Sanksiyalar Rusiyanı çökdürəcək

Eyni zamanda ölkənin maliyyə bazarı ciddi risk altına düşəcək



ABŞ Prezidenti Donald Tramp Ukraynadakı vəziyyətə görə Rusiyaya qarşı tətbiq olunmuş sanksiyaların müddətini daha bir il müddətinə uzadıb. Ağ Evin məlumatında bildirilir ki, Rusiyanın regiondakı hərəkətləri ABŞ-ın milli təhlükəsizlik və xarici siyasət maraqlarına fövqəladə dərəcədə təhlükə yaradır. Bir müddət əvvəl Rusiya rəsmiləri sanksiyalarla Qərbin məqsədinə çata bilməyəcəyini söyləyərək Ağ Ev rəhbərliyini bu siyasətdən vaz keçməyə səsləmişdi. Lakin Moskva tərəfindən verilən açıqlamadan üç-dörd gün sonra Donald Tramp sanksiyaları daha bir il uzatdı. Ekspertlərə görə, ABŞ prezidentinin bu addımı Rusiyaya qarşı sərt siyasətin uzun müddət davam edəcəyi anlamına gəlir. Həmçinin, analitiklərin fikrincə, iqtisadi sanksiyaların uzadılması Rusiyanı əsaslı şəkildə zəiflədəcək.

Trampın qərarını "Şərq”ə dəyərləndirən politoloq Azər Rəşidoğlu hesab edir ki, bu sanksiyalar tam reallaşarsa, Rusiya əsas regional layihələrdə iştirakdan mərhum olacaq. Eyni zamanda ölkənin maliyyə bazarı ciddi risk altına düşəcək: 

"Bu kontekstdən rublun kursu yenə də gündəmə gəlməkdədir. Aydındır ki, sanksiyalar Rusiyanın valyuta bazarına təsirsiz ötüşməyəcək. Buna görə də, sanksiyaların necə tətbiq olunması və eləcə də Avropa Birliyinin mövqeyi rublun taleyi baxımdan əhəmiyyətli olacaq. Rusiyanın makro-iqtisadi göstəricilərinin təhlili deməyə əsas verir ki, yeni sanksiyalar tam miqyası ilə tətbiq olunduğu halda rublun yenidən dəyərsizləşməsinin qarşısını almaq çətinləşəcək. Sanksiyaların tam gücü ilə tətbiq olunacağı və xüsusən də Avropa Birliyinin əsas dövlətlərinin bu qadağalara qoşulacağı təqdirdə ilin sonuna doğru rubla təzyiq kəskin artacaq. Bu halda rublun yenidən dəyərsizləşməsi qaçılmaz ola bilər”.

Ekspert vurğulayıb ki, Rusiya pulunun dəyərsizləşməsi iqtisadi baxımdan Azərbaycan üçün də arzuolunan deyil: 

"Bu hal Rusiyaya ixracatımıza, orada yaşayan həmyerlilərimizin iqtisadi aktivliyinə təsir göstərir. İxrac olunan kənd təsərrüfatı məhsullarımızın 90 faizinin Rusiya bazarına göndərildiyini, remitensinin həcminin 1 milyard dollardan çox olduğunu nəzərə alsaq, bu təsirləri qiymətləndirmək çətin olmaz. Ucuz rubl manatın məzənnəsi üçün də arzuolunan sayılmır”.

İsmayıl