Fədayə Laçının yeni MƏHKƏMƏSİ BAŞLADI




Bakıda məhbusların qaçmasına kömək göstərməkdə təqsirləndirilən müğənni Fədayə Laçının və digərlərin barələrində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

Lent.az-ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənlərin anket məlumatları və apellyasiya şikayətinin dəlilləri araşdırılıb.

Prosesdə məlum olub ki, Əli Ağami apellyasiya şikayəti verməyib.

Məhkəmədə vəkillər apellyasiya şikayətini qismən istintaq yolu aparılmasını istəyiblər.
Tərlan Zeynalovun və Eynulla Vəliyevin vəkili müvəkkili barəsində cinayət işinə xitam verilməsini və dərhal azadlığa buraxılmasına tələb edib.

Məhkəmə vəsatətlərlə bağlı müşavirəyə gedib.
Hakimlər kollegiyasının qərarına əsasən, vəsatətlər təmin edilməyib.
Məhkəmə baxışı martın 11-ə təyin edilib.

Qeyd edək ki, 2017-ci il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə müğənni Fədayə Laçın 5 il, Penitensiar Xidmətin tabor komandiri Bəhruz Abdullayev 9 il, qarovul rəisi Ceyhun Səmədov 9 il, müavinləri - Tural Poladxanov 8 il 6 ay, Fuad Hacıyev 8 il 6 ay, taksi sürücüsü Məhəmməd Hacıyev 7 il, Günay Atakişiyeva 6 il, Aqil Nəcəfov 9 il, İsrafil Soltanov 7 il, Şahmar Bəyəlizadə 7 il, Tərlan Zeynalov 7 il, Anar Əsgərov 7 il və Əli Ağami (cəzaları birləşdirilib) 20 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmə əsasən, B.Abdullayevin ittiham olunduğu Cinayət Məcəlləsini 179-cu (mənimsəmə) maddəsinə bəraət verilib və 311-ci (rüşvət alma) maddəsi isə ittihamdan xaric olunub. Hökmdən narazı qalan F.Laçın və digərləri apellyasiya şikayəti veriblər.