlayıb qurbanlıq kəsiblər ki, bu bəladan qurtulaq. İndi də, təsəvvür etməzsiniz, valideynlər var ki, uşağı qızılca xəstəliyinə tutulur, həkimə aparmır. İnanc hər bir insanın şəxsi işi, şəxsi istəyidir. Ancaq inancın faydası nədir, nəticə nədir, bunu düşünmək lazımdır. Əgər bu inanc insanlara zərər verirsə, onun harası yaxşıdır? 

Mən heyrət edirəm ki, niyə məhz müsəlmanlar arasında belə şeylərə inanırlar? Valideynlər mənə açıq deyir ki, uşağı çöpçüyə aparmışıq. Bu məsələlərdə televiziyaların da günahı böyükdür. Televiziyalar ekstrasensləri, falçıları efirə çıxarır. O gün biri deyir ki, ekstrasensliklə xərçəngi müalicə edirəm. Soruşurlar, necə edirsiz ki, xərçəng xəstəsi sağalır? Deyir, daha onu deyə bilmərəm, qoy həkimlər desin. Lap ağır da olsa söyləyəcəm; bəs onda sənin nə ölümün azıb televiziyada? Sən «elədiyin» işin məsuliyyətini həkimlərin üzərinə niyə atmalısan?! Mollalar da, çöpçülər də televiziyada, feysbukda özünü reklam edir. Mən hər kəsin inancına hörmətlə yanaşıram. Amma siz də səmimiyyətimə inanın, o nəzir qutularına atılan pulları yığsaq, nə qədər uşağı xəstəliklərdən xilas edə bilərik.

Məlahət Rzayeva