Qadınların avtobusda yer tələbi bəzən əndazəni aşır

Lalə Mehralı: "Günahın hamısı kişilərdədir, pis öyrədiblər onları"
Cavid İmamoğlu: "Bəzən olur ki, insan halsız, yorğun olur, ona görə oturmağı labüddür. Qarşılıqlı məsuliyyət olmalıdır"


Elnur Rüstəmov: "İctimai nəqliyyatda isə kiməsə yer verilməsi ilə bağlı insanlara basqı etmək olmaz. Ancaq başqalarına hörmət etmək lazımdır"


"Dünən avtobusda Elananı oturtmuşam, yatıb uşaq oturduğu yerdə, özüm ayaqüstəyəm. 30-35 yaşında bir qadın girdi avtobusa, gördü oturmağa yer yoxdu, ucadan soruşdu ki, bu uşaq kimindir? Bir az aralı dayanmışdım, dedim mənim”. Bu sözləri sosioloq Lalə Mehralı şəxsi feysbuk hesabında yazıb. Sosioloqun sözlərinə görə, həmin qadın ondan uşağı qucağına almağı tələb edib. Səbəbini soruşduqda isə təkrar "alın da yer yoxdur” deyib: "Yoxdur minməyin. Çiynini atıb uzaqlaşdı. Məntiqə bax, uşaq qucağımda ayaq üstə gedəcəm, bu oturacaq. Günahın hamısı kişilərdədir, pis öyrətmisiz onları, indi də avtobusda yer olmayanda az qalırlar boynumuzda otursunlar. Keçən dəfə 28-də bir oğlan axsaya-axsaya mindi, sürücü kömək elədi boş yerlərdən birində oturdu, ayağını qatlaya bilmirdi, qabağa uzatdı bir az. 15 dəqiqə yol gəldik, azı 15 qadın onun ayağına dəydi qəsdən, qalxıb yer vermədiyi üçün”.
Qeyd edək ki, qadınların avtobusda yer tələbi ilə bağlı ilk narazılıq deyil bu.

Dəfələrlə qadınların avtobusda oturan oğlanlara, gənc qızlara, hətta uşaqlara belə tənəli baxışlarının şahidi olmuşuq. Halbuki əksər gənclər özlərindən böyüklərə, yaşlı insanlara, uşaqlı qadınlara güzəşt edirlər. Sadəcə olaraq bəzi hallarda haqsız tələblər onları qıcıqlandırır və oturduqları yerdən tərpənmirlər.

Həmişə davranış qaydalarını insanların öz vicdanının diktə etdiyini nəzərə alsaq, heç kəsi yerini kiməsə verməyə, başqasına hörmətlə yanaşmağa məcbur etmək də olmaz. Əgər o kimsə uşaqdırsa, qadının yer tələb etməsi isə absurddur.

Məsələyə ümumi yanaşan sosioloq Cavid İmamoğlunun fikrincə, problemin kökündə marşrut qıtlığı dayanır. O deyib ki, belə bir vəziyyətin yaranmasının ən birinci səbəbi budur ki, ictimai nəqliyyatdaşımanı həyata keçirən şirkətlər xəttə kifayət qədər marşrut buraxmırlar. Bu da öz-özlüyündə qıtlığa gətirib çıxarır: 

"Əgər biz 30 il əvvəlki dövrü indiki dövrlə müqayisə etsək, deyə bilərik ki, belə problemlər olmurdu. Çünki marşrut sayı əhali sıxlığına nisbətən düzgün verilib”.

Sosioloq hesab edir ki, son illər Bakı şəhərində sıxlaşma, insan axınının Bakı şəhəri ətrafında formalaşması ictimai nəqliyyatda böhran yaranmasına səbəb olub:

 "Nəticədə nəqliyyat daxilində insanların biri-birinə münasibəti məsələsi ortalığa çıxıb. Bəzən marşrutlarda xüsusən, pik saatlarda bir yerə 10 namizəd olur. Onlardan biri hamilə, yaşlı, uşaqlı, mədəniyyətli, biri mədəniyyətsiz ola bilər. Nəticə etibarı ilə bu cür davalar qaçılmazdır”.

Sosial məsuliyyət anlayışında müəyyən geriləmələr olduğunu qeyd edən sosioloqa görə, bunu mənəvi geriləmə də hesab edə bilərik: 

"Çünki yaşlı insanlara, hamilələrə, əlillərə, uşaqlara üstünlük vermək özü bir məsuliyyətdir. Amma bu şəxslər də başa düşməlidirlər. Bəzən olur ki, insan halsız, yorğun olur, ona görə oturmağı labüddür. Qarşılıqlı məsuliyyət olmalıdır. Hər iki tərəf biri-birini başa düşməlidir. Məsələn, adam desin ki, mən xəstəyəm, özümü yaxşı hiss etmirəm, ayağa qalxa bilmərəm. Amma ümumi müşahidələr bunu göstərir ki, ictimai nəqliyyatda üstünlük verilən şəxslərə hörmət azalıb. Yəni cavan nəsil qocaya yer verməyin ona nə kimi fayda verəcəyini başa düşmür. O elə bilir ki, nə qədər tez gedib otursa "qabağa” düşəcək. Bu "qabağa düşmək” psixologiyası ilə yaşlılara hörmətsizlik etməyə başlayırlar”.

Psixoloq Elnur Rüstəmov da hesab edir ki, ictimai nəqliyyatda başqalarına yer vermək və ya verməmək insanlara bağlı məqamdır. Belə ki, bu, müəyyən qədər də bizim etnopsixologiyamızdan qaynaqlanır:

 "Elə ölkələr var ki, bu proses onlar üçün prioritet təşkil etmir. Amma Azərbaycan etnopsixologiyasında hətta evə böyük gələndə ayağa dururuq, özümüzə nəzarət edirik və s. Bu, bizim genimizdədir. İctimai nəqliyyatda isə kiməsə yer verilməsi ilə bağlı insanlara basqı etmək olmaz. Ancaq başqalarına hörmət etmək lazımdır. Əgər yanında böyük, hərəkət imkanı məhdud olan insan, hamilə qadın, qoca varsa, ona yer vermək olar. 

Ancaq kimsə yer vermirsə, onu qınaq obyektinə çevirmək düzgün deyil. Bəlkə həmin adamın səhhətində problem var? Bəlkə o, yorğundur, bəlkə özünü pis hiss edir?". Bəzən bu kimi hallarla bağlı sosial şəbəkələrdə də aqressiv yanaşmanın meydana çıxdığını deyən psixoloqun sözlərinə görə, bu münasibət gənc nəsillə yaşlılar arasında uçuruma səbəb ola, onların arasında güvənsizliyə gətirib çıxara bilər: "Ona görə bu məqamı diqqətdə saxlamaq lazımdır".

Şəymən